Ağcabədi Rayon İcra Hakimiyyətinin Yeni Qaradolaq inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bayram İsmayılov son illərin uğurlu gənc kadrlarından sayılır. Bacarıqlı gənc 2016-cı ildə Sumqayıt Dövlət Universitetinin tarix fakültəsini bitirib. Həmin vaxtdan əvvəlcə Yeni Qaradolaq kənd tam orta, sonra isə Avşar kənd 3 saylı ümumi orta məktəblərində müəllim işləyib. O, 2021-ci ildən Yeni Qaradolaq kənd izibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində çalışır. B.İsmayılov həm də YAP ərazi ilk təşkilatının sədri kimi də əhali arasında ictimai iş aparır. Onunla adıçəkilən kənd ərazisində görüşüb söhbətləşdik. İcra nümayəndəsinin sözlərinə görə, Yeni Qaradolaq kəndi rayonun geniş münbit torpaq sahələrinə malik iri təsərrüfatları olan kəndlərindən hesab olunur. 1938-ci ildən təşkil olunan inzibati ərazi vahidində hazırda 2 min 743 nəfər əhali məskunlaşıb. Burada 468 ev, 471 təsərrüfat 1519 pay torpağı və 168 hektardan ibarət bələdiyyə torpağı mövcuddur. Kənd əhalisi əsasən pambıqçılıq, taxılçılıq, barama istehsalı və heyvandarlıqla məşğul olur. Kənd ərazisində 43 fermer təsərrüfatı fəaliyyət göstərir. Həmin təsərrüfatların 258 hektarında pambıq, 580 hektarında taxıl, 25 hektarında çuğundur yetişdirilir. Kənddə həmçinin sakinlər tərəfindən barama və arı bəslənilir. Cari təsərrüfat mövsümündə kümçülərə 18 qutu ipəkqurdu paylanılıb. Kənd sakini Tahir Mikayılov bəslədiyi bal arısından hər il bol bal əldə edir. Onlar hər cür diqqət və qayğı ilə əhatə olunublar.
B.İsmayılovun qənaətinə görə, kənd fermerləri taxılçılıq sahələrindən bu il yüksək məhsul götürəcəklər. Pambıqçıların mövsümə uğurla başlamaları bunu deməyə əsas verir. Artıq əkin sahələrində yaxşı bitiş alınıb, gələcək bol məhsulun möhkəm bünövrəsi qoyulub. Digər sahələrdə də nəticələr qənaətbəxşdir. İcra nümayəndəsi onu da əlavə edib ki, kənd ərazisində olan əkin sahələri Xan qızı kanalı vasitəsi ilə suvarılır. Lakin son illər havaların əlverişsiz keçməsi və quraqlıqla əlaqədar kənddə suvarma sahəsində müəyyən çətinliklər yaranır. Buna baxmayaraq, rayon icra hakimiyyətinin dəstəyi ilə həmin çətinliklər aradan qaldırılır, suvarma suyunun təmin olunması üçün müvafiq addımlar atılır. B.İsmayılov söhbət zamanı qeyd edib ki, son illər rayonumuzda həyata keçirilən tikinti abadlıq və quruculuq işləri Yeni Qaradolaq kəndindən də yan keçməyib. Kənd ərazisində sakinlər tərəfindən yaraşıqlı və abad yaşayış evləri, yeni məktəb binası inşa olunub, magistral və kənd arası yollar asfaltlanıb. Bildirilib ki, hazırda kənddə uşaq bağçası, iki kitabxana, ambulatoriya, poçt şöbəsi, mədəniyyət evi, ATS və bələdiyyə fəaliyyət göstərir. Kənd ərazi nümayəndəliyi əhaliyə rabitə, internet, səhiyyə və mədəni xidmətlərin lazımi səviyyədə təşkil edilməsi üçün zəruri tədbirlər görür. Bayram müəllim xüsusi olaraq vurğulayıb ki, həyata keçirilən tədbirlər nəticəsində kənd sakinlərinin həyat səviyyəsi yüksəlib, güzəranları xeyli yaxşılaşıb. Kənd sakinləri göstərilən bu yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə təşəkkür və minnətdarlıqlarını bildirirlər.
Yəhya PAŞAZADƏ