Əgər siz, may-iyun aylarında bir dəfə də olsa, Ağcabədi bazarında olmusunuzsa, demək mütləq bu şüarları eşitmisiniz :
“Nazirin alçasından qalmadı”
“Nazir əminin göyçəsinə tələsin”
Biz də Aran qəzeti olaraq, bu şüarların iziylə gedib çıxdıq, öz Göyçə alçasıyla Ağcabədi sakinlərinin dilindən düşməyən Nazir əminin bağına…
– Nazir əmi, salam. Əvvəla qonaqpərvərliyiniz üçün sizə təşəkkür edirik. Bir az bizə özünüz haqda danışın, həm biz, həm də oxucularımnız sizi tanısın.
– Xoş gəlmisiniz. Mən Quliyev Nazir Yelmar oğlu. 1948-ci ildə Ağcabədi rayonunun Aran kəndində anadan olmuşam. 1988-ci ilə qədər həmin kənddə yaşamış, sonra da rayonun özünə köçmüşəm. 4 övladım, 11 nəvəm var. Bağçılıqla, təsərrüfatla elə uşaqlıqdan öz kəndimizdə yaşadığım vaxtlardan məşğul olmuşam. Ancaq paralel olaraq, uzun illər həm də mühasib olaraq çalışmışam.
– Çox gözəl. Allah uzun ömür versin. Elə isə deyin görək, bu məşhur Nazir əminin bağ-bağça sevdası necə yarandı ?
– İlk dəfə 14 yaşım olanda ağac əkməyə və kiçik də olsa, meyvə ticarəti işlərinə başlamışam. Artıq 16-17 yaşımda Şuşa bazarına Ağcabədidən müxtəlif növdə meyvələr aparırdım. Yay aylarında həm gedib meyvə satır, həm də 2-3 gün Şuşanın əsrarəngiz təbiətində dincəlib qayıdırdım.
Ancaq o vaxtlar , elə sonralar da, bu işi peşəkar olaraq görmürdüm.
Ta ki, bir dəfə televiziyda Ulu Öndərin Göyçə alçasıyla bağlı videolentini izləyənə qədər. Onun alça yeyə-yeyə, səmimi söhbəti olan görüntüləri indi də gözümün qarşısındadır…Əsas da reportajdakı “Mən bu meyvəni görəndə özümü saxlaya bilmirəm” cümləsindən sonra qərara gəldim ki, bu meyvədən mütləq Ağcabədidə də olmalıdır. Və mən də bir tanışım sayəsində Naxçıvandan 20 alça tingi sifariş verdim. Onun da 20-sini elə öz həyətimdə əkdim. 19-u tutdu.
Bir müddət həyətimdə məşğul olduqdan sonra, o vaxt, (deyəsən 1998-ci ildə) dövlət tərəfindən 4,5 hektar mənə, 3 hektar da ailə üzvlərimizə pay torpaq sahəsi ayrıldı. Mən də eləmədim tənbəllik, torpaqları birləşdirdim.
Evimin həyətində əkdiyim ağacları, yeni tingləri köçürdüm həmin sahəyə. Daha sonra albalı, gilas, ərik, şişburun xurma, Türkiyə qozu və s. ağaclarını da əkib-becərməyə başladım bu gün təxminən
20.000 civarında meyvə və giləmeyvə ağacına qulluq edirəm.
– Bərəkətli olsun. Bəs maddi vəziyyət necə , qazanc qalırmı?
– Oğul, düzü əvvəllər daha yaxşı idi. Amma bu günə də şükür. Elə il olub ki, 30-40 ton Göyçə yığıb satmışıq. Bundan əlavə, hər il təqribən 10 tona yaxın nar, 5 ton civarında şişburun xurma, 2 ton qoz məhsulu götürə bilirik.
Həm də bilirsinizmi, mən o vaxt, bu bağı səliqə ilə, bağçılıq standartlarına uyğun salmadım. Ağacları ya çox uzaq, ya yaxın, ya da yığıma əlverişsiz cərgədə əkdim. Misal üçün bağın çox hissəsinə texnika girişi mümkün deyil. Ancaq indiki dövr olsa, aqrotexniki qaydalara riayət edərdim, məhsulum da qat-qat yaxşı olardı. Yenə də, atalarımızın əkinçilik, bağçılıqla bağlı bir məsəli var ki, “Əkməyib pis olunca, ək pis ol.” Dövlətimiz sağ olsun, pensiya ayırır, o öz yerində.
Lakin tənbəllik mənə xas deyil. Evdə, bekar dayana bilmirəm. Odur ki, bu bağ mənim də, övladlarımın da gəlir yeridir. Bağ bizə baxır, biz də bağa. Axı bağa baxmasan dağ olar, gərək baxasan ki, bağ ola…
ORXAN KƏRİMOV