Bu günlərdə Ağcabədi Pedaqoji Kollecində rayon Gənclər və İdman İdarəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə mövusunda maarifləndirici tədbir keçirilib.
Öncə, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli iştirakçıları salamlayaraq, bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra narkotiklə mübarizə dövlətin diqqət mərkəzində saxlanılıb. Ağcabədi Pedaqoji Kollecində də əlaqədar qurumlarla birlikdə mütəmadi olaraq bu mövzuda tədbirlər keçirilib.
Yığıncaq zamanı Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi, polkovnik leytenant Qabil Rzayev, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi müavini Eldəniz Qənbərov, Kanal-21 internet televiziyasının direktoru Fərhad Bakiroğlu çıxış edərək, narkomaniya aludəçiliyinin törətdiyi bəlalardan və yaratdığı acı nəticələrdən danışıb, son illər ölkəmizdə, eləcə də Ağcabədi rayonunda “ağ ölüm”ə qarşı aparılan mübarizə tədbirlərindən ətraflı söhbət açıblar.
Sonra mövzuya dair videoçarx nümayiş etdirilib, gənclərin bu barədə çıxışları dinlənilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və rayonda narkomaniya ilə bağlı maarifləndirmə işlərində fəal iştirak edən gənclərə Fəxri fərmanlar təqdim olunub.
Hüseyn QULUZADƏ