Xalqımızın qədim yaşayış məskənlərindən biri olan Qarabağ bölgəsi bəşər tarixinin bütün dövrlərində Cənubi Qafqazda sivilizasiyanın mərkəzi olmuşdur. Otuz ildən artıq bir dövrdə ermənistan silahlı qüvvələrinin Qarabağı işğal etməsi nəticəsində tamamilə məhv edilmiş sahələrdən biri də milli–mənəvi dəyərlərimizin tərkib hissəsini təşkil edən mədəni-maarif ocaqları, tarixi-dini abidələrimizlə yanaşı, fondunda milyon nüsxələrlə kitab xəzinəsi olan Mərkəzləşdirilmiş Kitabxana Sistemləri olmuşdur. İlkin hesablamalara görə erməni terrorçuları tərəfindən işğala məruz qalmış Qarabağda fondunda 4.6 milyon kitab olan 927 kitabxana məhv edilmişdir.
Təqribi hesablamalar göstərir ki, bu kitabxanalar məhv edilərkən Azərbaycanda kitabxana informasiya quruculuğuna 20 milyon 815 min ABŞ dollarından artıq maddi ziyan vurulmuşdur.
Bir qədər yaxın keçmişə nəzər salsaq görərik ki, Qarabağda elm, təhsil və maarifin inkişafı ilə yanaşı digər sahələr kimi çar rusiyası dövründə və sovetləşmənin ilk illərindən başlayaraq tarixən yaradılan kütləvi mədəni-maarif ocaqları içərisində kitabxana quruculuğunun da özünəməxsus yeri olmuşdur. Şəxsi kitabxanalarla yanaşı ilk kütləvi kitabxanalar dövrün mövcud siyasi hakimiyyəti tərəfindən açılan məktəblərin nəzdində olan kitabxanalar və ailə kitabxanaları da əsas yer tutmuşdur.
Qafqazın mədəniyyət mərkəzi olmuş Şuşa şəhərində fəaliyyət göstərən poetik məclislərin (“Məclisi-üns” və “Məclisi-fərəmuşan”) üzvlərinin köməkliyi ilə tanınmış ziyalılar X.B.Natavan və M.M.Nəvvab tərəfindən öz dövrünün zəngin şəxsi kitabxanaları yaradılmışdır.
XIX əsrin sonu XX əsrin əvvəllərində Qarabağda yaranan kitabxanalar əsasən əhalinin savadsızlığının ləğvinə və maariflənməsinə xidmət edirdisə, XX əsrin birinci yarısında isə Qarabağın ayrı-ayrı yaşayış məskənlərində belə kitabxanaların şəbəkələri xeyli genişlənməyə başlamış və əksər insanlar kitabxana xidmətlərindən istifadə etmək imkanına malik olmuşdular.
Məlumdur ki, XX əsrin 70-ci illərində keçmiş sovetlər birliyində, o cümlədən Azərbaycanda da Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və onların filiallarının yaradılmasına başlanıldı. Qarabağın işğala məruz qalmış ərazilərində kitabxanaların mərkəzləşdirilməsi 1976-cı ildə Laçında, Kəlbəcərdə və Zəngilanda 1977-ci ildə Şuşada, 1978-ci ildə Füzulidə, 1979-cu ildə Ağdamda, 1980-cı ildə Qubadlıda və 1983-cü ildə isə Cəbrayılda başa çatmışdır. Yaranmış vəziyyətlə əlaqədar olaraq, yəni Qarabağın işğalından sonraki illərdə, 2011-ci ildə Xocalıda, 2014-cü ildə isə Xocavənddə Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır.
Qarabağın erməni silahlı birləşmələri tərəfindən işğalına qədər Şuşa MKS-i bir mərkəzi kitabxana, 2 şəhər və 17 kənd filialı, uşaq və gənclər kitabxanaların əhatə etmişdir. Şuşada ilk şəhər kitabxanası 1897-ci ilin fevral ayında açılmışdır. Əsası M.M.Nəvvab tərəfindən qoyulan kitabxana-qiraətxana isə əsasən şəhər ziyalılarına xidmət etmişdir. Həmçinin M.M.Nəvvab özünün litoqrafiya- daş mətbəəsində Qarabağ şairlərinin və yazıçılarının əsərlərini çap etmişdir. Kitabxanaların yaradılmasında xan qızı X.Natəvanın oğlu Mehdiqulu xanın, dövrünün tanınmış maarifçisi, həkimi Kərim Bəy Mehmandarovun da xidmətləri olmuşdur. Sovet hakimiyyətinin ilk illərində M.M.Nəvvabın yaratdığı kitabxananı oğlu Miriş Ağa İbrahimzadə işlətmişdir. Bundan bir qədər sonra Şuşa şəhərində əlavə 2 kitabxana; şəhər və uşaq kitabxanaları da fəaliyyətə başlamışdır.
Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1977-ci ilin may ayında yaradılmışdır. Şuşa MKS ilk yaradılanda 1 Mərkəzi Kitabxananı, 1 şəhər kitabxanasını və 17 kənd kitabxana filialını əhatə etmişdir. Sonralar əhali sayının artması, oxucu tələbatının çoxalması nəticəsində yeni şəhər, uşaq və gənclər filiallarının açılmasına da zərurət yaratmışdır. 1991-ci ilin məlumatına görə rayon MKS-də işçilərin sayı 103 nəfər, kitabxana fondunun ümumi həcmi 200 min nüsxə, oxucularının ümumi sayı isə 10 min nəfərdən çox olmuşdur. 1992-ci il may ayının 8-də erməni silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Şuşa rayon MKS-in kitab fondu tamamilə məhv edilmişdir. İşğal zamanı rayon ərazisindəki 32 kitabxana və bu kitabxanalarda saxlanılan qədim əlyazma kitabları, o cümlədən 200 min nüsxədən artıq çap məhsulu yandırılaraq məhv edilmişdir. Kitabxanaların dağıdılması nəticəsində dövlətə 1 milyon 106 min manat həcmində ziyan vurulmuşdur.
Şuşa rayon MKS-i 1993-cü ildən Bakı şəhəri, N.Nərimanov rayonunun Təbriz küçəsi, 2A saylı binanın zirzəmisində fəaliyyət göstərir. Hazırda MKS-in şəbəkəsində oxuculara xidmət şöbəsi, metodika və biblioqrafiya şöbəsi, komplektləşdirmə və kitab işləmə, informasiya-resursları, uşaq şöbəsi, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbələri fəaliyyət göstərir. Cari ilin yekunlarına görə Şuşa MKS-in fondunda 40235 nüsxə ədəbiyyat var. MKS-in işçilərinin sayı 52 nəfərdir. Onlardan 11 nəfəri ali, 35 nəfəri orta ixtisas təhsillidir. Oxucularının sayı 12 min nəfərdən artıqdır. İşğaldan əvvəl 21 filialı var idi, indi isə 12 filialla fəaliyyət göstərir. Hazırkı vəziyyətdə oxuculara kitab verilişi 14065 nüsxə olmuşdur.
Bununla yanaşı, Ağdam, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd rayonlarında, Xocalı şəhərində fəaliyyət göstərən kitabxana sistemləri də erməni vandalizmi, vəhşiliyi nəticəsində məhv edilib, külli miqdarda ziyan çəkib.
Əraziləri erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş rayonların MKS-ləri ilə bərabər, həm də bölgədə mövcud olan Xankəndi Pedaqoji İnstitutunun kitabxanası, yüzlərlə ümumtəhsil məktəblərinin kitabxanaları, orta ixtisas təhsili verən texnikum və peşə məktəbi kitabxanaları da tamamilə məhv edilmişdir.
Bunu da qeyd edək ki, Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində təkcə işğalda olan ərazilərdəki MKS-də deyil, həmçinin respublikanın bir neçə digər cəbhəyanı rayonlarının kitabxanalarına da maddi ziyan vurulmuşdur.
Zəfər ilə başa çatmış 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ bölgəsi erməni işğalından azad edilmişdir. Artıq iki ildir ki, Qarabağda bərpa və abadlıq, quruculuq işlərinə başlanılmışdır. Rayonlarda fəaliyyət göstərən MKS-lərin gələcək bərpası və inkişafı Azərbaycan dövlətinin, xüsusilə də ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzində olan prioritet sahələrdən biridir.
Əlizadə NƏCƏFOV,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Ağcabədi bölgəsi üzrə şöbə müdiri