IX Qlobal Bakı Forumu çaxnaşan dünyanı nizama səslədi

         İyun  ayının 16-da Bakıda  daha bir mötəbər Beynəlxalq tədbir işə başladı. Ölkə Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən forum əhatə etdiyi məsələlərə görə ən sanballı beynəlxalq tədbirlərdən biridir.

         İndi artıq hər kəs əyani olaraq görür ki, dünyada sivilizasiyaya, beynəlxalq hüquqa, sülhə, əməkdaşlığa söykənən davranışdan çox gücə, iqtisadi üstünlüyə və hegomonluğa söykənən tendensiya üstünlük təşkil edir.

         Bu isə bəşəriyyəti fəlakətə aparır. Böyük dövlətlərin “parçala hökm sür” siyasətinin acı nəticələri bəşəriyyətə  aclıq, qaçqınlıq,  fəlakət gətirir. İnsan hüquq və azadlığı, bir dövlətin digər dövlətin daxili işlərinə qarışmaması, qarşılıqlı etimad və əməkdaşlığı təbliğ edən Beynəlxalq təşkilatlar isə dünya nizamını pozan proseslərə ya biganə qalır, ya da yumşaq desək təsir göstərməyə gücləri çatmır.

         Belə bir məqamda dünyanın gələcəyi üçün bütün bəşəriyyətə lazım olan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu ümumi rifahın təmin olunmasına səsləyən mötəbər platforma oldu. Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğuladı ki,  aparılacaq müzakirə və fikir mübadilələri pozulmaqda olan dünya düzəninin nizama salınması baxımından çox əhəmiyyət kəsb edəcəkdir. Cənab Prezident çıxışında onu da qeyd etdi ki,  qlobal problemlərin həlli bəşəriyyətin gələcəyi üçün ən önəmli məsələdir.

         İyun ayının 16-da  başlayan və iyunun 18-də başa çatan IX Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsinin nüfuzlu siyasətçisi, görkəmli adamların, beynəlxalq ekspertlərin, sabiq hökumət və dövlət başçılarının iştirak etməsi bu tədbirin xüsusi sanbala malik olmasının göstəricisidir. Müzakirə və çıxışlarda dünyanı təhdid edən bir çox məsələlər müzakirə obyektinə çevrilmiş, baş verən proseslərə münasibət bildirilmiş və qeyd olunmuşdur ki, beynəlxalq təşkilatlar, hər bir ölkə dünyanın təhlükəsizliyi üçün öz töhfəsini verməlidir.

         Bakı Forumu  hamımızın vahid  evi olan yer kürəsində yaşayan əhalinin sülh və əməkdaşlıq şəraitində yaşamasına əngəl olan proseslərə qarşı bir çağırış olaraq  dünyamızı  daha təhlükəsiz etmək üçün mühüm bir beynəlxalq tədbir kimi yaddaşlara həkk olundu.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

                                                          

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər