Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ankarada Prezident Kitabxanasında keçirilən CENL toplantısında çıxış edib.
Kitabxanadan bildirilib ki, Avropa Milli Kitabxanaları Konfransı (CENL) təşkilatının 36-cı illik toplantısında Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edərək kitabxananın son illərdə Azərbaycanın milli mənəvi dəyərlərinin mühafizəsi istiqamətində Mədəniyyət Nazirliyi ilə birgə, Heydər Əliyev Fondunun fəal dəstəyi ilə həyata keçirdiyi layihələrdən bəhs edib.
Direktor bu layihələr sırasında son illər ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdırılan və bir vaxtlar müxtəlif yollarla ölkəmizdən xaricə daşınmış mənəvi dəyərlərimizin Azərbaycana qaytarılmasına yönələn “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dahi şairlərimiz Nizaminin, Nəsiminin, Xətainin, Tusinin və digərlərinin dünya kitabxanalarında mühafizə olunan əlyazmalarının digital nüsxələrinin respublikaya gətirilməsindən söz açıb. Eyni zamanda, fürsətdən istifadə edərək ötən il dahi Nizaminin qiymətli əlyazmalarının digital nüsxələrini Azərbaycan Milli Kitabxanasına təqdim etdiklərinə görə Türkiyənin, Almaniyanın, Böyük Britaniyanın, Çexiyanın, Albaniyanın, Avstriyanın, Macarıstanın və digər Avropa ölkələrinin milli kitabxana direktorlarına öz təşəkkürünü bildirib.
Professor Kərim Tahirov çıxışının sonunda gələn ilin payızında Bakıda Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasını bildirərək, bütün CENL üzvü olan milli kitabxana direktorlarını 2023-cü ilin payızında keçiriləcək yubiley təntənələrində qonaq qismində iştirak etmək məqsədilə Bakıya səfərə dəvət edib. CENL-in prezidenti, Almaniya Milli Kitabxanasının baş direktoru Frank Scholze professor Kərim Tahirova təşəkkürünü bildirərək dəvəti məmnuniyyətlə qəbul etdiklərini söyləyib və uğurlar arzulayıb.