Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik qanadlı sözlərlə düzülüb-qoşulan saysız-hesabsız atalar sözü, məsəllər, deyimlər, kəlamlar, bayatılar, lətifələr, salnamələr həmin dupduru çeşmənin büllur damlaları, zərrəsidirlər.

Müəyyən zamanda, gözlənilməz şəraitdə yaranan məzəli əhvalatlar, ifadə edilmiş kəlamlar, deyimlər dildən-dilə, ağızdan-ağıza keçərək, yayılmağa başlayır. Yüksək bədii dəyərə, məna siqlətinə və tərbiyəvi əhəmiyyətə malik bu folklor nümunələri məqamında fikrin istinad nöqtəsinə çevrilərək insanların gərəyinə yetir, köməyinə çatır.

Respublikamızın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da belə zəngin folklor nümunələrinə geniş rast gəlinir. Onların arasında bölgə həyatının müxtəlif dönəmlərinə aid müdrik kəlamlar, deyimlər, lətifələr, məsəllər xüsusi yer tutur. Bu sərrast, mükəmməl şifahi xalq ədəbiyyatı nümunələrinin çoxusu ayrı-ayrı dövrlərdə yaşamış rayon sakinlərinin adları ilə bağlıdır. Təbii ki, sözügedən bədii nümunələr arasında müəllifi bəlli olmayanlar da az deyil. Belə maraqlı deyim faktlarının onların müəllifi və səbəbkarı olan şəxslərin adlarının itib-batmaması və gələcək nəsillərə çatdırılması olduqca vacibdir. Odur ki, həmin nümunələrin toplanılaraq dərc edilməsinə bu gün zəruri ehtiyac yaranıb. Yaranma tarixi nisbətən yaxın dövrlərə, XIX əsrin sonlarına, XX əsrə aid bir çox gülüş doğuran əhvalatlar, zarafatlar, baməzə adamlarla bağlı kəlamları, deyimləri, ifadələri ilk təşəbbüs kimi bu yazıda sizə təqdim etmək qərarına gəldik.

Yeri gəlmişkən, qeyd edək ki, təqdim olunan nümunələr, əsasən, bir vaxtlar indiki Ağcabədi ərazisində mövcud olan Ağcabədi və Xəlfərəddin kəndlərinə məxsus Qurd, Hacı Əli (Ejəli) binələrinin sakinləri ilə əlaqədardır. Rayonun digər qəsəbə və kəndlərinə aid nümunələrin tədqiq edilməsi, toplanılaraq çap olunması da mühüm vəzifələrdəndir.

Kişinin qapısından keçərlər. Ağcabədidə, onun hüdudlarından kənarda məşhur olan bu məsəl yaxın qonşu və qohum olan baqqal Maşa Əsədlə bənna Məmmədtağı kişi arasındakı zarafatla bağlıdır. Usta Məmmədtağının evinin ətrafı hasarsız imiş. Ancaq qarşı tərəfdən çarpaz taxtalarla mismarlanmış doqqaz qoyulubmuş. Hər tərəf açıqlıq olduğu üçün ondan istifadə edilmirmiş. Günlərin bir günü günorta vaxtı Maşa Əsəd uzunqulağını minərək, gəlib başlayır doqqazı əsa ilə döyməyə. İsti yay günü olduğu üçün ev sahibləri yatıblarmış.

Məmmədtağı kişi səsə oyanaraq, hövlnak həyətə çıxır. O, Maşa Əsədi doqqazın qabağında görüb deyir: – Oranı niyə döyürsən, hər tərəf açıqdır, içəriyə keçə bilmirsən? Maşa Əsəd tövrünü pozmadan doqqazı ona sökdürüb, məhləyə daxil olur və ucadan belə deyir: Kişinin qapısından keçərlər. O, həyətdə dövr edib, doqqazdan çıxaraq, yolunu davam etdirib.

Sarayın Ələddini kimisən. Bu məsəl Xəlfərəddin sakinləri Haşıralı qızı (Hacı Şiralı) Saray arvad və onun oğul nəvəsi Ələddinlə əlaqədardır. Saray arvad ölü yerlərinə (yas mərasimlərinə) gedəndə Ələddin ardınca düşürmüş. Bu, onda artıq vərdiş halını alıbmış. Nənə də ehsan yesin deyə, Ələddinin bu hərəkətinə etiraz etməzmiş. O, dilində, geri qayıt, söyləsə də, əli ilə gəl işarəsi verirmiş.

Dəm yeniş, dəm yoxuş. Bu deyim Ağcabədi sakini Nadir Zeyniyevlə əlaqədardır. Bu gün də kimsə tərəqqidən düşəndə misal kimi işlədilir.

Alseyidin atına dönmüsən. Bu məsəl isə Ağcabədidə yaşayan Alseyid adlı bir ağsaqqal ilə bağlıdır. Ağsaçlı, iri gövdəli, buxara papaqlı bu adam böyük ağ rəngli atını minib daim nəzir yığırmış. Nəzirverən salam deməmiş at özü onun yanında dayanırmış.

Halvanın partiyaya dəxli yoxdur. Bu misal ötən əsrin 60-cı illərində kolxoz partiya təşkilatı katibi işləyən şəxslə əlaqədardır. Sovet hökumətinin kəsə-kəs vaxtlarında həmin partkom məhərrəmlik mərasimi ilə bağlı halva bişirtdirib ehsan kimi camaata paylayıbmış. Bu hadisə rayonda böyük hay-küyə səbəb olub. İş o yerə çatıb ki, bu məsələ rayon partiya komitəsinin bürosunda müzakirəyə çıxarılıb. Bu səbəbdən partkomun üçot vərəqinə yazılmaqla şəxsi işinə töhmət verilməsi və tutduğu vəzifədən azad olunması barədə qərar çıxarılıb. Bu kişi də iclasda söz alıb deyir: Yaxşı eləyirsiniz məni cəzalandırırsınız, ancaq bilmirəm, halvanın partiyaya nə dəxli var?

Bu sözdən hamı gülüşür. Veriləcək cəzanın yersiz olduğu üzə çıxır. Beləliklə, partkom canını cəzadan qurtarır.

Səhliyalı kimisən. Bu məsəl yenə ötən əsrin 60-cı illərində rayon mərkəzində yaşamış Səhliyalı adlı bir şəxslə əlaqədar yaranıb. Səhliyalı kişi gündə Kürə piyada iki dəfə gedərək, ovçulardan balıq alıb-satmaqla məşğul olurmuş. Bu gün də ağcabədililər arasında küçədə boş-boşuna gəzənlərə Səhliyalısan deyirlər.

İstixarə edirsən. Məsəli rayonda bir vaxtlar yaxşı tanınan dindar Rövzə Məhəmmədin adı ilə bağlıdır. Əqidəli və dini inanclara riayət edən bu şəxs bir işə başlamamışdan, harasa getməmişdən qabaq təsbeh çevirib, istixarə edirmiş. O, istixarə nəhs gətirəndə işini təxirə salıb, bir addım belə, atmazmış. Odur ki, kimsə gedəcəyi yerə gecikəndə, işi ləngidəndə ona, istixarə edirsən, deyirlər…

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com