Azərbaycan Tibb Universiteti Onkoloji Klinikasının təşəbbüşü ilə paytaxtdakı bəzi klinikalarda fəaliyyət göstərən könüllü həkimlər növbəti tibbi-humanitar yardım üçün Ağcabədi rayonda olublar.
Müxtəlif ixtisaslar üzrə 35 könüllü həkimdən ibarət komanda 500 nəfərədək şəhid ailəsi üzvü və qaziyə ödənişsiz xidmət göstərib.
Sözügedən aksiya zamanı müayinə üçün portativ usm və exo aparatları, həmçinin müalicəyə ehtiyacı olanları təmin etmək üçün müxtəlif adda və yüzlərlə insanı təmin edə biləcək miqdarda dərman preparatları da həkimlərin şəxsi büdcəsi hesabına tədarük edilib.
Həmin komandanın rəhbəri, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası – mammoloq cərrahı Kəmalə Əliyevanın verdiyi məlumata əsasən, onlar Ağcabədi rayonundan əvvəl ölkənin bir sıra rayon və şəhərlərində də bu səpkidə, silsilə aksiya keçiriblər.
Qeyd edək ki, keçirilmiş bütün aksiyalar skrininq xarakteri daşıyıb. Yəni müayinə zamanı vətəndaşlar ayrı-seçkilik edilmədən, bütün ixtisas həkimləri tərəfindən müayinə edilib. Konservativ müalicəyə ehtiyacı olanlara yerindəcə dərman preparatları verilib. Paralel olaraq, müayinə edilmiş və müalicə təyin olunmuş vətəndaşlarla mütəmadi əlaqə saxlanılır.
Hazırladı: Orxan KƏRİMOV