Qardaş Türkiyə daim Azərbaycanın yanındadır

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” aerokosmik və texnologiya festivalında çıxış edib. dövlət başçısı çıxış zamanı qeyd edib ki, yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmayıb, iki ildən sonra süqut edib. Nəticədə Azərbaycan öz müstəqilliyini itirib. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa olunub. Artıq 30 ildir ki, Azərbaycan xalqı azad yaşayır.

 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Təsadüfi deyildir ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.

Bildirilib ki, tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində əlbəttə, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir.

Prezident İlham Əliyev göstərib ki, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş  məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir – həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər