Ekoloji təfəkkürlə mədəniyyətin sosial sferada münasibətləri haqqında

Mədəniyyət problemi əsrlər boyu insanları düşündürmüşdür. Son iki əsrdə isə mədəniyyətlə yanaşı, daha çox diqqət çəkən məsələlərdən biri də ekoloji problemlərdir. Aydın şəkildə diqqəti çəkən budur ki, insanın qayğı, həyəcan və iztirablarının mənbəyi heç də onun özündən kənarda, mövcud olan mühitdə deyildir. Əksinə, onun özündədir, tələbatları ilə onların ödənilməsinin imkan və üsulları arasındakı disharmoniyadadır. Bu tələbatlar da çox vaxt kifayət qədər mədəni xarakter daşımır. Əslində kortəbii surətdə artan tələbatların ödənilməsi imkanları heç də hüdudsuz deyildir. Nəticədə, məlum olur ki, sosial – mədəni proqramlar daim şişirdilməkdə davam edir və təbii tormozlara malik olmur. Öz təbiəti etibarı ilə insan ətraf mühitlə əbədi bağlıdır. Bu zaman aydın olur ki, ərk və şıltaqlar mədəni olmağın göstəricisi deyildir, əksinə o qeyri – mədəniliyin sosial eqoizmin və məhdudluğun ifadəsidir. Deməli, hal – hazırda cəmiyyətin gələcəyi uğrunda mübarizə subyektiv sahəyə çevrilir. İndi bu mübarizə ekoloji şüur və təfəkkürün formalaşdırılması xəttinə keçirilir. Buraya müasir sivilizasiyanın idarə olunmasının ekoloji prinsiplərinin işlənib hazırlanması, ekoloji elmin ixtiyarına əsasən mədəni dəyərlərin təşkili, ekoloji böhranın təsiri altında mədəni dəyərlərin optimizasiyası və sair daxildir.

Əslində, ekologiya canlı varlıqların ətraf mühitlə əlaqəsini öyrənən elmdir. Bu elmi ekosistem və bütövlükdə biosferin təkamülü maraqlandırır. XX əsrin 20 – ci illərindən başlayaraq, bu elm təbiətdən səmərəli istifadə və canlı orqanizmlərin mühafizəsinin əsasları kimi formalaşmışdır. XX əsrin sonunda isə cəmiyyət və ətraf mühitin qarşılıqlı təsirini öyrənən, həmçinin ətraf mühitin mühafizəsinin praktiki problemlərini öyrənən sosial – ekologiya elmi meydana gəlib. Onun bölmələrindən biri Ekoloji etika adlanır. Həmin bölmənin bəşəriyyətin mədəni inkişafındakı rolu misilsizdir. Bir elm kimi ekologiya bir sıra anlayışlara əsaslanır. Onların arasında mühüm biosfer mühüm yer tutur. Biosfer elə həyat sahəsidir ki, buraya canlı orqanizmlər, həm də onların məskun olduğu yer daxildir. Biosenoz bitki, heyvan, mikro – orqanizm və sairləri əhatə edir. Biosferin və biosenozun ayrılmaz iştirakçısı, şübhəsiz, böyük hərflərlə yazılmış İnsandır. İnsan təbiətdə, o cümlədən biosferdə kifayət qədər müəyyənləşdirilmiş yer tutur və biosenozun özünə məxsus zirvəsini yaradır. O bitki və heyvan növlərindən istehsal fəaliyyətində istifadə edir, onun sənaye və kənd təsərrüfatı fəaliyyətinin mərkəzləşdiyi yerin həmin regionlarının biosferində, xüsusilə biosenozunda əhəmiyyətli dəyişikliklər etməli olur.

Müasir sənayeni yaradan insan biosferi olduqca çətin vəziyyətə qoymuşdur. Ümumiyyətlə, insanların Yer üzünə yayılması, onların müxtəlif landşaftlara adaptasiyası ilə müşayiət olunmuşdur. Landşaft dedikdə, relyef, klimat, bitki və heyvan aləmi və sair ilə səciyyələnən təbii ərazi kompleksi başa düşülür. Landşaft xüsusi təbiət sistemidir və enerji mübadiləsini müəyyən edir. İnkişafın müasir mərhələsi, əsasən, antropogen xarakter daşıdığından insan özünün məqsədyönlü fəaliyyəti ilə planetimizdə təbiətin simasını əsaslı dərəcədə dəyişdirmişdir. Təbiətdən ayrılmış insan öz dünyasını yaratmışdır. Sosiosfera adlanan bu dünya özünə həm texnosferi, həm də ictimai münasibətləri və eləcə də mənəvi dəyərləri daxil edir. Lakin bütün hallarda insan təbiətlə əlaqəsini itirməyib və itirə də bilməzdi. Buradan da antroposfer anlayışı meydana çıxır ki, bu da özünə insanların yaratdığı texnikanı, ev heyvanlarını və mədəni bitkiləri öz ətrafında birləşdirir.

Mədəniyyətin formalaşması bütövlükdə, əkinçiliklə əlaqədardır. Torpağı, bitkiləri mədəniləşdirərək məhsul alan insan qeyri – iradi özünü təbiətə qarşı qoyaraq, fəaliyyətini və onun nəticələrini mədəniyyət kimi qiymətləndirib. Lakin hələ qədim dövrlərdən başlayaraq, hər bir xalqın mədəniyyəti ənənəvi inkişaf edərək, landşafta etnosun yaşadığı təbiətə müvafiq gəlmişdir. Özgə ənənələrin bura aid edilməsi landşaft üçün təhlükəli olmuşdur. Elə qədim dövrlərdən təbiətə qarşı zorakılıq insanlara baha başa gəlib. Qədim dövrlərdə ayrı-ayrı xalqların təbiətə münasibətdə uğursuzluq hesab etdikləri zəmanəmizdə dünya sivilizasiyasının faciəsi sayılır. XX əsrdə elmi – texniki tərəqqi ona gətirib çıxardı ki, biosfer insanın fəaliyyət sahəsinə daxil edildi, planetdə geoloji və bioloji amillərə onlarla müqayisə edilə bilən antropogen amillər də əlavə olundu. Maddələr və enerji mübadiləsinin Damokl qılıncı biosferin təbii özünün requlyasiya mexanizminin başı üzərində asılmışdır. Deməli, dünya sivilizasiyası Yerin təbiətinə qeyri – adekvat olduğunu, özünün zəifliyini görə bilmişdir. İllər keçdikcə insan biosferin məhsuldarlığını artırmaq üsullarını tapmışdır. Ona görə də humanizm onun aparıcı prinsipinə çevrilmişdir. İlk baxışdan, elə görünür ki, bu yolda insan üçün heç bir problem ola bilməz. Lakin XX əsr bu ümidləri dağıtdı. Məlum oldu ki, biosferin insan tərəfindən deformasiyası ən yüksək səviyyəyə çatmışdır. 70-ci illərdə ekspertlərə görə insanların təqsiri ucbatından Yer kürəsində 5 milyon kvadrat kilometr əkin sahəsi birdəfəlik sıradan çıxarılıb.

Elə buna görə məşhur fransız tədqiqatçısı J.Dorst qeyd edirdi ki, “insanın fəaliyyəti həmişə ekosistemi sadələşdirməyə və onun məhsullarını faydalı etməyə yönəldilmişdir”. Bu cür praktika təsərrüfatın monokultur inkişafında, ekosistemin deformasiyasında, məhsuldarlğın bioloji əsasının dağıdılmasında özünü göstərir.

İnsanlar özlərinin az mədəni, sadəcə olaraq kənd təsərrüfatı ekosisteminə amansız münasibətinə praktiklərin köməyi ilə aşağıdakı bəhanələrlə haqq qazandırmaq istiyirlər. Birincisi, gec- tez həm heyvanlar, həm də insanlar üçün qida məhsullarının biotexnoloji və sənaye yolu ilə hazırlanması mümkün olacaqdır. İkincisi, mövcud olan müxtəlif heyvan və bitki növlərinin tədqiqi nəticəsində insan üçün indi istifadə ediləndən “daha çox faydalı” və “daha yüksək məhsuldar” növlər aşkar ediləcəkdir. Hələ yunan müdrikləri məsləhət görürdülər: “Hər şeydə ölçünü gözlə!”. Mədəniyyətin bu prinsipini fundamental və ekoloji şüura daxil etməyin artıq vaxtı çatmışdır. Biosfer, onun məhsuldarlığı bitki və heyvanlar aləminin məhsullarından optimal istifadəsinin hüdudlarını müəyyənləşdirilməsinə ehtiyac yaranıb.

Məlum olduğu kimi, ekoloji problem qlobal problem kimi hazırda bütün planeti əhatə edir. Lakin hər yerdə eyni cür reaksiyaya səbəb olmur. Əslində isə, ekoloji mədəniyyət bütün bəşəriyyətin qayğı göstərməli olduğu bir məsələdir. Biosfer milli sərhədə malik deyildir. Ona görə də problemin həllində beynəlxalq əməkdaşlıq olduqca vacibdir. Bir sıra ölkələrdə ekoloji mədəniyyət Avropada formalaşan texnika kultuna qarşı olaraq yaradılıb.

Beləliklə, biosfer, həyat və insan kultu texnikanın bütün növlərdən olan kultuna qarşı çevrilib.

Mahir Səlimov,

ADPU Ağcabədi filialının direktor müavini,

fəlsəfə üzrə fəlsəfə doktoru

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər