Bağçılıq təsərrüfatı genişləndirilir

         Son illər rayonumuzda bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq ayrı-ayrı şəxslər, fermer təsərrüfatı rəhbərləri, mütəxəssislər özlərinə məxsus olan pay torpaqlarında bağ salmaq işləri ilə geniş məşğul olmağa başlayıblar.

Bağsalma tədbirləri şəhər mərkəzində, rayonun qəsəbə və kəndlərində böyük vüsət alıb. Təcrübəli kənd təsərrüfatı mütəxəssisi, Təzəkənd kənd sakini Əsgərxan Muxtarov də belə şəxslərdəndir. O, 2019-cu ildən bağçılıqla məşğul olur. Onun rəhbərliyi altında sözügedən kənd ərazisində yerləşən pay torpağının 3,8 hektar sahəsində müxtəlif meyvə ağaclarından ibarət geniş bağ salınıb. Bağda məhsuldar növlərdən olan Göyçə alçası, qoz, nar, xurma ağacları yetişdirilir. Göstərilən yüksək aqrotexniki tədbirlər nəticəsində ağaclar yaxşı inkişaf edir. Yaxın vaxtlarda həmin ağaclardan bol məhsul götürülməsi gözlənilir. Səriştəli təsərrüfatçı həyətyanı torpaq sahəsində 80 ədəddən çox limon ağacları da yetişdirib. Özünün dediyinə görə, hər ağacdan il ərzində 200 ədəddən çox limon götürməyə nail olur.

Söhbət zamanı Əsgərxan Muxtarov bağ salmaq həvəsinin peşəsi ilə əlaqədar olduğunu vurğulayıb. O, 1971-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Həmin vaxtdan ixtisasına uyğun olaraq, rayonda fəaliyyət göstərən üzümçülük sovxozunda çalışan gənc aqronom burada təcrübəli mütəxəssis kimi formalaşıb. Sonralar o, Ə.Bünyadov və M.Ə.Sabir adına kolxozlarda fəaliyyətini davam etdirib. Kolxoz quruluşunun dağılması ilə əlaqədar olaraq, Əsgərxan Muxtarov pay torpağında əkinçilik işləri ilə məşğul olub. O, əvvəlcə pambıq, yonca əkini və heyvandarlıq sahəsində özünü sınayıb. Onun dediyi kimi, həmin sahələrdə heç də pis nəticələr əldə olunmayıb. Lakin Əsgərxan kişi daha çox bağçılıqla məşğul olmağa üstünlük verib. Bu sahədən xüsusi zövq aldığını vurğulayan təcrübəli təsərrüfatçı bağçılıq təsərrüfatını bundan sonra daha da inkişaf etdirmək fikrində olduğunu bildirib.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər