Təcrübə məşğələləri yaxşı səmərə verir

         Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi tədris işlərini müasir səviyyədə qurur, tələbələrin bilikli və hazırlıqlı mütəxəssis kimi yetişmələri istiqamətində lazımi tədbirlər həyata keçirirlər. Məktəbin təcrübəli müəllim heyəti bu işdə illərdən bəri qazandıqları təcrübə əsasında şagirdlərin ixtisaslarına dərindən yiyələnmələri üçün əllərindən gələni əsirgəmirlər.

Peşə məktəbinin istehsalat təlim ustası ixtisasca aqronom olan Ramazan Vəliyev xeyli vaxtdır ki, burada çalışır. Ramazan müəllim Bitkiçilik mütəxəssisi qrupunun təcrübə rəhbəridir. Həmin qrupda 16 şagird təhsil alır. Onlar R. Vəliyevin rəhbərliyi altında tez-tez əkin sahələrində təsərrüfat işlərinin gedişi ilə tanış olurlar.  Şum traktorları, taxıl və pambıqyığan kombaynlar, çiyid səpən aqreqatlarla maraqlanan şagirdlər texnikanın sirlərinə iş başında bələd olur, biliklərini əyani şəkildə zənginləşdirirlər.

Hindarx qəsəbəsində fəaliyyət göstərən “Aqropark”da qarğıdalı səpinində, pambıqçılıqla məşğul olan fermerlərin Süleyman Əliyev və Raquf Qasımovun təsərrüfatlarında təcrübə keçən şagirdlər geniş məlumatlar əldə edirlər.

R.Vəliyevin dediklərinə görə, rəhbəri olduğu qrupun şagirdlərindən Bağır Bağırzadə, Səid Salmanov, Elgün Quliyev, Süleyman Süleymanov və başqaları əkin sahələrində təcrübə məşğələlərində daha çox fərqlənirlər. Söhbət zamanı R. Vəliyev onu da vurğulayıb ki, şagirdlərin kompleks becərmə işlərində müntəzəm iştirakı üçün təcrübə məşğələlərinin aparılması da planlaşdırılıb.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com