Bu il rayonumuzda çıxan “Aran” qəzetinin 90 yaşı tamam olur. “Ağcabədi pambıqçısı” adı ilə fəaliyyətə başlayan qəzetin ilk nömrəsi 1932-ci ildə işıq üzü görüb. Sonralar “Sürət”, “Aran” adları altında dərc edilən bu məşhur mətbu orqanı ötən illər ərzində rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında mühüm rol oynayıb, əhali arasında böyük hörmət və nüfuz qazanıb, qabaqcıl kütləvi informasiya vasitəsi kimi geniş şöhrət tapıb. Hazırda rayonda doğma qəzetin yubileyinə ciddi hazırlıq tədbirləri həyata keçirilir. Qəzet səhifələrində ilin əvvəlindən yubiley mövzusunda müntəzəm yazılar çap olunması bu baxımdan xüsusi önəm kəsb edir. Onların sırasında “Aran”ın tarixi, vaxtilə qəzet redaksiyasında çalışmış məşhurlar barəsində yazılar, xatirələr də diqqəti çəkir. Bu günlərdə redaksiyamızın qonağı olan qəzetin keçmiş əməkdaşı Azərbaycan Respublikası Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayevin müsahibəsində bölüşdüyü, fikirlər, xatirələr bu səbəbdən xüsusi maraq doğurub.
Həmin müsahibəni sizə təqdim edirik:
Tahir müəllim, öz keçmiş iş yerinizə xoş gəlmişsiniz!
Təşəkkür edirəm! Xoş gördük!
Respublikamızın tanınmış ziyalısı, ictimai xadim, millət vəkili və nəhayət Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədrisiniz. Necə olub ki, qəzetdə işləmək qərarına gəlibsiniz? Bu bir təsadüfdür, yoxsa?..
İcazə versəniz, söhbətə tərcümeyi-halımdan başlayaram. Zənnimcə, dediklərim sualınıza aydınlıq gətirər. Mən 1950-ci ildə Ağcabədi rayonunun Xəlfərəddin kəndində anadan olmuşam. 2 saylı orta məktəbi bitirib, keçmiş sovet ordusu sıralarında hərbi xidmət göstərdim. Ordudan tərxis edildikdən sonra rayona dönüb, sıravi işlərdə çalışmalı oldum. Qeyd edim ki, hələ orta məktəb illərindən şeirlər yazırdım, ədəbiyyata, söz sənətinə böyük həvəsim var idi. Elə bu həvəslə də həmin dövrdə “Sürət” adlanan qəzet redaksiyasında işləmək qərarına gəldim. 1971-ci ildən 1977-ci ilə kimi burada ədəbi işçi vəzifəsində çalışdım. Həyatımın ən mənalı günləri, gənclik illərim həmin dövrdə keçib. Mən deyərdim ki, taleyimdə, gələcək inkişafımda “Sürət” (indiki “Aran”) qəzeti mühüm rol oynayıb. Bu zaman təsərrüfatla, istehsalatla tanış olub, əmək adamları ilə görüşmüşəm. İlk növbədə, sağlam bir kollektivlə birgə çalışmaq nəsibim olub. Sərdar Mehdiyev, Fazil Sarvan, Məzahir İsmayılov, Abbas Kazımov, Ənvər Əhməd, Dilsuz Kazımov, Əli Nəsirli kimi jurnalistlərlə işləmək mənə çox seylər bəxş edib. Onların rayonun ictimai-siyasi həyatının işıqlandırılmasında, təbliğ olunmasında böyük zəhmətləri olub. Şadam ki, həmin ənənələri “Aran” bu gün uğurla dava etdirir.
Bir vaxtlar çalışdığım kollektiv üzvlərini unutmaram. Hər birini hörmətlə xatırlayıram. Dünyadan köçənlərə Allahdan rəhmət, həyatda olanlara cansağlığı arzulayıram. Yeri gəlmişkən qeyd edim ki, “Sürət” qəzetində çalışdığım dövrdən Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil aldım. Sonralar rayon komsomol komitəsinin I katibi, raykomun təlimatçısı, II katibi, rayon XDS İcraiyyə Komitəsi sədrinin müavini, Ağcabədi bələdiyyəsinin sədri vəzifələrində işlədiyimə görə “Sürət” qəzetinə borcluyam. Milli Məclisdə deputat, komitə sədri kimi fəaliyyətimdə də qəzetçilik təcrübəmdən xeyli bəhrələnmişəm.
5 çağırış Milli Məclisin deputatı, aqrar siyasət komitəsinin sədri, filologiya üzrə fəlsəfə doktoru, şöhrət ordeninə və digər orden və medallara layiq görülmüşəm. Zənn edirəm ki, bu uğurlarımda jurnalist fəliyyətimin təsiri böyük olub.
Hazırda mətbuatla və yaradıcılıq sahəsi ilə nə kimi əlaqələriniz var?
Açığını deyim ki, bu gün də mənim mətbuatla sıx əlaqələrim vardır. Millət vəkili fəaliyyətimlə əlaqədar respublikanın müxtəlif televiziya kanalları, qəzet və digər kütləvi informasiya vasitələrində müntəzəm çıxışlar edirəm. Demək olar ki, hər həftə ərzində kütləvi informasiya vasitələrinə 15-20 müsahibə verirəm. Bədii yaradıcılıqla məşğul olmağım səbəbindən də informasiya vasitələri ilə bağlılığım genişdir. Ötən il 3, bu il isə 2 bədii kitabım nəşr olunub. İndiyədək 30 kitab müəllifiyəm. Bədii yaradıcılıq mənəvi tələbatımdan irəli gəlir. Düzdür, işim çətindir, çoxdur, amma Qanunvericiliklə məşğul olmaq, müxtəlif beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə iştirak etmək, müsahibələr vermək, ölkənin ictimai-siyasi həyatında qarşılaşdığımız hadisələrə münasibət bildirmək başlıca vəzifəmdir. Lakin imkan daxilində boş vaxtlarımda bədii yaradıcılıqla da məşğul oluram. Məni narahat edən, düşündürən məsələlər, rastlaşdığım hadisələr çox keçmir ki, şeirə, poemalara çevrilirlər. Bu bir mənəvi borcdur, yaradıcı insanın mənəvi borcudur.
Tahir müəllim, Milli Məclisdə mətbuatla, kütləvi informasiya vasitələri ilə əlaqədar müzakirələrdə iştirak edirsinizmi?
Bu gün respublikamızda mətbuatın inkişafı, mətbuata, informasiyaya geniş yer verilməsi dövlət siyasətinin prioritetlərindən hesab olunur. Ölkədə bu mühüm sahəyə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Çünki müasir həyatımızı informasiyasız təsəvvür etmək çətindir. Odur ki, bu sahədə mövcud qanunvericilik sənədlərində əlavə dəyişikliklər edilir, informasiya şəbəkəsinin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində ciddi tədbirlər görülür. Bu yaxınlarda Media haqqında çox vacib Qanun layihəsinin parlamentdə müzakirə olunaraq qəbul edilməsi bunun əyani sübutudur. Bir deputat, yaradıcı insan kimi mən də həmin müzakirələrə fəal surətdə qatılmışam.
Doğrudan da, indiki məqamda informasiyanın yad meyllərdən təmizlənilməsi, sağlam bir məcraya yönəldilməsi çox vacibdir. Bu, dövrün tələbidir, onu dövlətimizlə bərabər, ictimaiyyət də arzulayır. Ona görə, hər bir informasiya, qələmə alınan məqalə insanlığa, mənəviyyata xidmət etməlidir, real faktlara əsaslanmalıdır. Sözsüz ki, bu istiqamətdə jurnalistlər daha çox çalışmalıdırlar.
“Aran” qəzeti ilə əlaqələrinizi davam etdirirsinizmi?
“Aran” mənim üçün, hər bir ağcabədili üçün doğma qəzetdir. Sözsüz ki, onunla əlaqələr saxlayır, fəaliyyətini daim izləyirəm. “Aran”ın bölgə qəzeti kimi fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki əksər rayonlarda qəzetlər nəşrlərini dayandırdıqları halda, bizim “Aran” həftədə 2 dəfə 3 min nüsxə ilə tirajlanır. Bu çox yaxşı haldır.
Zənnimcə, qəzetin kollektivi bölgənin ictimai-siyasi, təsərrüfat, mədəni həyatını dolğun işıqlandırmağı, yeniliklərin oxuculara çatdırılmasını yaxşı bacarır. Daha doğrusu, kollektiv işinin öhdəsindən layiqincə gələ bilir.
Bu gün “Aran”ın normal işləməsi üçün lazımi şərait yaradılıb. Ağcabədi Rayon İcra Hakimiyyəti onun fəaliyyətini daim diqqət mərkəzində saxlayır, qəzetin kollektivinə diqqət və qayğı göstərir. Rayon rəhbərliyi tərəfindən “Aran”ın xidmətləri, kollektivin əməyi yüksək dəyərləndirilir. Çünki qəzet səhifələrində bölgədəki nailiyyətlərin təqdir edilməsi ilə yanaşı, yol verilən nöqsanlar, geriliklər də ciddi tənqid olunur.
“Aran”ın 90 illik yubileyinin keçirilməsi ilə bağlı rayon icra hakimiyyəti və qəzetin yaradıcı kollektivinin tərtib etdikləri tədbirlər planı təqdirəlayiqdir. Bu qəzetin keçmiş əməkdaşı kimi mənim də ürəyimcədir. Doğrudan da, doğma qəzetimizin 90 illik fəaliyyətinə nəzər salmaq, burada çalışmış neçə-neçə nəsillərin nümayəndələrinin gördükləri işlərə işıq tutmaq qürur doğurur. əlbəttə, hər birimiz yubiley tədbirlərinin canlı, yüksək səviyyədə keçirilməsi üçün çalışmalıyıq.
“Aran”ın ənənələrini fədakarlıqla davam etdirən bu günkü yaradıcı kollektivə yeni-yeni uğurlar arzulayıram!
Müsahibəni Yəhya PAŞAZADƏ qələmə aldı