Onu uşaq yaşlarımdan tanıyırdım. Bəstəboylu, qəribə yerişli, həmişə tələsən bu adamla sakini olduğum küçədə tez-tez rastlaşırdım. Yəqin ki, nisbətən yaşlı rayon sakinləri belə bir şəxsi xatırlamamış deyillər. Söhbət tanınmış ziyalı “köhnə” qəzetçi, nüfuzlu ağsaqqal Abbas Kazımovdan gedir. Abbas müəllimin adını, kimliyini, hansı peşənin sahibi olduğunu yalnız tələbə olduğum illərdə öyrənə bilmişəm.
Həmin dövrdə hər dəfə Bakıdan rayona gələrkən “Sürət” (indiki “Aran”) qəzeti redaksiyasının mətbəəsi ilə əlaqə saxlayırdım. Qələmə aldığım yazıları əməkdaşlara təqdim edirdim. Abbas Kazımovla burada tanışlıqdan sonra onun mənimlə bir məktəbdə oxumuş Aydın və Səadətin atası olduğunu da öyrənə bildim. Yeri gəlmişkən qeyd edim ki, A.Kazımovun digər övladı Ruxsarə Kazımova ilə əmək fəaliyyətinə başladığım vaxt əlaqəli işlərdə çalışmışıq. Ruxsarə xanım “Sürət” qəzeti mətbəəsinin aparıcı çapçılarından hesab olunurdu.
Abbas Kazımov keçmiş rayon partiya komitəsində məsul vəzifələrdə çalışıb. Lakin o, ömrünün çox böyük hissəsini qəzetçilik fəaliyyətinə həsr edib. Təcrübəli ziyalı 1957-ci ildən 1964-cü ilə qədər “Ağcabədi pambıqçısı” qəzetinin redaktoru olub. Həmin illərdə tələbkar, qayğıkeş redaktorun rəhbərliyi altında rayon qəzetinin fəaliyyəti xeyli canlanıb. Qəzet səhifələrində tənqidi yazılara geniş yer verilib, oxucularla, istedadlı gənclərlə əlaqələrin saxlanılmasına xüsusi diqqət yetirilib.
A.Kazımov 1966-cı ildən ömrünün sonuna qədər “Sürət” qəzeti redaksiyasında məsul katib kimi fəaliyyət göstərib. Uzun illər Sərdar Mehdiyev, Fazil Sarvan, Səfər Fətəliyev, Dilsuz Kazımov, Tahir Rzayev, Nəzakət Niftalıyeva, Sədaqət Rəcəbova, Şünasif Məmmədov və başqa tanınmış qəzetçilərlə çiyin-çiyinə işləyən təcrübəli mütəxəssis həmişə kollektivdə, rayon sakinləri arasında böyük hörmət və nüfuz sahibi olub. Gözəl insan, qayğıkeş ailə başçısı, tanınmış jurnalist Abbas Kazımovun xidmətləri bu gün də unudulmur, xatirəsi ehtiramla yad edilir.
Yəhya PAŞAZADƏ