Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi ilə sözügedən kənd mərkəzində bulaq kompleksi inşa edilib. Xatirə bulaq kompleksi üzərində şəhidlərin mərmərdən rəsmləri həkk olunub.

Adıçəkilən xatirə bulaq kompleksi xeyirxah kənd sakinlərinin təşəbbüs və dəstəyi ilə hazırlanıb, ətrafı abadlaşdırılıb.

Bu günlərdə xatirə bulaq komleksinin açılış mərasimi keçirilib. Mərasimdə rayon icra hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin rəisi polkovnik-leytenant Qabil Rzayev, kənd sakinləri, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, şəhidlərin doğmaları, kənd icra və bələdiyyə nümayəndələri, media mənsubları iştirak ediblər.

Açılış mərasimində çıxış edənlər Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına həlak olmuş İmamqulubəyli kəndinin igid oğulları haqqında öz ürək sözlərini bölüşüblər. Qeyd olunub ki, onların əziz xatirəsi həmişə hörmətlə anılır, adları böyük ehtiramla yad olunur. Kənddə tikilib istifadəyə verilən bulaq kompleksi onların xatirəsinə olan el məhəbbətinin təcəssümüdür.

Tədbirin sonunda kənd məktəblilərinin təqdim etdikləri ədəbi-bədii kompozisiya iştirakçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər