İcra başçısının səyyar qəbulları davam edir

    Növbəti görüş Şahsevən kəndinin sakinləri ilə keçirilib

  Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun mütəmadi olaraq keçirdiyi  səyyar görüşlər bir çox problemlərin vaxtında öyrənilməsi və həll olunması baxımından böyük önəm daşıyır və sakinlər tərəfindən böyük minnətdarlıqla qarşılanır. Növbəti  qəbul mayın 25-də Şahsevən kəndində keçirilib. 

Rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Ağcabədi rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdirləri və məsul işçiləri, o cümlədən kənd ərazisində fəaliyyət göstərən idarə,təşkilat, müəssisə rəhbərlərinin iştirak etdiyi görüşdə çıxış edənicra başçsı Rafil Hüseynov koronavirus pandemiyası və 44 günlük müharibənin müəyyən dövrdə yaratdığı çətinliklərdən söz açıb və qeyd edib ki, ağcabədililər həmin ağır günlərdə birlik göstərməyi, çətin sınaqlardan keçməyi bacarıblar. Müharibə dövründə düşmənlə üz-üzəqalan Şahsevən kənd sakinlərinin də böyük cəsarət və əzmkarlıq nümayiş etdirməsindən, o cümlədən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə kəndin vətənpərvər oğullarının  göstərdiyi fəallıqdan söz açan rayon rəhbəri bütün bunları yüksək dəyərləndirib.

 Ölkəmizdə həyata keçirilən işlərdən danışan natiq vurğulayıb ki, indi qarşıda duran ən vacib məsələlərdən biri Qarabağın yenidən qurulması, məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına qaytarılmasıdır. İcra başçısı həmin ərazilərdə  tikilən tunellərin və hava limanlarının əhəmiyyətindən, bütün bunların Qarabağın gələcək inkişafına böyük töhfələr verəcəyindən də söz açıb. 

  Çıxışı zamanı Şahsevən kəndində görülən işlərə,həmçinin müəyyən problemlərə  diqqət çəkən R.Hüseynov sakinlərin də fikir və təkliflərini dinləyib. Kənd sakinləri Savalan Hacıyev, Lalə Fətəliyeva, Teymur Əliyev, Zəminə Hüseynova, Rafiq Əliyev və başqaları yeni məktəb binasının tikilməsi, köhnə artezian quyusunun bərpası, bəzi işıq dirəklərinin yenilənməsi ilə bağlı təkliflərini səsləndirib, içməli su və digər məsələlərlə bağlı çətinliklərini diqqətə çatdırıblar. Çıxış edənlər yalnız problemləri dilə gətirməyib, həmçinin ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən də söz açıb, görülən işlərə görə ölkə başçısına öz minnətdarlıqlarını ifadə ediblər.

   Qaldırılan məsələlər müzakirə olunub aidiyyatı məsul şəxslərə müvafiq tapşırıq və tövsiyyələr verilib.

     

  “ARAN”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər