Prezident İlham Əliyev tərəfindən ölkənin aqrar sektorunun inkişafına göstərilən dəstək və qayğı kənd təsərrüfatının bütün sahələrində, eləcə də rayon və kənd əməkçilərinin sosial həyatında öz müsbət töhfələrini verməkdədir.
Dövlət başçısının ipəkçiliyin sürətli inkişafı ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, 2016-cı ildən etibarən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikamızda ipək istehsalının müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının möhkəmləndirilməsi, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Ağcabədi rayonunda da ənənəvi olaraq hər il barama yetişdirmək üçün rayonun 41 inzibati ərazi dairəsi üzrə yüzlərlə kümçü ilə müqavilə bağlanılır, onlara mindən çox qutu ipəkqurdu paylanılır.
2022-ci ildə də barama yetişdirmək üçün yüzlərlə kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara ümumilikdə 877 qutu, yəni 16,7 kiloqram ipəkqurdu paylanılıb.
Elə bu kümçülərin biri də bizim bugünkü həm söhbətimiz, Ağcabədi Rayon İcra Hakimiyyətinin Cəfərbəyli kənd inzibati ərazi üzrə nümayəndəsinin müavini Əliyev Nəsimi Camal oğludur.
– Nəsimi müəllim, istəyirəm sizin də baramaçılıqla bağlı fikirlərinizi soruşum. Kümçü olmaq çox adamın gözünü qorxudur. Bəs sizcə, bu, o qədər çətin işdirmi?
– Əvvəla məni yaxşı kümçü kimi bilib, müsahibə götürdüyünüz üçün sizə təşəkkür edirəm. Vallah, çətinlik deyəndə ki, hər işin özünə görə asan və çətin tərəfləri var. Ancaq kümçülüyün qazancı həm az vaxta başa gəlməsi, həm də o qədər ağır iş olmamasına görə çox yaxşıdır. Ona görə də mən bu işdə qorxmalı nə isə görmürəm. Özüm də artıq üç ildir ki, barama qutusu götürürəm və təxminən bir ay ərzində lazımı qədər yaş barama istehsal edirəm. Bir qutu üçün gəlir orta məxrəclə 450-500 manat təşkil edir ki, bu da rayon sakini üçün çox yaxşı gəlirdir.
– Bacarıqlı kümçü olaraq, bu sahəylə bağlı təklif, tövsiyə, məsləhətləriniz nələrdi?
– Hər şeydən əvvəl, rayon rəhbərliyinə təşəkkür edirəm. Bu cür faydalı işdə sakinlərə diqqət ayırdığı üçün. Mən çox istərdim ki, gələcəkdə bizim rayonumuzda pambığa olduğu kimi baramaya da yaxşı maraq olsun. Bu marağı yaratmaq üçün də, mənim fikrimcə başlıca motivasiya subsidiyanın verilməsi olardı ki, kənd camaatının işi daha da asanlaşsın. Qeyd edim ki, rayon rəhbəri özü də bu işlərdə daim sakinlərin yanında olub. Hətta bir dəfə özü şəxsən bizi ziyarət edib, yerindəcə kəndin barama təsərrüfatı və görülən işlərlə tanış olmuşdu. Bu il də kümçülər, hər il olduğu kimi nəzarətdə saxlanır. Bir neçə gün əvvəl İcra Hakimiyyətinin əməkdaşı Fuad Şirinovla da kənddə görüşdük. O da görülən işlər və kümçülərin problemləriylə maraqlandı. Rəhbərlik tərəfdən daim belə qayğı görmək, əlbəttə bizi bir az da ruhlandırır.
Xahişim isə, “barama rəfi” adlanan əşyanın tapılmasında bizə kömək olunmasıdır. Biz hətta öz qazancımızla belə, onun xərcini ödəməyə hazırıq. Ancaq tapa bilmirik. Mən ötən il Şəki şəhərində barama təsərrüfatına getmişdim. Orada o əşyanı gördüm və işin necə asan ola biləcəyinin şahidi oldum. Əgər elə olsa, nə kağız nə karton nə də havalandırma əziyyəti olmaz. Məhsuldarlıq da artmış olar. O ki qaldı tövsiyəyə, hər kəs bilməlidir ki, baramaçılıq çox sərfəli və gəlirli sahədir. Şəxsən bizim kəndin bir çox ailəsi bu sahədən yaxşı gəlir götürə bilir. Yem bazası yaratmaqda da bir az bacarıqlı olsalar, qısa vaxta hər kəs 1000 manat civarında pulu, rahatlıqla qazana bilər.
Orxan KƏRİMOV