Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu və bu, bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir.
Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir. Bundan sonra Azərbaycan-Türkiyə rəhbərliyi altında yeni regional düzənin başlanğıcının əsası qoyulur.
Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bütün bunlarla bərabər sənəddə türk dünyasının gücləndirilməsi, həmrəyliyinin möhkəmləndirilməsi, diaspor fəaliyyətinin genişləndirilməsi, eləcə də medianın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı birgə fəaliyyətə dair konkret müddəaların yer alması bəyannamənin tarixiliyini və əhəmiyyətini olduqca artırır.
Eyni zamanda Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır.
Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və ətraf ərazilərin gözəl turizm imkanları açılacaq.
Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq. Həmçinin Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylər əlaqələndilmiş şəkildə davam etdiriləcək.
Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək iş birliyinin təminatıdır. Qardaş ölkələr arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyib . XX əsrin sonlarında isə ulu öndər Heydər Əliyev “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” söyləyib. Bu mütəffiqlik Şuşa bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoyub.

Azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur.
Ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Mütəffiqlik haqqında imzalanmış Bəyannamədə bu məsələnin əks olunması böyük əhəmiyyətə malikdir.

Bəyannamədə diqqət çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.
İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.
Şuşa Bəyannaməsi ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər