Prezident Zəngilana səfər etdi

Mayın 27-də  Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edib. Mərasimdə çıxış edən ölkə rəhbəri bildirib ki, rus imperiyasının dağılamasından sonra yaranan birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşadı. Həmin qısa müddət ərzində bir çox önəmli addımların  atıldığını vurğulayan ölkə rəhbəri Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinin daim hörmətlə anıldığını bildirib.

İ.Əliyev  həmçinin qeyd edib ki, dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. Bu faktı unutmaq olmaz. Bizim qədim diyarımız bizdən ayrı düşdü. XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. Bu tarixi də hər kəs bilməlidir. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. İndiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi.

  Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra atılan addımlardan söz açan ölkə başçısı  bildirib ki, 1993-cü ildə də eyni vəziyyətlə üzləşə bilərdik. Müstəqilliyimiz sözdə var idi, amma de-fakto yox idi. 1993-cü ildən  başlayaraq xalq ulu öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Bu gün burada olmağımız, Ağalı kəndinin açılışında iştirak etməyimiz məhz müstəqilliyimizin möhkəmlənməsinə bağlıdır.

      Beynəlxalq hüquqla bağlı danışarkən İ.Əliyev qeyd edib ki, özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Güc amili bundan sonra da dünyada hakim olacaq.

      Azərbaycanda hərbi  gücün artmasına diqqət çəkilərkən vurğulanıb ki,  dövlətimizin  hərbi gücü artır. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılıb, yeni texnikalar alınır. Və bundan sonra da biz bunu edəcəyik. Çünki güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Ölkəmiz sabitlik, təhlükəsizlik diyarıdır. Bunu artıq bütün dünya görür və bilir. Müstəqil olmasaydıq erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı şərtləndirən xarici amillər olub.

Ermənistanın acınacaqlı vəziyyəti göz qabağındadır, bu vəziyyət onların işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz.

Ermənistanın xarici havadarları Azərbaycan xalqını öz hədəfindən çəkindirə bilmədi. Azərbaycan xalqı güclü iradə göstərdi, birləşdi. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır.

 Ölkə başçısının vurğuladığı kimi, 44 günlük müharibədə Azərbaycan xalqı böyük birlik nümayiş etdirdi.Bəli, bu müharibə təkcə Azərbaycan Ordusunun yox, ümumilikdə Azərbaycan xalqının əzəmətini, gücünü, bölünməzliyini, öz rəhbərinin,öz ordusunun ətrafında necə sıx, necə bir olduğunu göstərdi. O zaman Ağcabədi rayonu özü  düşmənlə üz-üzə qalmasına baxmayaraq, digər rayonlardan müvəqqəti  olaraq bura sığınanlara qucaq açdı. 20 000 nəfərədək insan bu rayonda doğma ocaqlarında olduğu kimi isti münasibətlə qarşılandı. Əsas ehtiyacları təmin olundu. Rayon sakinləri əsl birlik,əsl vətənpərvərlik nümayiş etdirdilər. Şəhid ailələri diqqətdə saxlandı. Hər kəs yumruq kimi birləşdi,  bu ailələrin yanında oldu. Şəhid valideynləri itkilərə görə üsyan etmədi, ”Vətən sağ olsun!”  cümləsi şüara çevrildi onların dilində. Bəli, xalqımız uşaqdan böyüyə bu birliyin, dəmir yumruğun  parçası oldu, düşmənə, bütün dünyaya meydan oxudu.

    Prezident İlham Əliyev çıxışı zamanı ermənilərin işğal müddətində torpaqlarımızda həyata keçirdikləri etnik təmizləmə siyasətindən, şəhərlərimizin dağıntılara məruz qalmasından da danışıb. Bildirib ki, biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmamışıq, şəhər və kəndləri yerlə-yeksan etməmişik. Biz azərbaycanlıyıq, bu, bizə yaraşmaz. Bütün dünya bunu gördü ki, azərbaycanlılar necə məharətlə, peşəkarlıqla, fədakarlıqla və ləyaqətlə vuruşdular, öz vəzifə borclarını yerinə yetirdilər və Qarabağ münaqişəsini müharibədən sonra siyasi yollarla həll etdilər. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür. Sərhədlərin müəyyən olunması avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Qarabağ diyarı Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir.

     Ölkə başçısı vurğulayıb ki, Ermənistan sülh müqaviləsi imzalamaqdan boyun qaçırmağa can atırdı. Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir. Amma nəticə etibarilə biz buna da nail olduq. Zəngəzur dəhlizinin açılması önəmli məsələdir. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına görə artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Yəni, biz buna da nail oluruq. Əlbəttə ki, müharibənin nəticələrinin hesabına. Çünki biz qalib dövlətik, Ermənistan məğlub edilmiş dövlətdir.

     İlham Əliyev poştmünaqişə dövründə Azərbaycanın heç bir qeyri-real tələb irəli sürmədiyini bildirib. Natiq qeyd edib ki, ərazi bütövlüyü tanınılmalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır. Bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır. Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib. İndi nə isə əlavə etmək istəyir, amma əsas fundamental prinsiplər budur. O ki qaldı, ermənilərin Azərbaycanda yaşamasına – istər Qarabağ bölgəsində, istər başqa yerlərdə bu məsələdə heç bir problem yoxdur. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir.

Ölkə rəhbəri ermənilərin Azərbaycan ərazisində məskunlaşdırılması haqqında danışarkən bildirib ki, Rus-İran müharibəsindən sonra XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan ermənilər kütləvi surətdə köçürülüb və Azərbaycanda, Qarabağda məskunlaşdırılıb. Bu tarixi də hər kəs yaxşı bilir. O ki qaldı, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına, onun da heç bir əsası yox idi. Bu, qanunsuz bir addım idi, sadəcə olaraq, bir saat bombasını Azərbaycanın canına yerləşdirmək, istənilən an onu partlatmaq və xalqımızı məhv etmək məqsədi daşıyırdı. Heç bir əsası yox idi ki, orada hansısa bir muxtar vilayət yaradılsın.

Respublika Prezidenti  işğaldan azad edilən torpaqlarda həyata keçirilən yenidənqurma işləri haqqında danışarkən bildirib ki,  artıq bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb – “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Bir o qalıb ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar gəlsinlər, burada rahat yaşasınlar, müzəffər xalq kimi əbədi yaşasınlar. Belə də olacaq.  İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Avtomobil yollarının bir çoxu altı və dörd zolaqlıdır. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Ancaq hər kəs bilməlidir ki, görülən işlər asan başa gəlmir. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir. İnsanların qayıdışı üçün şərait olmalıdır. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, bütün qalan yerlər də bərpa ediləcək.

Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə də getmişdilər. Üç minə yaxın şəhidimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq.

Prezident sonda  çıxışı zamanı bildirdi ki,  minatəmizləmə işləri  hələ də davam edir. İnsanlar ancaq minalardan təmizlənmiş ərazilərə gedə bilərlər. Çünki bu təhlükə hələ də var, ermənilər həm işğal zamanı, həm də müharibədən sonra torpağımızdan çıxmaq üçün onlara vaxt verildiyi zaman yenə də bu çirkin əməllərə əl ataraq bir çox minalar basdırmışlar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər