“Aran”-nın budəfəki müsahibi Vətən müharibəsi iştirakçısı İsmət Mamedovdur

Vətənin igid oğlu rubrikası…

– Zəhmət olmasa, özünüzü təqdim edin.

– Mamedov İsmət İdahət oğlu, 1992-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuşam. Ailəliyəm. İki övladım var.

Döyüş yolu…

– 2-ci Qarabağ müharibəsinə necə qatıldınız?

– 21 sentyabr 2020-ci ildə SHXÇDX-dən zəng gəldi, telefonu açdım, salamlaşdıq, dedilər ki, sabah sizi hərbi komissarlığa gözləyirik. Səbəbini soruşanda mənə təlim dedilər… 22 Sentyabr gecə saat 4-də artıq Beyləqan rayonundakı “N” saylı hərbi hissədə idim. Mən 2010-2011-ci illərdə hərbi xidmətdə manqa komandiri olmuşam. Ona görə də burada qaldığım qısa müddət ərzində, hərb sahəsindəki bilik və bacarıqlarımı rahatlıqla yenilədim, hətta mənə həvalə edilmiş 122 mm-lik “D-30 haubitsa” topu haqqında həm texniki, həm də nəzəri bilgiləri topladım. 26 sentyabrda Xocavənd rayonu istiqamətində texnika və canlı qüvvəni hazır vəziyyətə gətirdik. Həmin gecə heç kimin gözünə yuxu getmədi, çünki artıq şərəfli bir zəfərin başlanğıc həyəcanını öz içimizdə, ruhumuzda hiss edirdik. İki balam gözümün qarşısından getmirdi, bir az kədər, bir az sevinc dolu idim. Çünki öz balalarım yaşda qətlə yetirilən körpələrin, yetim qalmış neçə-neçə uşağın atası olan, qəhrəman qardaşlarımızın qisas hissi içimi bürümüşdü…

Saat təqribən 07:15 radələrində ratsiyadan komanda gəldi. ATƏŞ!

1 həftə orada döyüşdük və həqiqətən də ağır günlər keçirdik, ancaq qazandığımız nailiyyətlər bizi ruhlandırır və irəli atılmağa stimul verirdi. Daha sonra Füzulu istiqamətindən hücumlara başladıq. Burada gedən döyüşlər ona görə önəmli və çətin sayılır ki, düşmənin əsas istehkamlarından birini məhv etməyə başlamışdıq. Bu o qədər də asan deyildi. Ancaq Azərbaycan əsgəri üçün mümkünsüz də deyildi. Düşmənin canlı qüvvəsi və hərbi bazası daha çox bu rayonda yığılmışdı. Şükür bu çətin sınağı alnı açıq keçdik və Füzulini azad etdik. Öz mövqelərimizi Dövlət Sərhəd Xidmətinin döyüşçülərinə təhvil verdikdən sonra Zəngilana, oradan da qısa vaxt ərzində müvəffəqiyyətlə Qubadlı rayon ərazisinə keçib, buradan da düşməni elə o vaxtlar cənab Prezidentin də dediyi kimi “iti qovan kimi qovmağa” başladıq. Azərbaycan əsgəri öz sözünü demiş, gücünü göstərmişdi. Qubadlıdan elə qaçırdılar ki, şəxsi əşyaları, ərzaq məmulatlarını belə götürmürdülər. Və biz bu mənzərələrə baxaraq daha da qürrələnirdik. Qubadlıdan sonra Laçın rayonu ərazisinə keçdik. Laçın ətrafında döyüşmək fərqli idi. Həm coğrafi yerləşimi, həm havaların soyuması bizi bir az çətinə salırdı. Amma əsla döyüşü dayandırmır, kəndlərimizi bir–bir, torpaqlarımızı metr–metr geri qaytarırdıq. Bunun verdiyi sevinc hissini heç bir çətinlik, heç bir narahatlıq üstələyə bilmirdi…

Zəfər xəbəri…

Gecə saatları idi. Ağır döyüş günlərindən birinin gecəsi idi. Növbəli şəkildə az da olsa dincəlir, torpaq üzərində özümüzə yataq dəsti qurub, güc toplamaq istəyirdik. On illərdir balalarından ayrı qalan Vətən torpağı öz övladlarını bağrına sıxır, onları üşüməyə qoymurdu. Adi vəziyyət olsa, soyuq aylarda heç cür yata bilməyəcəyimiz cansız, soyuq torpaq, indi sanki canlanıb, əsl isti ana qucağına çevrilmişdi… Növbəmi dəyişmək üçün istirahətdə olan döyüşçü yoldaşıma yaxınlaşanda onun “Ana, ana…” deyərək, yuxuda ağladığını gördüm. Çox da yorğun deyildim. Oyatmağa ürəyim gəlmədi, geri qayıdıb növbəmə davam etdim. Bir az keçmiş uzaqdan bir neçə zirehli texnikanın gəldiyini gördüm. Lakin bu, fərqli gəliş idi. Çünki müharibə başlayandan sonra təhlükəsizlik məqsədilə axşamlar heç bir avtomobil, döyüş texnikası işıqlardan istifadə etmirdi. Bu maşınlarınsa, bütün işıqları yanılı idi. Yoldaşlarla gələnləri qarşıladıq. İçəridən bir zabit gülə-gülə, yüksək səslə dedi ki: “Gözünüz aydın yoldaşlar. Müharibə bitdi. Zəfər bizimdir…” Dərhal ura-ura deyib, geri səngərlərə qaçdım, bayaqkı yoldaş qan-tər içində idi. Onu oyatdım. Dedi: “yuxuda anamı görürdüm, mənə toy etmək istəyirdi. Ya da deyəsən elə toyum idi. Nə isə, qismət. Nə olub ? “

Onu bərk-bərk qucaqlayıb: “Narahat olma əziz qardaşım, anan toyunu edəcək. Mən də gəlib, qol–qanad açacam, döyüş bitdi, Zəfər bizimdir!” – dedim. İkimizin də sevincdən gözləri yaşardı. İndi o döyüş yoldaşımın toyuna hazırlaşırıq. İnşallah, tezliklə toyu olacaq.

Bilirsiniz, əslində danışılacaq o qədər söz var ki, amma nə tərif vurmaq, nə də tərif eşitmək istəyirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Döyüşlərdən söz düşəndə onların ruhu qarşısında qürrələnməyi özümə yaraşdırmıram. Onsuz da dövlətimiz, dövlət başçımız keçdiyim şərəfli döyüş yolunu layiqincə qiymətləndirib. 3 medalla (Qubadlının, Cəbrayılın və Laçının işğaldan azad olunmasına görə) təltif olunmuşam. Eləcə də rayon rəhbərliyi, həmçinin siz də sağ olun ki, biz döyüşçüləri daima diqqətdə saxlayır, ziyarət edir, maraqlanırsınız…

Söhbətləşdi: Orxan KƏRİMOV

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər