Mehrablı kənd sakini Zülfüqar Əliyev rayonumuzun qabaqcıl və təcrübəli pambıqçılarından sayılır. O, uzun illərdir ki, kənd təsərrüfatının bu gəlirli sahəsi ilə məşğuldur. Təcrübəli pambıqçı hər il sahələrdən bol məhsul götürməyə nail olur. Ötən mövsümdə onun başçılıq etdiyi fermer təsərrüfatı uğura imza atıb. Sözügedən fermer təsərrüfatına məxsus 54 hektar əkin sahəsində göstərilən yüksək aqrotexniki tədbirlər sayəsində 190 ton məhsul tədarük olunub. Bu da hər hektardan 37 sentner “ağ qızıl” deməkdir. Səriştəli mütəxəssis cari təsərrüfat ilində çiyid səpinimi uğurla həyata keçirib. Hazırda 65 hektar əkin sahəsində yaxşı bitiş əldə olunub. Havalar quraq keçsə də, sahələrdə Xan qızı kanalı vasitəsi ilə suvarma işləri təşkil olunur. Z.Əliyevin dediyi kimi, digər becərmə işləri də ardıcıl və vaxtında həyata keçirilir. Belə ki, əkin sahələrinin yemlənməsi, kultivasiyası və alaq otlarından təmizlənilməsi işləri daim diqqət mərkəzində saxlanılır. Bu sahədə mexanizator Nadir Hüseynov və kollektivin digər üzvləri üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər. Onlar bol məhsul əldə etmək üçün var qüvvələrini sərf edirlər.
Zülfüqar Əliyevin qənaətinə görə, artıq gələcək bol məhsulun möhkəm bünövrəsi qoyulub. O, əminliklə bildirib ki, bu il hər hektardan azı 40 sentner “ağ qızıl” götürmək mümkün olacaq.
Y. PAŞAZADƏ