“Aran” qəzeti “Ələk” ədəbi məclisinin rəhbəri Məhsəti Musa ilə söhbəti təqdim edir.
Əminəm ki, oxucularımız sizi yaxşı tanıyır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Aran” qəzetinin redaktorusunuz. Amma bu gün sizinlə sadəcə “Ələk” ədəbi məclisinin rəhbəri kimi söhbət etmək istəyirəm. Məhsəti xanım, “Ələk” ədəbi məclisinin yaranmasını zəruriləşdirən nə oldu və adı niyə məhz “Ələk”?
– Əziz Rəmziyyə xanım, öz qəzetimizə müsahibə vermək mənə bir az qəribə gəlsə də, müsahibə verməkdən nə qədər qaçsam da, nəhayət ki, məni söhbətə çəkməyi bacardınız. Məncə əsl müxbir elə belə də olmalıdır. İnadkar, istədiyi məlumatı əldə etməyi bacaran. Bu, sizdə ən sevdiyim cəhətdir. Müsahibədən qaçmağımın digər səbəbi isə danışmaqdan daha çox iş görməyi sevməyimdir. Sən işini gör, ortada nəticə olsun, onda danışmağa ehtiyac qalmır. Amma madam ki söhbətə başladıq, sualınızı cavablandırım. Bildiyimiz kimi illər öncə Ağcabədidə “Aran” qəzetinin nəzdində “Qaranquş” ədəbi dərnəyi fəaliyyət göstərib. Yazarlarımız uzun müddət bu dərnəyə gəlib, üzv olublar. Və qeyd edim ki, bir çox şairlərin yetişməsində dərnəyin böyük rolu olub. Sonra “Dərk” ədəbi cərəyanı fəaliyyət göstərdi. Ömrü qısa olsa da, vurğulamalıyam ki, yaradıcı gənclərin inkişafında və yetişməsində “Dərk”in rolu danılmazdır. Sonradan isə Ağcabədi ədəbi mühitində böyük boşluq yarandı. Özünü ədəbiyyatın bilicisi sanan bir qrup adamlar gənclərimizi aldatmaqla məşğul olur, ciddi redaktəyə ehtiyacı olan şeirlərini tərifləyib, onları səhv istiqamətdə yönləndirirdilər. Pafos, yalançı təriflərlə dolu, kiminsə kiçik toyuna, kiminsə doğum gününə həsr olunmuş şeirlərin müəllifləri zaman keçdikcə böyük iddialar etməyə, xəyallar qurmağa başladılar. Artıq bu özbaşınalığın qarşısı alınmalı idi, normal ədəbi mühitin yaranması zəruriləşmişdi. O zaman rayon rəhbərliyi də bizə köməklik göstərdi. Məclis üçün Ağcabədi Rayon Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində otaq ayrıldı və 9 il əvvəl “Ələk” ədəbi məclisi yarandı. Şair dostum Gündüz Sevindiklə birgə bu məclisin yükünü çiynimizə götürdük. İlk görüşümüzdə iştirakçılar çox oldu, elə “Ələk” adını da məclisdə təklif etdik və razılığa gəldik. Bu məclisdə yalançı təriflər olamayacaqdı, daha çox tənqidlər üstünlük təşkil edəcəkdi. Buna görə də artıq növbəti görüşlərimizdə ələnib gedənlər çox oldu.
– Hər dövrdə ədəbi məclislərin fəaliyyətində müəyyən çətinliklər olub və maneələr qaçılmazdır. Sizdə bəs necə, olubmu?
– Maneə deyəndə ki, məclisimizdən çıxıb gedən, məqsədləri də hansısa idarə, müəssisə rəhbərinə şeir yazıb, “şirinlik” almaq olan şairlər sonra özlərinə yeni məclis yaradıb, belə deyək, əleyhimizə təbliğatlar aparmağa başladılar. Amma bir misal var “Kor kor, gör gör”. Ədəbiyyatın ardınca düşən insanlar bilirdilər ki, hansı istiqamətdə getmək lazımdır. Yəni ciddi maneəmiz olmayıb. Çətinliklərimiz isə deyərdim ki, daha çox pandemiya dövründə oldu. Çünki o vaxtlarda müntəzəm olaraq, yığışa bilmədik. Həmin ərəfələrdə məclisimizin ən fəal üzvlərindən biri olan Saqif Zeynal maşın qəzasında həlak oldu… Bu hadisə məclisin iştirakçılarını çox sarsıtdı və onlar arasında arasında ruh düşkünlüyünə gətirib çıxardı. Yenidən toplaşmağa heç kimdə həvəs qalmadı. Sonra düşündük ki, elə onun adını yaşatmaq üçün biz yenidən toplaşmalıyıq, məclisə davam etməliyik. Təsadüfə bax ki, “Ələk”in yaranması ilə Saqifin doğum günü eyni tarixdədir. 14 yanvar. Və biz bu ilin yanvarından yenə də ayda 2 dəfə olmaqla toplaşırıq, artıq yeni üzvlər də cəlb etmişik.
– Geridə qoyduğunuz 9 il “Ələk” və ələkçilər üçün necə yadda qalıb?
Belə deyək, pandemiya dövrünə qədər nələr etdiyimizin fərqində deyildik. Yəni gördüyümüz işin böyüklüyünü hiss eləmirdik. Amma durğunluq dövründə dönüb geriyə baxdıqda gördük ki, əslində nə qədər işlər görmüşük. “Ələk” ədəbi məclisində yetişən gənclər vardı ki, artıq onlar tanınmağa başladılar, imzaları qəbul edildi, oxundu. Tanınmış söz adamları, tənqidçilər onların şeirləri haqqında fikirlər yazdılar. Mətbuatda bu məclisin fəaliyyəti işıqlandırıldı, bizdən müsahibələr alındı. Bu gün artıq Ağcabədi ədəbi mühiti deyiləndə mütləq şəkildə ağla gələn “Ələk” ədəbi məclisi və onun üzvləri olur. Və bu da bizim uğurumuzdur.
– “Ələk” ancaq şair və yazarlar yetişdirir desək, doğru olar?
Yox deməzdim. Əvvəldə də qeyd etdim ki, bəzi “meydan sulayan şeir yazanlar” gəncləri səhv istiqamətləndirirdilər. Məhz biz onları təkcə yazar deyil, vətənpərvər gənclik kimi yetişdirməyi, əqidəli insan olmağı, düzgün seçim etməyi, yaxşını, pisi ayırd etməyi öyrətməyi bacardıq. Eyni zamanda məclisə təkcə yaradıcı insanlar gəlmir, bizim dinləyici, qiraətçi üzvlərimiz də var. Onlar da yaxşı bir oxucu kimi yetişirlər.
İstedadlı gənclərin üzə çıxarılması, onlara dəstək olmaq üçün əlinizdən gələni edirsiniz. İlk vaxtlar onlarla işləmək çətin olmur ki?
Əlbəttə, çətinliklər qaçılmazdır. Ümumiyyətlə, bilirsiniz ki, yaradıcı insanlar çox ərköyün olur. Mənəmmənəmlik edən, iddialı olan, tənqiddən inciyib küsən gənclərimiz olur. Küsüb gedirlər. Amma digər mühitləri, daha doğrusu mühitsizlikləri görüb, yenidən bizim aramıza dönürlər. Ələk bir daha onlara qucaq açır. Necə deyim, görürsünüz bəzən evdə nadinc, ərköyün uşaq səhv edir, valideynləri incidir.Amma valideyn onu atmır, yenidən köksünə sıxır. Bax bizim məclisdə də Gündüz Sevindik və mən hərdən etdikləri səhvlərinə baxmayaraq gənclərimizin arxasında dayanırıq.Onlar hətta dəfələrlə yanlış addım atsalar belə, bütün ərköyünlüklərini istedadlarına bağışlayıb yenidən əlimizi uzadırıq.
“Ələk” ələyə bilibmi?
Mən düşünürəm ki, bunu bacarmışıq. İlk məclisimizə gələnlərin sayı ilə sonrakı görüşdəkilərin sayını müqayisə etsək aydın olar ki, yaxşıca ələnmə olub.Əlbəttə ki, ilk gün gələn 40-45 nəfərin içindən cəmi 5-6 nəfər istedad tapmağa ümidli idik. Bu belə də olmalı idi. Biz şeir yazan yox, şair axtarırdıq.
İstərdim ki, “Ələk”in ən yadda qalan, hələ də unutmadığınız xatirələrindən danışasınız.
Xatirələr çoxdur. Onlar bir qəzet səhifəsinə sığışa biləcək qədər deyil. Sadəcə onu deyim ki, məclisdə ancaq şeir oxuyub, geri qayıtmamışıq. O qədər mübahisələrimiz olub ki. Söz üstündə möhkəm “dava”lar düşürdü. Ələyin sosial şəbəkə səhifəsindəki köhnə tarixli şəkillərə baxsanız, o emosianallığı açıq-aydın görə bilərsiniz. İndi biz həmin günləri gülə-gülə, sevə-sevə xatırlayırıq. Dalaşırdıq, məclis bitəndən sonra heç nə olmamış kimi mehribancasına xatirə şəkilləri çəkdirib sağollaşırdıq.
Ağcabədi ədəbi mühiti siz qane edirmi?
Müəyyən bölgələrimiz var ki, orada heç ədəbi mühitin işartısı yoxdur. Təbii ki, müqayisə edəndə az işlər görülməyib. İstedadlı gənclərimiz var, amma düşünmürəm ki, ədəbi mühit qane edəcək dərəcədədir. Daha çox iş görmək olar. Təəssüflər olsun ki, digər qayğılar da var. Məsələn, hər həftə toplaşsaq, müzakirələrimiz olsa işimiz daha effektiv olar. Amma bu gün əvvəlki illərə nisbətən az, yəni ayda 2 ya 3 dəfə toplaşırıq. Hər halda, buna da şükür…
Ələkçilər arasında qısqanclıq olurmu?
Qısqanclıq deməzdim, sadəcə gənclər arasında bir-birinin sözünü həzm etməmək olub hərdən. Amma bu, normaldır. Zamanla hər şey düzəlir.
Sizin öz yaradıcılığınıza təsir edən, əlinizdən tutan, istiqamət verən kimsə olubmu?
Mən ilk şeirimi 2-ci sinifdə yazmışam. Və çox təəssüf edirəm ki, evdə şeirimi oxuyanda özü də yaradıcı biri olan anam heç bir reaksiya vermədi, sadəcə dinləyib gülümsədi və işinə davam etdi. Düşündüm ki, anam şeiri mənim yazdığıma inanmadı. Uşaq olsam da, bu mənə pis təsir etdi və yaddaşımda iz saldı. Hətta bir dəfə qardaşımın zarafatlarına dözməyib şeirlərimi yandırmışam da…
Əslində anam istedadlı gənclərə həmişə böyük diqqət göstərib. Gözlərimin qarşısında şagirdlərinin şeirlərini doğma “Aran” qəzetinə aparırdı, çap etdirirdi, uğurlar arzulayırdı. Amma nədənsə mən o diqqətdən kənar qalmışdım. Bəlkə də daha çox məsuliyyət hiss etməyim üçün bunu edirdi. Və ya, sadəcə öz yaxınlığında olanlar diqqətini çəkmirdi. Bir dəfə şeirlərimi anama verdim ki, “Aran” qəzetinə versin. O, götürdü, lakin xeyli müddət sonra təsadüfən hansısa kitabın arasından düşdü şeir yazdığım vərəq. Təsəvvür edirsiniz, qəzetdə çap olunacağını intizarla gözlədiyim şeirlər sən demə qatlanıb bir kitabın arasında “yatırmış”… Və beləcə, zamanla özümə qapandım, yazmağına yazdım, amma bunu özümdə saxlayırdım. Düşünmürdüm ki, nə zamansa kitabım olar. Sadəcə özüm üçün yazırdım.
Artıq tələbə idim. Bir gün “Aran” qəzetinin keçmiş redaktorlarından olan Fazil Sarvan Cəfərli anamla məni yolda gördü. Deyim ki, Fazil müəllimin rayonun bir çox yaradıcı gənclərinin üzə çıxarılmasında əməyi böyükdür. Hə, o, salamlaşan kimi mütləq şəkildə anama dedi ki, bu qızın şeirlərini yığın, kitabını çap elətdirək. “Yaxşı”-deyib sağollaşdıq. Elə söhbət oradaca da yadımızdan çıxdı. Lakin iki gün keçməmiş Fazil müəllim birbaşa evimizə gəldi. Şeirləri tələb etdi. Bundan sonra söz verdik ki, qısa vaxtda şeirləri yığıb ona təhvil verəcəyik. Nəhayət yazdıqlarımı redaktə və korrektə etmək üçün dəftərimi istəyən anam onları oxuduqca üzündəki təəccübü aydınca görə bilirdim. Həvəsə düşüb yazdığım bir poemanı oxuyanda isə “Sən bunu nə vaxt yazmısan?” sualını ünvanladı mənə. Bəlkə də indi anam bunu oxuyub məni qınayacaq. Amma doğrudan da o sual mənə sillə kimi dəymişdi… Yəni belə deyim, gözümü açıb anamın sayəsində kitabların içində böyümüşəm, evimizin qonaqları çox vaxt qələm adamları olub, anam özü də yazırdı,atamla müxtəlif əsərlər haqqında söhbətlər edirdi və mən bunların hamısını eşidirdim, görürdüm. Bir sözlə, mənim yazmağım üçün əsl mühit var idi. Amma məni özümə inandıran, necə deyərlər, qolumdan tutub bu yolla getməyə vadar edən insan Fazil Sarvan Cəfərli oldu. Əminliklə deyirəm ki, o olmasaydı Məhsəti Musa imzası da olmayacaqdı…
Bəlkə də anamla bağlı söylədiklərim oxuculara xoş görünməyəcək. Amma əslində bu haqda ona görə danışdım ki, valideynlər övladlarına qarşı daha həssas olsunlar.Bəzən adi, ötəri sandığımız bir məqam ömürlük o uşaqların qəlbində qalır. Hansısa uğurlu addım atmasına mane olur. Ana haqqı ödənilməzdir. Mənim anam da fədakar qadındır. Ömrünü-təkcə ömrünü yox, nəyi vardısa hamsını övladaları üçün fəda edib. Amma bəzən övladın uğurlu addım atması üçün fədakarlıq etmək yox, sadəcə onları dinləmək və özünəgüvən yaratmaq yetər.
“Ələk”lə bağlı gələcək planlarınız
Gələcək üçün bu ədəbi məclisi daha da genişləndirməklə bağlı fikirlərimiz var. Bakı şəhərindən, eləcə də, digər bölələrimizdən qonaqlarımız hər zaman olub. Əsasən də Gündüz Sevindiyin təşəbbüsü ilə bu qonaqlar Ağcabədidə olub və deyərdim ki, məclisimizin tanınmasında onların da öz rolu var. Düşünürəm ki, bölgələrimizdə müxtəlif tədbirlər, o cümlədən ağcabədili yazarların kitablarının təqdimatını keçirmək olar. Planlarımız var və zaman lazımdır ki, biz onları həyata keçirək.
Söhbətləşdi: Rəmziyyə HƏSƏNOVA