İnsanlar məcmusu olan cəmiyyətin daxilində gedən prosesləri dərk etmək çətindir. Çünki, insan münasibətlərinin əsasında dayanan problemlərin hamısının mənbəyi cəmiyyətdir. Cəmiyyəti idarə etmək, düzgün məcraya yönəltmək, baş verən prosesləri obyektivcəsinə onun özünə çatdırmaq siyasi liderlərdən xüsusi bacarıq, yüksək intellekt, dərin nəzəri hazırlıq, həyat yollarında sınaqdan çıxmış təcrübə tələb edir. Yalnız yüksək liderlik xüsusiyyətlərinə, zəngin həyat təcrübəsinə, dərin zəkaya, hərtərəfli intellekt səviyyəsinə, geniş dünyagörüşə, yüksək vətənpərvərlik hissinə, idarəçilik və dövlətçilik səriştəsinə malik olan şəxslər xalqların öz milli müstəqilliyini yaşatmağa, gücləndirməyə və dünya miqyasında tanıtmağa qadirdilər. Bəşəriyyət tarixində buna dair kifayət qədər faktlar var. Bu baxımdan, Azərbaycan xalqının dahi oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin mənalı və şərəfli ömür yolu önəmli əhəmiyyət kəsb edir.
29 il əvvəl Azərbaycan xalqı min illər ərzində qazandığı dövlətçiliyi itirmək təhlükəsi qarşısında idi. Ancaq Ulu Tanrı bu xalqı yarı yolda qoymadı. Onu öz içərisində, özünün bağrında yetişmiş övladı xilas etdi. Bu yenilməz insan, böyük siyasi lider Heydər Əlirza oğlu Əliyev idi. Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi məhz böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hələ sağlığında canlı əfsanəyə çevrilib, əməlləri isə Vətənə və xalqa sədaqət nümunəsi olub. 1993-cü il iyunun 15-də ulu öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etdi. Ona görə də həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. 1969-1982-ci illərdə Azərbaycana uğurla başçılıq edən, 1982-1987-ci illərdə SSRİ kimi nəhəng bir dövlətin rəhbərliyində önəmli yer tutaraq adını dünyanın XX əsr siyasi tarixinə qızıl hərflərlə yazan Heydər Əliyevin respublikamızda hakimiyyətə qayıdışı xalqımızın israrlı tələbi, o zamanki iqtidarın və digər ictimai-siyasi qüvvələrin təkidli xahişləri əsasında baş verdi.1991-ci ilin oktyabrında müstəqilliyini ikinci dəfə qazanmış respublikamız 1993-cü ilin iyununa qədər olan müddətdə çoxsaylı dövlət çevrilişləri, böhranlar, xaos və çaxnaşmalarla qarşılaşıb. 1993-cü ilin iyununda böhran son dərəcə kəskinləşmişdi. Belə vəziyyətdə Azərbaycanın əsl xilaskara ehtiyacı var idi. Həmin vaxt hamının nəzərləri Naxçıvana dikildi. Azərbaycanın yalnız Heydər Əliyevin təcrübəsi, müdrikliyi, iradəsi ilə xilas olunacağına heç kəs şübhə etmirdi. Buna görə də Azərbaycan dövlətinin 70 ildən sonra qazandığı müstəqilliyinin itirilməsi təhlükəsi reallaşanda, xalq öz liderini hakimiyyətə gəlməyə, dövlətimizi xilas etməyə dəvət etdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə siyasi tələb deyildi, bu artıq dövrün ictimai tələbatına çevrilmişdi. Hətta iş o yerə çatmışdı ki, AXC-Müsavat təmsilçiləri parlamentin iyunun 15-də keçirilən iclasında Heydər Əliyevdən öz təhlükəsizlikləri üçün təminat istəmişdi.
“Əgər mən bu işə öz vicdanımın tələbi ilə, ən çox Azərbaycan əhalisinin müxtəlif təbəqələrinin nümayəndələrinin təkidi və tələbi ilə, Azərbaycan prezidenti Əbülfəz Elçibəyin xahişi ilə cəlb olunmuşamsa, deməli, mən burada bu işlərin həll olunması üçün bütün imkanlarımdan istifadə edəcəyəm. Bu barədə heç kəsin şübhəsi olmasın” – deyən Heydər Əiyev öz missiyasını yerinə yetirməyə başladı və qısa müddət ərzində ölkədə sabitlik yaratdı, vətəndaş müharibəsinin qarşısı alındı, silahlı qruplaşmalar zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, iqtisadiyyatın inkişafı üçün əsaslı və cəsarətli islahatlar həyata keçirilərək, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, bir sözlə bu günkü qüdrətli ölkəmiz iqtisadi cəhətdən dirçəldi, bazar iqtisadiyatının şərtlərinə yavaş-yavaş uyğunlaşmağa başladı, iqtisadi və sosial islahatlar start götürdü. Yeni qanunlar və qərarlar dövlət və hökümət strukturlarında müsbət dəyişikliklərə imkan yaratdı. “Əsrin müqaviləsi” kimi nəhəng bir layihə həyata vəsiqə aldı ki, bu da dövlətin imicinin yüksəlməsində çox böyük rol oynadı. Daha sonra bir sıra mütərəqqi və qəti tədbirlər sayəsində respublikamız Avropa Şurasına üzv qəbul olundu. Bir sözlə, ötən əsrin son on illiyi Azərbaycanımızın tarixinin ən şanlı səhifələrinə çevrildi. Bütün bu uğurlar ulu öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün oldu. Əgər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycanın parçalanıb məhv olmaq təhlükəsi reallaşacaq, indiki qüdrətli dövləti qurmaq mümkün olmayacaqdı. Bu gün hər bir sahədə qazanılan nəaliyyətlər Heydər Əliyevin hakimiyyətə qayıdışının xilaskarlıq missiyasının bəhrəsi hesab olunur.
“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən, şərəfli həyatını Azərbaycanın xoşbəxt gələcəyinə həsr edən ulu öndərin bir vəsiyyəti var idi, torpaqlarımız işğaldan azad olunsun. 8 noyabr 2020-ci ildə Azərbaycanın tacı olan Şuşa şəhərinin azad olması münasibəti ilə xalqa müraciətində: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”, söyləyən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcək.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Heydər Əliyev fenomeni vardır. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcək, Azərbaycan var olduqca ulu öndər Heydər Əliyev ideyaları qədirbilən xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.
Natiq ƏLİŞOV,
Ağcabədi Rayon İcra Hakimiyyəti sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi