Yenidən görüşdük

         Hələ orta məktəbin yuxarı siniflərindən şeir, kiçik hekayələr yazmağa başladım. Sonra necə oldusa, yerli “Aran” ( o vaxt “Sürət” adlanırdı) qəzetinə məqalələr yazıb, qəzetlə əməkdaşlıq etməyə başladım. Doğrusu bunun məhz niyə belə baş verdiyini heç özüm də sona qədər anlaya bilmirdim (Bircə onu bilirdim ki, bizim nəsildə Molla Misirin törəmələrinin hamısı, peşə və sənətindən asılı olmayaraq yazır). Orta məktəbi bitirdikdən sonra Moskvada 2 il hərbi xidmətdə oldum. Nə gizlədim, ordu sıralarından da arabir doğma qəzetə məqalələr yazırdım. Hərbi xidməti başa vurduqdan sonra sənət seçimində xeyli tərəddüd etdim. Çünki yazmağa ötəri həvəs kimi baxırdım. Amma bir az dərindən fikirləşib, sənətdə deyə biləcəyim söz ehtiyatının potensialı haqda qərara gəldim. Qərarım bu oldu ki, yazmaq həvəsi məndə heç də ötəri, nə vaxtsa keçəcək bir maraq deyil. Odur ki, sənədlərimi SSRİ Yazıçılar İttifaqının nəzdindəki M.Qorki adına Ədəbiyyat İnstitutuna verdim. Bu təhsil ocağının “Oçerk və publisistika” fakültəsinə qəbul oldum. Nəhəng bir ölkənin dünyaşöhrətli müəllimlərindən dərs aldım. İnstitutu bitirənbdən sonra uzun müddət Moskvada Azərbaycan Respublikasının nümayəndəliyində indiki səfirlik) və bir neçə böyük şirkətlərdə çalışdım. Eyni zamanda ölkənin nüfuzlu qəzet və jurnalları olan “Stolisa”, “Molodaya qvardiya”, “Nezavizimaya qazeta” kimi mətbu orqanlarında ardıcıl olaraq çap olunudm. İş belə gətirdi ki, 2011-ci ildə Vətənə qayıtdım və yollarımız doğma “Aran”la yenidən kəsişdi. Burada çaışmağa başladım. Artıq 10 ildən çoxdur ki, “Aran”la əl-ələ verərək rayonumuzun salnaməsini yazırıq. Düzdür, əvvəllər qəzetin çapında və vaxtlı-vaxtında oxucularla görüşməsində bir sıra problemlər olurdu. İndi isə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçsı Rafil Hüseynovun ardıcıl diqqət və qayğısı sayəsində qəzetin nüsxəsi 3 min nüsxəyə çatıb. Həftədə 2 dəfə və vaxtında çap olunur. “Aran”ın nəzdində və “Aran Ağcabədi” TV-də fəaliyyət göstərərək, rayonda görülən işlər, əhalinin yaşayış tərzi və qayğıları, eləcə də sosial-iqtisadi inkişafından bəhs edən çəkiliş və verilişlər öz əksini tapır. Bu da oxucu və dinləyicilərin hər şeydən operativ məlumatlandırılmasında böyük əhəmiyyət kəsb edir. Bax beləcə, 1932-ci ildən həyata qədəm qoyan rayonumuzun sevimlisi “Aran” qəzeti keşməkeşli, hamar olmayan yollardan şərəflə keçərək, artıq 90 illik yubileyini qeyd edir. “Aran”ımıza xoş və işıqlı gələcək, eyni zamanda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Yubileyin mübarək, əziz “Aran”. Biz həmişə səninləyik.

Neçə ildir səninlə

Yanaşı addımlayıram.

Sevincin dadını

Səninlə bir dadıram.

Mənim doğma “Aran”ım.

Doxsan ilin mübarək,

Dağ cüssəli “Aran”ım…

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər