Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, “Ələk” ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon Mərkəzi Kitabxanasının dəstəyi ilə “Şuşa ili çərçivəsində” növbəti tədbir keçirilib. Təbiət qoynunda, milli ab-havada təşkil olunmuş söz məclisində Ağcabədi Rayon Dövlət Rəsm Qalereyasının, həmçinin Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri, o cümlədən Ağcabədi Rayon Tarix-Diyarşünaslıq muzeyinin müxtəlif eksponatları sərgilənmişdir.
Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktoru Rövşanə Əliyeva 44 günlük müharibədə qazandığımız Zəfərdən, ölkə Prezidentinin Sərəncamı ilə 2022-ci ilin Şuşa ili elan edilməsindən söz açıb.O, qeyd edib ki, “Şuşa ili” çərçivəsində müxtəlif səpgili tədbirlər keçirilir.Şuşanın söz, musiqi beşiyi olduğunu, böyük dahilər yetirdiyini söyləyən Rövşanə Əliyeva bugünkü tədbirin də şeirə, sənətə həsr edildiyini bildirib.
Daha sonra “Aran” qəzetinin redaktoru, “Ələk” ədəbi məclisinin rəhbəri Məhsəti Musa, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Gündüz Sevindik , Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbinin müəllimi Günel Kərimova Həvəskar aktyorluq və bədii qiraət dərnəyinin üzvləri Vahid Məmmədov, Heydər Məmmədov və digərləri çıxış edib, şeirlər, qəzəllər səsləndiriblər. Qarabağ Muğam Mərkəzinin və Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbinin kollektivlərinin təqdim etdiyi musiqi parçaları tədbirdə xoş ab-hava yaradıb.








