Həyat səhifəsində izi qalan qəzetçi

Rayonumuzun çox sakini “Ağcabədi pambıqçısı” (indiki “Aran”) qəzeti ünvanından keçib, qaynar həyat meydanına atılıb, zirvələrə ucalıb, nüfuz, ad-san qazanıb. Qəzetçilik məktəbinin yetirmələri olan bu şəxslər qarşıya çıxan bütün çətinliklərə sinə gərərək, fəaliyyətlərində, gələcək karyeralarında mühüm rol oynayan uğurlara imza atıblar. Bir kollektivin yetirmələri bütöv rayonun, bölgənin doğmasına çevrilib, layiqli nümayəndəsi hesab ediliblər. Aradan neçə illər, dövrlər keçsə də, onlar unudulmur, həmişə ehtiramla xatırlanırlar.

Nüfuzlu ziyalı, bacarıqlı mütəxəssis, el ağsaqqalı Bəşir Bəşirov da belə sayılıb-seçilən ağcabədililərdəndir. İstedadlı, tələbkar, hərtərəfli qabiliyyətə malik bu fədakar insan rayonda uzun illər müəllim, direktor, qəzet redaktoru, mədəniyyət şöbəsinin müdiri və digər məsul vəzifələrdə çalışıb. O, tapşırılan hər bir vəzifənin öhtəsindən layiqincə gəlməyi bacarıb.

“Ağcabədi pambıqçısı” qəzetinin redaktoru vəzifəsində çalışdığı dövr B.Bəşirovun məhsuldar fəaliyyətində önəmli rol oynayıb. Bəşir müəllim 1954-1957-ci illərdə “Ağcabədi pambıqçısı” qəzetinə rəhbərlik edib. O, həmin vaxt nəyə qadir olduğunu nümayiş etdirib. Qısa müddət ərzində sözügedən mətbu orqanın fəaliyyətində böyük dönüş, canlanma yaranıb. Qəzet səhifələrində rayon iqtisadiyyatı, təhsil, mədəniyyət, səhiyyə, məişət, ticarət sahələrinin dərin təhlil və obyektiv faktlar əsasında işıqlandırılmasına mühüm əhəmiyyət verilib. Müntəzəm dərc edilən kəskin tənqidi yazılar əhali arasında geniş rezonans doğurub. Təcrübəli redaktorun səyi nəticəsində qəzetin tirajı xeyli artırılıb, oxucuların sayı çoxalıb. Bəşir müəllim səmimi, sadə, təvazökar, qətiyyətli, yumor hissinə malik sədaqətli bir iş yoldaşı, qayğıkeş rəhbər kimi kollektiv üzvləri arasında böyük hörmət və nüfuz qazanıb.

Səriştəli jurnalist, tanınmış ziyalı, rəhbər kadr, nümunəvi ailə başçısı Bəşir Bəşirovun adı bu gün də hörmətlə yad edilir, xatirəsi əziz tutulur.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər