10 fevral 1828-ci ildə Azərbaycanı ikiyə parçalayan Türkmənçay müqaviləsi imzalanmışdır. 11 fevral 1829-cu ildə bu müqavilənin müəlliflərindən biri, Rusiyanın İrandakı səfiri Aleksandr Qriboyedov Tehranda öldürülmüşdür. Necə deyərlər, gen qaz, dərin qaz, özün düşəcəksən. İş elə gətirib ki, maraqlı dairələr Türkmənçay müqaviləsinin və A.Qriboyedovun öldürülməsinin ildönümü cəmi bir gün fərqi ilə qeyd etməli olublar. Bu da bir əlamətdardır.
Sovet dərsliklərindən və Azərbaycan Sovet Ensiklopediyasının 3-cü cildindən, necə deyərlər, mələk kimi boylanan A.Qriboyedov, əslində, şovinist rus hərbçisi və diplomatı, türklüyün və müsəlmanlığın qatı düşməni olub. Onun rus hərbçisi və diplomatı olaraq cənubi (Güney) Qafqazda və İranda törətdikləri, təbiidir ki, emissarı olduğu dövlətin maraqlarından irəli gəlib. Lakin İrəvan xanlığını zəbt etmiş feldmarşal İ.Paskeviçin qaynı, İrəvan və Naxçıvan xanlıqları hesabına yaradılmış Erməni vilayətinin rəisi Çarçavadzenin kürəkəni olaraq o, daha dərinlərə getmişdi. Rus ordusunun tərkibində İrəvan qalasına hücumda fəal iştirak etmiş və “İrəvan qalasının alınamsına görə hərbi medalı ilə təltif olunmuşdu. Rus ordusunun Naxçıvan, Abbasabad, Cavanbulaq, Qarni və Artaşat uğrunda apardığı döyüşlərdə də, təbiidir ki, müsəlmanlara-azərbaycanlılara qarşı vuruşmuşdu. Bədnam Türkmənçay müqaviləsinin hazırlanması və imzalanmasında, ermənilərin kütləvi surətdə İrandan Şimali (Quzey) Azərbaycana köçürülməsində isə A.Qriboyedovun rolu daha böyük olub.
A.Qriboyedovun Rusiyanın səfiri olaraq Cənubi (Güney) Qafqaza və İrana ayaq qoyduğu gündən ermənilərlə dil tapdı və dostlaşdı. Bütün ermənilərin katolikosu Nerses Aşataraketsi və Fətəli şahın sarayında hərəmağası olan Xacə Mirzə Yaqub (sabiq İrəvan sakini Yakov Markaryan) onun ən yaxın dostlarına çevrildi. Yeri gəlmişkən, qeyd edək ki, I Şah Abbasdan üzü bəri bütün İran şahları hərəmxanalarını, bir qayda olaraq, xacə ermənilərə etibar etmiş və onlara yüksək titullar, hətta xanlıq vermişlər. Bu baxımdan Fətəli Şah daha irəli getmişdi. Onun hərəmxanasını milliyətcə erməni olan Mənuçöhr xan (Manuçar), Xosrov xan (Xosrov) və Mirzə Yaqub (Yakov Markaryan) idarə etmişlər.
A.Qriboyedovla katolikas Nerses Aştaraketsinin dostluğu nəticəsində Türkmənçay müqaviləsinin mətninə xeyli dəyişiklik edilmiş, ermənilərin kütləvi surətdə cənubi (Güney) Qafqaza-Şimali (Quzey) Azərbaycan ərazisinə köçürülməsini təmin edən maddələr əlavə olunmuşdu. Feldmarşal İ.Paskeviç 1826-1828-ci illər ikinci Rusiya-İran müharibəsinə dair “Qeydlər”ində Türkmənçay müqaviləsinin 4-cü və 13-cü maddələrinin sonradan “yaxşılaşdırıldığını”, 14-cü maddəsinin “genişləndirildiyini”, 12-ci və 15-ci maddələrin isə “yeni olduğunu” ayrıca xatırladırdı. Ermənilərə və təzminata dair maddələr ilin mətnə sonradan edilmiş düzəlişlərin əsas hissəsini təşkil edirdi. Bu düzəlişlərin məhz A.Qriboyedov tərəfindən edildiyi sonradan sübuta yetirilmişdir. Qeyd olunan maddələrin tərtibində katolikos Nersesin “Sülh haqqında danışıqlara ermənilərə dair əlavə qeyd”i və 27 dekabr 1827-ci ildə Paskeviçə göndərdiyi “ermənilərin İran torapqlarından Rusiyaya məxsus əyalətlərə köçürülməsi haqqında” arayışı əsas götürülmüşdü.
Xacə Mirzə Yaqub isə şahın xəzinəsindən 40 min tümən ələ keçirərək A.Qriboyedovun yanına qaçmış, tanıdığı bütün erməni və digər xaçpərəst qadınların Tehrandakı ünvanını ona vermişdi. Ermənilərin İrandan Qafqaza köçürülməsinə vasitəçilik A.Qriboyedovun gözünü o dərəcədə bağlamışdı ki, hətta iranlı müsəlmanlardan uşaqları, nəvələri olan xaçpərəst qadınların siyahısını tərtib edərək onları geri tələb etmişdi.
Səfir olduğu dövlətin ərasiizndə diplomat adına yaraşmayan əməllərlə məşğul olamsı, təbiidir ki, A.Qriboyedov üçün elə-belə ötüşməyəcəkdi. İş o yerə çatmışdı ki, İngiltərənin İrandakı missiyasının katibi Kempell onu xəbərdar etməyə məcbur olmuş və demişdi: “Ehtiyatlı olun, Türkmənçay müqaviləsini sizə bağışlamayacaqlar”.
Belə də oldu. A.Qriboyedovun özbaşınalığına, onun ətrafına toplaşmış ermənilərin fitnəkarlığına dözməyən Tehran camaatı, əsasən də dindarlar Rusiyanın İrandakı nümayəndəliyinin binasına hücum edərək A.Qriboyedovu öldürdü. Əhalinin (istər türk, istər fars) qəzəbi o qədər güclü idi ki, beş gün heç kəs A.Qriboyedovun cəsədini axtarmağa cürət etmədi. Yalnız altıncı gün bir nəfər yerli sakin A.Qriboyedovu yaxından tanıyan Qurgen Culfinski adlı erməniyə nümayəndəliyin həyətindəki çalanı nişan verdi və səfirin cəsədi oradan çıxarılaraq erməni kilsəsinə gətirildi. Sonradan isə Tiflisə aparılaraq, orada basdırıldı.
Sovet tarix dərsliklərində belə bir versiya yer almışdı ki, guya çar hökuməti mütərəqqi baxışlarına görə A.Qriboyedovdan yaxa qurtarmaq istəmiş və bu məqsədlə də onu düşmən ölkəyə yollamışdı. Guya qiymətli qanbahası aldığı üçün onun ölümünə də ciddi maraq göstərmişdi. Hər iki mülahizə yanlışdır, ən azı yarımçıqdır. Birincisi, ona görə ki, A.Qriboyedov sadaladığımız motivlərə görə ora könüllü yollanmışdı və maksimum səylər nümayiş etdirilmişdi. İkincisi, çar hökuməti Türkiyə ilə müharibədə olduğundan, İranla əlavə müharibəyə girmədi ki, A.Qriboyedovun qanbahası olaraq İrandan məşhur “Şah” almazını qəbul etdi. Fətəli şah nəvəsi, 16 yaşlı Xosrov Mirzəni (Abbas Mirzənin oğlu) Rusiya çarı I Nikolayın hüzuruna yolladı. Xosrov Mirzə 88 karatlıq məşhur “Şah” almazını (almazın üzərindəki yazıya əsasən, ilk sahibi Hindistanın əyalət hökmdarı Bürhan Nizam şah, ikinci sahibi Böüyk Monqollar sülaləsindən Cahangir şahın oğlu Cahan şah, üçüncü sahibi isə Fətəli şah Qacar olub. Hazırda Rusiyanın məşhur Almaz Fondunda saxlanılır. Babası Fətəli şahın adından A.Qriboyedovun qanbahası olaraq təntənəli şəkildə l Nikolaya təqdim edir və hər şey də bununla qurtarır.
Yerevanda A.Qriboyedova böyük abidə qoyulub və bu, tamamilə başa düşüləndir. Azərbaycan Sovet Ensiklopediyasının lll cildində (Bakı, 1979) isə A.Qriboyedov haqqında yazılıb: “Azərbaycan idarə edilməsinin layihəsini hazırlamışdır… İngilis diplomatiyası agentlərinin təhriki ilə Tehranda fanatiklər tərəfindən vəhşicəsinə öldürülmüşdür”. Bunu başa düşmək üçün isə gərək həmin məqalə müəllifinin “ucalqığı səviyyəyə” qədər alçalasan. Başqa çarə yoxdur.
Əlvan ƏLİYEV (Kəbirli)