Şirin həyat…


Arıçılıq gəlirli sahədir, həm də ki, halallığı çox sevir. Bu təsərrüfat sahəsi ilə məşğul olanlar, yaxşı bilirlər ki, halallıq sonda həmişə bərəkət gətirir.
Rəfayət Rəşid oğlu Musayev 1 aprel 1979-cu ildə Ağdərə rayonunun Manikli kəndində anadan olub. 1985-ci ildə kəndlərindəki məktəbin birinci sinfinə daxil olub. İş elə gətirib ki, Rəfayət lap uşaq vaxtlarından köçkün həyatı yaşamalı olub. Ermənilər Ağdərəni işğal edəndən sonra o, ailəsi ilə birlikdə Aran Qarabağa üz tutub. Ağcabədi rayonunda məskunlaşan Rəfayət 1996-cı ildə Pərioğullar kəndində müvəqqəti yerləşən Ağdam köçkün məktəbini bitirib. Elə həmin il Bakı Biznes Universitetinin inzibati idarəetmə və gömrük işinin təşkili fakültəsinə qəbul olan Rəfayət bu təhsil ocağını 2000-ci ildə uğurla başa vurub. Hazırda 45 saylı Ağdam qaçqın məktəbində sıravi işçi kimi çalışır.
R.Musayev son 30 ildə arıçılıqla məşğul olur. Bunun 20 ilini peşəkar səviyyədə arıçılıq təsərrüfatına qulluq edən Rəfayət artıq böyük təcrübəyə malik olan peşəkar arıçı kimi yetişmişdir. O, hazırda 250 arı ailəsinə qulluq edir. Ana arıları, damazlıqları da özü yetişdirir. Rəfayət söyləyir ki, arılar olduqca nümunəvi cəmiyyətdir. (Onlara heyvan deməyə adamın dili gəlmir). Arılara qulluq edəndə adam təkcə estetik yox, həm də mənəvi zövq alır. Çox halal, ədalətli, peşəkar və təmizkar olur bal arıları. Yanlarına içkili, tərli, nimdaş (təmiz olmayan) paltarda gəlsən, tez hay-küy salır öz narazılıq səslərini ucadan bildirirlər.
Yayda arıları çiçəkli, güllü dağlara köçürən Rəfayət söylədi ki, arıçılıq mənim mənim həyatımdır. Arılarla təmasda olanda, onların iş rejimini izləyəndə adam ruhən dincəlir.
Arılar içərisində işsiz qalanı olmur. Burada hərə öz işini dəqiq bilir və yerinə yetirir. Düzdür, arılarda matriarx rejim hökm sürür. Ailəni ana arı idarə edir. Burada hər bir arının öz vəzifəsi var. Və bu vəzifə təxirəsalınmaz olaraq, vaxtında yerinə yetrilir. Yeşikdə müəyyən səbəbdən həyatını tərk edən arı saxlanılmır. Çox təmizkar olan arılar dərhal ölü arını yeşikdən uzaqlaşdırırlar. Yerdə tez sil-süpür edir, səliqə-səhman yaradırlar. Təzə sürfədən çıxan arı həyata göz açan kimi öz yuvasını, çıxdığı qovuxculuğu təmizləyir. Yəni o saat işə başlayır, bekar durmur. Təzə arı 18 günə qədər pətəkdaxili işlərlə məşğul olur. 18 gündən sonra müstəqil işçi arıya çevrilir, artıq bal gətirən, əldə edən arı olur. Çiçək, çiçək tozu, nektar, su gətirir. Şanın qovcuqlarını yuyur, nəticədə normal buxarlanma yaranır ki, bu da daxili rütubətin sabit saxlanılmasını təmin edir.
Həmsöhbətim onu da qeyd etdi ki, arıçılıqla məşğul olmaq, ailəsinin dolanışığına, rifah halının yaxşılaşmasına böyük təsir göstərir. Belə ki, o, mövsüm ərzində saxladığı arılardan 1,5-2 ton xalis bal əldə edə bilir. Balın satışında isə heç vaxt problem olmur. Hazır balı ya Bakıda yarmarkada satır, ya da daimi müştəriləri tərəfindən alınır.
Rəfayət həm də nümunəvi ailə başçısıdır. Böyük oğlu Bayram arılara, təbiətə olan sonsuz istəklə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsinə daxil olub. O, hazırda 2-ci kurs tələbəsi olaraq, burada təhsil alır. Qızı Fəridə 11-ci sinifdə oxuyur. O, da ali təhsil almaq niyyətindədir. Ailənin sonbeşiyi Rəvan isə 6-cı sinifdə oxuyur. Dərslərini yaxşı oxumaqla bərabər arılara qulluq edir. Rəvanın da arıçılığa böyük həvəsi var.
…Biz hər kəsin taleyi öz əlindədir deyəndə heç də yanılmırıq. Çünki bu həqiqətən də belədir. Axı insan ömür boyu çalışmalı, yaxşı əməllərin yaradıcısı olmalıdır. Və bir də həyatda həmişə hərəkətdə olan, çalışan, nə isə etmək həvəsi ilə yaşayan insanın taleyi, bəxti gətirir. Rəfayət Rəşid oğlu Musayev də belə insanlardandır. Uzun illər keşməkeşli köçkün həyatı yaşayan Rəfayət gərgin, yorulmaz əməyi sayəsində gözəl ev-eşik sahibidir. Normal yaşayış üçün hər bir şərait yaratmağa müvəffəq olub. Ağıllı, tərbiyəli övladları var. Sabaha, gələcəyə inamla baxır. Çünki ürəkdən sevdiyi, bacardığı işdən yapışıb. O, çoxsaylı arılara qulluq edir. Arılar da əvəzində ona bal verirlər. Bax beləcə, Rəfayət bal arıları ilə təmasda şirin həyat sürür. Bal kimi şirin həyat…


Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər