Hər bir dövrdə cəmiyyətin həyatında xüsusi yeri olan şəxslər, nümunəvi insanlar yetişir. Onlar öz xeyirxah əməlləri ilə tanınır, nüfuz qazanır və sevilirlər. Belələri həyatda olmadıqda da unudulmur, daim hörmətlə yad olunurlar.
Tanınmış ziyalı, nüfuzlu ağsaqqal Seymur Quliyev də belə şəxslərdəndir. Əsl ziyalı, gözəl ailə başçısı olan Quliyev Seymur Şahmar oğlu 1938-ci ildə Ağcabədidə anadan olub. O, orta təhsilini Xəlfərəddin kənd məktəbində (indiki M. F.Axundov adına 3 saylı məktəb-lisey) başa vurub. Bacarıqlı gənc əvvəlcə rayon maarif şöbəsində əmək fəaliyyətinə başlayıb. Lakin bir müddət sonra təhsilini davam etdirməyi qərara alıb. 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub, 1969-cu ildə oranı müvəffəqiyyətlə bitirib. Yüksək savadı və qabiliyyəti ilə fərqlənən Seymur müəllim keçmiş Ağcabədi Rayon Partiya Komtəsində məsul vəzifəyə irəli çəkilib. O, uzun illər burada müxtəlif sahələrdə çalışıb. Səriştəli partiya işçisi həmin dövrdə fədakarlıq göstərib, rayonun ictimai-siyasi işlərində yaxından iştirak edib, əhali arasında böyük hörmət və nüfuz qazanıb. Təsadüfi deyildir ki, göstərdiyi xidmətlərə görə Qırmızı Əmək Bayrağı ordeni, Əməkdə fərqlənməyə görə medalı ilə təltif olunub. S.Quliyev sonralar çalışdığı digər vəzifələrdə də yüksək bacarıq nümayiş etdirib, tapşırılan işlərin öhdəsindən layiqincə gəlib.
Gözəl ailə başçısı kimi tanınan ziyalı həyat yoldaşı Sima Naxçıvanski ilə birlikdə 2 oğul və 3 qız övladı böyüdüb, boya-başa çatdırıb, tərbiyə edib. Onların hamısı ali təhsil alıb. Bu gün onun övladlarının hər biri həyatda və fəaliyyətlərində atalarının yolunu ləyaqətlə davam etdirilər. Təsadüfi deyildir ki, tanınmış ziyalının qızı Mətanət Quliyeva bu gün rayonumuzda böyük hörmət və nüfuz sahibidir. Yaxşı deyiblər ki, ot kökü üstə bitər. M.F.Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb-liseyin direktoru Mətanət xanım atasının adına layiq fəaliyyət göstərir. Təcrübəli pedaqoq gənc nəslin təlim-tərbiyəsində əlindən gələni əsirgəmir. Onun rəhbərliyi altında sözügedən məktəb-lisey rayonumuzun qabaqcıl təhsil müəsissələrindən hesab olunur.
Tanınmış ziyalı, gözəl insan, nüfuzlu ailə başçısı Seymur Quliyev 2019-cu ildə dünyasını dəyişib. Onun xatirəsi bu gün ağcabədililər arasında daim əziz tutulur, hörmətlə yad edilir.
Camal ABBASOV
respublikanın əməkdar müəllimi