Ölkəmiz Avropada enerji təchizatında mühüm rol oynayır

            Ölkəmiz son günlər demək olar ki,  hər gün beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir.İyun ayının 1-də Bakıda  Enerji  Həftəsi  çərçivəsində 27-ci Beynəlxalq Neft və Qaz Sərgisində qlobal enerji perspektivləri baxımından, həm də ekoloji cəhətdən təmiz, atmosferə və ətraf mühitə az ziyan vuran enerji mənbələrinə keçidlə bağlı məsələlər, həmçinin Xəzəryani ərazilərdə kəşfiyyat, hasilat və qazın nəqli ilə bağlı məsələlər əks olunub. Sərgidə “yaşıl enerji” adlanan bərpa olunan enerji növlərindən istifadənin genişləndirilməsi layihələri də maraq doğuran layihələrdəndir.

            Azərbaycan elə bir geosiyasi məkandır ki, onun yeraltı və yerüstü sərvətləri ilə yanaşı bərpa olunan enerji istehsalına imkan verən əlverişli iqlim imkanlarına da malikdir.

            Ölkəmizdə ildə 300-dən artıq günəşli gün olması günəş enerjisinə, Abşeron və dağətəyi zonalarda küləkli günlərin çoxluğu, dağlıq ərazilərdə kiçik dağ çaylarının olması, su elektrik stansiyalarının yaradılması, Xəzər dənizində həmişə dalğaların olması dalğa enerjisi  əldə etməyə imkan verir.

            İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində də yuxarıda sadalanan enerji növlərinin istehsalı baxımından geniş imkanlar var. Zəngilan rayonunun  Ağalı kəndində “Ağıllı kənd” in açılışında biz bunun əyani şahidi olduq.

            Bakıda keçirilən növbəti Xəzər enerji forumu və sərgilər  iştirakı şirkətlərin texnologiya baxımından qarşılıqlı olaraq  yararlanması və təcrübə mübadiləsinin aparılması baxımından da çox böyük əhəmiyyət kəsb etmişdir. Sərgidə iştirak edən bir sıra xarici şirkətlər Azərbaycanda neft və qazın istehsalı, yataqların işləməsi və nəqli ilə əlaqədar istifadə etdikləri qabaqcıl texnologiyalara böyük maraq göstərmişlər.

            Keçirilən görüşlərdə və səslənən çıxışlarda bir fikir xüsusilə qabarıq olaraq  diqqəti çəkib: Azərbaycan Avropa bazarına neft və qazın nəqlində özünü etibarlı tərəfdaş kimi göstərməklə, bəzi ölkələrin enerji təhlükəsizliyində böyük rolu olan ölkədir.

            Forumda ABŞ-in dövlət katibi müavininin enerji diplomatiyası üzrə müşaviri Lanra Loxman  çıxışında “yaşıl enerji” yə keçidlə əlaqədar Azərbaycanda görülən işləri müsbət dəyərləndirərək, ölkəmizin Avropanın enerji təchizatında şaxələndirilmənin alternativ variant olaraq Cənub  Qaz Dəhlizinin əhəmiyyətinin armasına gətirib çıxardığını qeyd etmişdir. Bu fikri digər siyasətçilər və nüfuzlu şəxslər də səsləndirmişlər. Beləliklə, Bakıda keçirilən enerji həftəsi Azərbaycanın artan nüfuzunun daha  bir təsdiqi oldu.

        Nazim Bünyatov

        YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com