28 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kənd tam orta məktəbində səyyar qəbul keçirdi. Sözügedən kənd sakinləri ilə keçirilən görüşdə icra başçısı ilə birlikdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və mətbuat nümayəndəsi olaraq mən də iştirak edirdim.
Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüş iştirakçılarını salamladıqdan sonra son iki il ərzində pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq yerlərdə təşkil olunan görüşlərə, qəbullara, tədbirlərə müvəqqəti fasilə verildiyini bildirdi. Buna baxmayaraq, həmin müddətdə sakinlərin MOB Mərkəzinə daxil olan istək və tələblərinə ,ərizə və müraciətlərə operativ şəkildə baxıldığını da vurğuladı. 2022-ci il mart ayının ilk günlərindən etibarən dövlət orqanlarında vətəndaşların qrup və fərdi qaydada qəbulunun bərpa olunduğunu diqqətə çatdıran icra başçısı, həmçinin əlavə etdi ki, sakinlər mütəmadi olaraq rayonun müxtəlif ərazilərində təşkil olunacaq səyyar görüşlərlə bağlı məlumatlandırılırlar.
3 saata yaxın davam edən qəbulda, vətəndaşların problemlərini, istək və xahişlərini dinləyən R.Hüseynov qəbulda iştirak edən səlahiyyətli şəxslərə bu məsələlərlə bağlı yerindəcə öz tapşırıqlarını verdi.
Ancaq mən bu yazıda daha çox, rayon rəhbərinin ölkənin daxili və xarici siyasətiylə bağlı fikirlərinə, 44 günlük Vətən müharibəsinə, Ağcabədi rayonunun bu müharibədəki roluna və yerinə, ələlxüsus başqa vacib, gündəm nüanslara diqqət çəkərək, vurğuladığı məsələlərə toxunmaq istərdim.
İcra Başçısı sözə ölkə rəhbərinin 22 Aprel 2022-ci il tarixdə Şuşa şəhərində səfərdə olarkən etdiyi çıxışını xatırladaraq başladı: “Biz hamımız – həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu müqəddəs günü yaxınlaşdırmalıyıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi”
R.Hüseynov qeyd etdi ki, Ağcabədi sakinləri müharibə zamanı istər öz vətənpərvərliyi, şücaəti, qəhrəmanlığı, istər, başqa rayonlardan müharibənin törətdiyi fəsad və fəlakətlərdən qorunmaq məqsədilə Ağcabədiyə üz tutan həmvətənlərinə göstərdiyi qonaqpərvərlik, istiqanlılıq istərsə də, mənfur düşmənin yağdırdığı bombalar altındakı dözümüylə həm seçilir, həm də ölkə başçısının vurğuladığı xalq birliyinin önəmli parçasını təşkil edirdi. Təkcə Ağcabədidə kənar rayon və şəhərlərdən gələn 20.000 nəfərədək müvəqqəti qaçqınların məskunlaşmasını, burada yerləşən “N” saylı hərbi hissələrin müharibə vaxtı göstərdiyi şücaətini, həmçinin camaatın orduya olan diqqətini bunun əsas göstəricisi hesab etmək olar.
Rayon rəhbəri ölkənin siyasi vəziyyətilə bağlı fikirlərini ictimaiyyətlə bölüşərkən vurğuladı ki, bu gün Azərbaycanın daxili və xarici siyasəti önəmli zəfərlə dünyaya səs salan qalib ölkə prinsipinə əsaslanır. Məhz elə bu qalibiyyətə görə də, artıq regionda güc mərkəzinə çevrilən Azərbaycan öz gücünü daha da artırır və beynəlxalq mövqeyi davamlı olaraq daha da möhkəmlənir. Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu çoxşaxəli inkişaf və sabitliyi təmin edib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır.
Sonda isə, bir çox məsələlərin, öz həllini tapdığı əhatəli mövzulara toxunulan qəbul haqda fikirlərimi qeyd etmək istəyirəm ki, tək bu görüş kifayət edir ki, yaxın gələcəyə baxdıqda, Ağcabədi sakinləri daha gözəl, daha güclü və daha abad bir yurdda qayğısız yaşayacağını əminliklə deyə bilək. Çünki hər bir rayon sakini şahiddir ki, son illərdə rayonumuzda köklü və əsaslı dəyişikliklər baş vermiş, bir çox ciddi məsələ öz həllini tapmışdır. Və bu prosesin axarlı olması da, rəhbərlik üçün tək amaldır.
Orxan KƏRİMOV