Rəqiblərimizi tanıyaq

İki gün öncə İsveçrənin Nyon şəhərində ölkəmizi UEFA Çempionlar Liqası və UEFA Konfrans Liqasında təmsil edəcək klublarımızın rəqiblərinin adlarına aydınlıq gəldi. Püşkətmanın nəticələrinə əsasən Azərbaycan premyer liqasının qalibi “Qarabağ” Polşa çempionu “Lex”, ölkə çempionatının gümüş mükafatçısı “Neftçi” Cənubi Kiprin “Aris”, Konfrans Liqasındakı tımsilçilərimizdən “Qəbələ” Macarıstanın “Fehervar”, “Zirə” isə İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə qarşılaşacaq.

Indi isə gəlin, qitəmiqyaslı yarışlarda ölkəmizi təmsil edəcək klublarımızın rəqiblərini daha yaxından tanıyaq. Hər halda, rəqib düşərgəsinə boylanmaqla sözügedən komandaları ayrı- ayrılıqda dəyərləndirmək maraqlı olar.

Çempionlar Liqasında ölkəmizi tımsil edəcək Ağdamın “Qarabağ” komandası ən nüfuzlu klub turnirinin birinci təsnifat mərhələsində qarşılaşacağı Polşa çempionu “Lex” bu mövsüm 2014/2015-ci illər mövsümündən sonra ilk dəfə qızıl medallara sahib çıxmaqla 8-ci dəfə ölkənin ən güclüsü adını qazanmış oldu. Bu il 100 yaşını qeyd edən Poznan təmsilçisi beş dəfə ölkə kubokunu, altı dəfə isə Polşa Super Kubokunu qazanması ilə diqqət çəkir. Qitəmiqyaslı yarışlarda ən böyük uğuru Avropa Liqasında 1/16 final mərhələsinə yüksəlmək olan “Lex” bunu ilk dəfə 2009-cu ildə, hələlik sonuncu dəfə isə 2011-ci ildə bacarıb. UEFA Çempionlar Liqasında maksimum 3-cü təsnifat mərhələsinə qədər irəliləməyi bacaran Polşa təmsilçisi sonuncu dəfə iki mövsüm öncə qatıldığı Avroloqanın qrup mərhələsinə yüksəlməyi bacarsa da, qrupda sonuncu pilləni tutmuşdu.

“Ev”  oyunlarını 42 min 269 yerlik Poznan stadionunda keçirən Polşa tımsilçisini debütü “Qarabağ”la matçda baş tutacaq hollandiyalı Con van den Brom çalışdırır. Əcnəbi mütəxəsis bu postda müqaviləsi ötən mövsümün sonunda başa çatan və şəxsi səbəblərinə görə müqavilısini uzatmayan Maçey Skorjanı əvəzləyib.

Ötən mövsüm üçün “Lex”in ən dəyərli oyunçuları yeni mövsümdən Almaniyanın “Volfsburq” komandasında top qovacağı rəsmiləşən Yakub Kaminski və Kiyev “Dinamo”sundan ötən mövsüm üçün icarəyə götürülən Tomaş Kedzioradır. Hazırkı heyətdə ən dəyərli Mikael İşakdır – 3 milyon avro. Vaxtilə Azərbaycanda “İnter” (hazırkı “Şamaxı”) və “Qəbələ”nin formasını geyinmiş Nika Kvekveskiri də bu klubun uğurları üçün çalışır.

Poznan təmsilçisi ilə bağlı maraqlı məqamlardan biri də odur ki,  Polşa “Lex”i Azərbaycan klubları ilə ən çox görüşən komandalardandır. Bütün hallarda mərhələ adlayan rəqib iki dəfə “Xəzər Lənkəran”ı, bir dəfə isə “Karvan” və hazırda fəaliyyətini “Şamaxı” adı altında davam etdirən “İnter”i mübarizədən kənarlaşdırmışdı.

10 ildən sonra Azərbaycan klubuna avrokubok yarışında rəqib olan Polşa təmsilçisi 2005\2006-cı illər mövsümündə artıq tarixin yaddaşına köçmüş İntertoto kubokunda Yevlaxın “Karvan” komandasını hər iki matçda məğlub etməklə (1:2, 0:2) mərhələ adlamışdı. Bundan iki il sonra UEFA kubokunda “Xəzər Lənkəran”ı da hər iki qarşılaşmada yenən (0:1, 1:4) polyaklar təmsilçilərimizdən ilk məğlubiyyəti isə 2010/2011-ci illər mövsümündə paytaxtın “İnter” komandasından almışdı. Həmin vaxt “Lex”ə doğma publika qarşısında bir cavabsız qolla uduzan Bakı klubu Poznanın “Miejski” stadionunda eyni hesabla qalib gəlmişdi. Ancaq təəssüf  ki, “Lex” “lotoreya”da bakılıları 9:8 üstələyərək mərhələni adlayan tərəf olmuşdu. Azərbaycan klubları ilə “Lex”in yolu sonuncu dəfə isə 2012/2013-cü illər mövsümündə kəsişmiş və həmin vaxt UEFA kubokunun ikinci təsnifat mərhələsində Lənkəranda “Lex”lə heç-heçə (1:1) oynayan “Xəzər Lənkəran” səfərdə minimal hesabla uduzmaqla mübarizəni dayandırmışdı. Ümumiyyətlə, Polşa klubları ilə avrokubok mübarizəmiz heç də uğurlu alınmır. “Qarabağ”ın müxtəlif illərdə bu ölkənin “Visla”, “Pyast” və “Legiya”nı “Qəbələ”nin “Yagelloniya”nı mübarizədən kənarlaşdırmasını nəzərə almasaq, qələbəyə həsrətik. Müxtəlif illərdə “Xəzri”nin ” Qutnik”ə (9:0, 2:2), “Neftçi”nin “Vidzev”ə (0:2, 0:8), “Kəpəz”in LKS-ya (1:4, 1:3), “Viləş”in “Zaqlembe”yə (0:4, 1:3), MKT-Araz”ın “Qrotslin”ə (0:0, 0:1) məğlub olması acı mənzərəni ortaya qoyur.

Əsası 1930-cu ildə qoyulan və Limassolun tarixi klublarından sayılan “Aris” 92 illik komanda olsa da, ciddi uğuru yoxdur. Komandanın ən böyük uğuru 1989/1990-cı illər mövsümündə Kipr kubokunu qazanmaq olan “yüngül briqada”nın yerli çempionatda titulunun olmaması, ölkənin 1-ci divizionunda isə 5 dəfə hamıdan güclü adını qazanması vurğulanmalıdır. “Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi son mövsümü 4-cü pillədə başa vurmaqla qitəmiqyaslı yarışlara qatılmaq hüququ qazanıb. Oyunlarını ı 13 331 nəfər azarkeş tutumuna malik “Tsirion Stadionu”nda keçirən “Aris”ə 34 yaşlı Aleksey Şpilevski başçılıq edir. Komandanın ortalama yaş həddi 27,3-dür. “Yaşıl-ağlar”ın ən dəyərli oyunçusu, hücumçu Marius Stepinskidi. 27 yaşlı polşalının transfer bazarında qiyməti 2,5 milyon avrodur. Belarus millisinin futbolçusu Yevgeni Yablonskinin isə bazar dəyəri 1,25 milyon avro qiymətləndirilir. Hansı ki, hər iki futbolçunun yetərincə zəngin avrokubok təcrübəsi var.

İndiyə kimi “Aris” Azərbaycan klubları ilə qarşəlaşmasa da, bu duel Kipr tımsilçiləri ilə “Neftçi”nin ilk qarşıdurması deyil. Düz 27 il öncə APOEL-ə (0:0, 0:3) uduzan ağ-qaralar avrokuboklardakı həlılik ən böyük uğurunu da məhz APOEL-lə oyunda qazanmışdı. On il öncə evdə sözügedən komanda ilə heç-heçə (1:1) oynayan “flaqman” səfərdə 3:1 hesabı ilə qalib gəlməklə Azərbaycan futbolu tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsində oynamaq hüququ əldə etmişdi. Ən maraqlı məqamlardan biri isə odur ki, “Qəbələ” klubu da ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlmək üçün məhz Kipr klubunu üstələməli olmuşdu. 2015-ci ilin yayında “Apollon”la səfər matçından sərfəli hesabla dönən (1:1) “qırmızı-qaralar” doğma azarkeşləri önündə minimal hesabla qalib gəlməklə qrup mərhələsinə adlamışdı. Ötən mövsüm tarixində ilk dəfə Konfrans Liqasında çıxış edən “Qarabağ” isə “Omoniya”nı iki oyunun nəticəsinə görə üstələmiş (4:1, 2:2) və mərhələ adlamışdı. Buna qədər isə öncəki mövsüm AEL klubu eyni aqibəti yaşamış və iki oyunun nəticəsinə görə (1:1, 1:0) Avropa Liqası ilə vidalaşmışdı. Amma “Qarabağ”ın Kipr klubları ilə oyunları heç də həmişə bizim üçün xoş sonluqla bitməmişdi. Ən maraqlısı isə odur ki, “köhlən atlar” bu ölkənin APOEL klubuna bir avrokubok mövsümündə iki müxtəlif  turnirdə ikin dəfə uduzmuşdu. Belə ki, 2019/2020-ci illər mövsümündə UEFA Çempionlar Liqasında APOEL-ə iki matçın nəticəsinə görə məğlub olaraq (2:1, 0:2) mübarizəni Avroliqada davam etdirən Qurban Qurbanovun komandası turnirin qrup mərhələsində yenidən sözügedən komandaya rəqib olsa da, bu dəfə də qələbəyə həsrət qalmış (1:2, 2:2) və qrupdan çıxa bilməmişdi.

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”yə rəqib olan “Makkabi” ölkəsinin ən titullu klubu sayılır. Ümumilikdə 23 dəfə çempion, 24 qat ölkə kubokunun qalibi olmaqla yanaşı, 7 dəfə qızıl dubl edən Təl-Əviv təmsilçisinin 5 dəfə İsrail Super Kubokunu qazanması da qeyd olunmalıdır. Əsası 1906-cı ildə qoyulan İsrail klubunun avrokubok təcrübəsinin böyük olması diqqət çəkir. Belə ki, 1992-ci ildən avro kuboklarda çıxış edən komanda 2004-05, 2015/16 mövsümündə Çempionlar Liqasının, 2011/2012, 2013/2014, 2016/2017 və 2017/2018-ci “futbol ili”ndə Avropa Liqasının qrupunda oynayıb. İsrail təmsilçisi Avropanın ikinci ən nüfuzlu turnirinin 2013/14 mövsümündə APOEL, “Ayntraxt”, “Bordo” kimi klubların yer aldığı F qrupundan çıxmağı bacarsa da, 1/16 final mərhələsində “Bazel”ə məğlub olaraq mübarizəni dayandırıb. Həmçinin İsrrail təmsilçisinin iki dəfə də Asiya Çempionlar Liqasını qazandığını da qeyd etməliyik. Komandanın baş məşqçisi həfətiçi bu posta təyinat alan baş məşqçisi Vladimir İviçdir. Təl-Əviv şəhərinin komandasının büdcəsi 17,3 milyon avro təşkil edir. Klubunun ən bahalı futbolçusu serbiyalı hücumçu Cordje Yovanoviçdir. Onun transfer dəyəri 2,5 milyon avrodu. Klub UEFA reytinqində 61-ci yerdə qərarlaşıb.

“Makkabi” avrokuboklarda mütəmadi iştirak edir. Komanda  beynəlxalq arenada 4 dəfə Azərbaycan təmsilçiləri ilə üz-üzə gəlib. 2 dəfə “Qarabağ”, 2 dəfə də “Xəzər Lənkəran”la qarşılaşan İsrail komandası bu matçlarda 2 qələbə qazanıb, 2 dəfə heç-heçə edib. Ən maraqlısı isə odur ki, “Qarabağ” Azərbaycan futbolu tarixində ilk dəfə 1999-cu ildə İntertoto kubokunda məhz “Makkabi”ni iki oyunun nəticəsinə görə (2:1, 0:1) məğlub etməklə mərhələ adlamışdı. İsrail komandaları üzərindəki digər qələbəmiz də “Qarabağ”ın adı ilə bağlıdır. Belə ki, Ağdam klubu 2021-ci ildə  “Aşdod”u ümumi hesabda (0:0, 1:0) yenməyi bacarmışdı. Digər duellərdə isə müxtəlif dövrlərdə “Neftçi”, “Xəzər Lənkəran”, “Simurq” kimi klublarımız “Makkabi”, “Bney Yehuda”,  “Hapoel” və Hayfa “Makkabi”sinə uduzmuşdular.

Konfrans Liqasında 2-ci təsnifat mərhələsində “Qəbələ”yə rəqib olan Macarıstanın “Fehervar” komandası bir neçə ad dəyişikliyinə məruz qalsa da, Kifayət qədər zəngin tarixə malik klubdur. Ölkə çempionatında ilk uğurunu 1975/1976-cı illər mövsümündə çempionatı 2-ci pillədə başa vurmaqla qazanan komanda daha iki dəfə – 2015 və 2018-ci illərdə gümüş mükafat qazanmışdı. Komanda üç dəfə isə ölkə çempionu adını qazanıb. Tarixi ərzində 2 dəfə kubok, 3 dəfə liqa kubokunu qazanan komandanın beynəlxalq səviyyədə də böyük uğurları da var. Belə ki,1985-ci ildə UEFA Kubokunun finalında çıxış edən “Fehervar” “Real Madrid”ə 0-3 hesabı ilə məğlub olmuşdu. Həmin mövsüm komandanın 2-ci mərhələdə PSJ-ni, 1/4 finalda isə “Mançester Yunayted”i mübarizədən kənarlaşdırdığını da diqqətinizə çatdıraq. Bundan əlavə, 2012/2013 və 2018/2019-cu illər mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış etdiyini də vurğulamalıyıq. Oyunlarını Sekeşfexervar şəhərində yerləşən “Sostoi” stadionunda keçirən və son mövsümü dördüncü pillədə bitirən komandaya ötən ildən almaniyalı Mixail Boris rəhbərlik edir.

İndiyə qədər heç vaxt klublarımıza rəqib olmayan “Fehervar”ın təmsilçisi olduğu Macarıstandan isə elita klublarımıza tanış rəqiblər var. Belə ki, 2016/2017-ci illər mövsümündə “Qəbələ”, 2018-ci ilin yayında isə “Neftçi” Macarıstan klubu ilə üzləşmişdi. Nəticələrə g\lincə, “Qəbələ” MTK-nı hər iki oyunda (2:1, 2:0) məğlub etmişdisə.”Uypeşt”lə ilk oyunda qalib gələn “Neftçi” səfərdə 0:4 hesabı ilə uduzmaqla mübarizəni dayandırmışdı.

Tural Məmmədov

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər