Gənc məşqçinin uğurlu addımları

Ölkəmizdə bütün sahələrdə olduğu kimi idmana da dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bunu rayonumuzun timsalında daha aydın görmək olar. Son illər bölgədə idmanın bütün növləri ilə məşğul olmaq üçün kifayət qədər lazımi şərait yaradılıb. Ağcabədi Olimpiya İdman Kompleksi, şəhər və kəndlərdə inşa edilmiş müasir tipli məktəblərdə fəaliyyət göstərən geniş məşq zalları, yarış meydançaları mühüm əhəmiyyət kəsb edir. Rayon idmançıları sözügedən idman qurğularında, zallarda və meydançalarda inamla hazırlaşaraq, respublika birinciliklərində, dünya və Avropa birinciliklərində yüksək uğurlara imza atırlar. Rayonda kikboksinq idman növü son dövrlər inkişaf etməyə başlayıb. Gənc məşqçi-müəllim Mehman Quliyev bu sahədə layiqli xidmət göstərir. Mehman müəllim uzun illərdir ki, bu məşhur döyüş növü ilə məşğul olur. O, dəfələrlə ölkə birinciliyi yarışlarına qatılaraq, mükafata layiq yerlər tutub. İstedadlı idmançı 2013-cü ildən kikboksinq idman növü üzrə məşqçi-müəllim kimi fəaliyyətə başlayaraq, bu sahəni gənclər və yeniyetmələr arasında yaymaq qərarına gəlib. Gənc mütəxəssis hazırda Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasında təhsil alır. O, gənclər və yeniyetmələrlə fərdi məşqlərini şəhər 1 saylı tam orta məktəbin idman zalında aparır. Həmin məşqlərdə 60 nəfər perspektivli gənc və yeniyetmələr iştirak edir. O, kikboksinq idman növü üzrə bütün bilik və bacarıqlarını yetirmələrinə böyük həvəslə öyrədir.

Qeyd edək ki, 2022-ci il 20-22 may tarixlərində keçirilən Azərbaycan çempionatında M.Quliyevin tələbələrindən Mahmud Hüseynov bütün rəqibləri üzərində qələbə qazanaraq, V İslam Həmrəylik Oyunlarında iştirak etmək üçün lisenziya qazanıb. Xatırladaq ki, yarış bu ilin 9-19 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək. M.Quliyeva yetirmələrindən Mahmud Hüseynov, Vüqar Mamedov, Sübhan Mamedov respublika birinciliklərində yüksək yerlərə layiq görülərək, bu ilin sentyabrın da İtaliyada təşkil olunacaq kikboksinq üzrə dünya çempionatında iştirak etmək hüququ qazanıblar.

Yetirmələrinin hazırlıq səviyyəsindən razı qalan M.Quliyev onların bu mötəbər yarışlarda yüksək nəticələr qazanacağına əmindir. Biz də öz növbəmizdə gənc məşqçiyə və onun yetirmələrinə böyük uğurlar, yeni-yeni nailiyyətlər arzu edirik.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com