Yerli idarəetmədə yeniliyin ünvanı

Dövlətin istəyi reallaşır, vətəndaş məmnun qalır

Ağcabədi ölkənin böyük iqtisadi potensiala, əmək ehtiyatlarına malik rayonlarındandır. Bu diyarın torpağı münbit, insanları mehriban və əməksevərdilər.

Rayonun aqrar-sənaye kompleksi yeni texnologiyaların, qabaqcıl təcrübənin, mütərəqqi iş üsullarının yaradıcılıqla tətbiqi sayəsində ildən-ilə güclənir. Təsərrüfatlarda taxıl, pambıq, barama, bostan-tərəvəz, meyvə və heyvandarlıq məhsulları istehsalı getdikcə artır. Torpağa bağlı kəndlilərin həyat şəraiti, dolanışıq səviyyəsi də əhəmiyyətli dərəcədə yaxşılaşır.

Prezident İlham Əliyevin ənənəvi kənd təsərrüfatı sahələri olan pambıqçılığı, taxılçılığı və baramaçılığı inkişaf etdirmək barədə tapşırıq və tövsiyələri Ağcabədi  kəndlisinin fəaliyyətinə müasir  dövrün tələblərinə uyğun yeni istiqamət verməklə yanaşı, inkişafa əlverişli şərait yaratmış, əhalinin məşğulluğunu yüksək həddə çatdırmışdır.

Bu günlər rayonun təsərrüfatlarında taxıl biçininin qızğın çağıdır. Böyük zəhmət bahasına yetişdirilmiş məhsulu itkiyə vermədən biçib tədarük etmək üçün mövcud texnika və əmək ehtiyatları səfərbər edilmişdir. İldən-ilə genişləndirilən pambıq sahələrində isə kompleks aqrotexniki tələblər səviyyəsində becərmə işləri aparılır, cari təsərrüfat ilinin məhsul bolluğuna etibarlı bünövrə qoyulur.

Ağcabədidə diqqətçəkən, xoş ovqat yaradan başqa məqamlar da yetərincədir. Rayon mərkəzi başdan-başa yaşıllığa, gülə, çiçəyə qərq olub. Şəhərin park və meydanlarında, küçə və prospektlərində səliqə-sahman, təmizlik, abadlıq göz oxşayır. Rayon sakinlərinin asudə vaxtlarını, istirahətlərini mənalı keçirmələri üçün olimpia-idman kompleksində, mədəniyyət müəssisələrində, Ulu Öndərin adını daşıyan şəhər parkında ideal şərait yaradılıb. Əlbəttə, bütün bunlar dövlətin öz vətəndaşına göstərdiyi qayğıkeşlik və diqqətin ifadəsi olmaqla yanaşı, rayon rəhbərliyinin Prezidentin tapşırıq və tövsiyələrinə məsuliyyətli münasibətinin nəticəsidir.

Amma bu yazıda əsas məqsədimiz bütün bu uğurlardan bəhs etmək deyil. Bununla belə mətləbə bir az uzaqdan yanaşmamız da təsadüfi xarakter daşımır. Məlumdur ki, dövlətin öz vətəndaşına ünvanlanan qayğıkeşliyinin hər evə, hər ailəyə çatmasına, onun hər kəsdə məmnunluq doğurmasına nail olmaq yerlərdə idarəetmənin necə təşkil edilməsindən çox asılıdır. Özünün xalqın bir nömrəli xidmətçisi olduğunu dəfələrlə bəyan edən Prezident İlham Əliyev ölkədə vətəndaş-məmur münasibətlərinin yüksək səviyyədə olmasına hər zaman böyük önəm verir.

Dövlət başçısının bu aydın mövqeyi Ağcabədi Rayon İcra Hakimiyyətinin fəaliyyət istiqamətinə aydın konturlar verir. Qarşıya qoyulan vəzifənin icrasına məsuliyyətli münasibət, yaradıcı yanaşma isə son nəticədə gözlənilən uğuru təmin edir. Yerlərdə idarəetmənin təkmilləşdirilməsi vətəndaşla dövlət qurumları arasındakı məneələrin aradan qaldırılması, bu sahədə süründürməçiliyə, bürokratizmə son qoyulması, istənilən dövlət qurumunun vətəndaş üçün əlçatan olması dövlət başçısının mühüm tələbi olmaqla yanaşı, həm də cəmiyyətdən gələn aktual ictimai sifarişdir. Təqdirəlayiqdir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti Prezidentin bu ciddi tələbinə və ictimai sifarişə konkret əməli işlə cavab verir. Vətəndaşların müraciətlərinin operativ cavablandırılması, yerində həll olunması, vətəndaş məmnunluğunun təmin edilməsi üçün Ağcabədi Rayon İcra Hakimiyyətində hələ 2020-ci ilin mart ayında Müraciətlərə Operativ Baxılması Mərkəzi (MOBM) yaradılmışdır. Mərkəzdə ümumilikdə 100-dən çox mövzu ilə bağlı vətəndaş müraciətlərinə operativ baxılması, cavablandırılması və həlli üçün 7 pəncərə üzrə məsul işçilər, könüllülər və operativ işçi qrupu fəaliyyət göstərir. Vətəndaşlar məlumat masasında könüllülər tərəfindən qarşılanaraq məlumatlandırılır, aidiyyəti üzrə pəncərələrə yönləndirilir, həmçinin onları razı və ya narazı salan məsələlərlə bağlı sorğu keçirilir.

Mərkəzdə çalışan hər bir məsul işçi kompüter dəsti ilə təmin olunmuşdur. Burada sosial-iqtisadi və kommunal təchizat, kənd təsərrüfatı və torpaq, ictimai-siyasi və humanitar, hüquq, memarlıq və tikinti, ərazi idarəetmə, qəbul məsələləri ilə bağlı müraciətlərə baxılır. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov bir qayda olaraq gündəlik vətəndaş müraciətləri ilə tanış olur, aidiyyəti üzrə tapşırıqlar verir, həmçinin müşahidə kameraları ilə mərkəzdəki prosesləri izləyir. Bir sözlə, mərkəzin fəaliyyətinə gündəlik nəzarət edir.

MOBM-in fəaliyyəti müəyyən edilmiş qaydalarla tənzimlənir. Vətəndaş müraciətləri mərkəzin məsul işçiləri tərəfindən elektron qaydada qeydə alınır. Bunun üçün xüsusi proqram hazırlanmış və proqrama rayon icra hakimiyyəti tərəfindən virtual nəzarət edilməklə davamlı təkmilləşmə işləri aparılır. Mərkəzdə məlumat monitoru quraşdırılmışdır ki, onun vasitəsilə vətəndaş müraciət etdiyi mövzu üzrə qanunvericilikdə hansı halların nəzərdə tutulduğunu və mövcud qaydaları izləyə bilir. MOBM-in tərkibindəki operativ işçi qrupu isə müraciət daxil olduqdan dərhal sonra yerində baxılması vacib sayılan məsələlərin həlli və araşdırılması üçün fəaliyyətə başlayır. Operativ işçi qrupu minik avtomobili və planşetlə təmin olunmuşdur. Yerində araşdırılan məsələ ilə bağlı materiallar elektron şəkildə dərhal mərkəzə göndərilir və bunun əsasında vətəndaş müraciəti cavablandırılır.

Mərkəzdə “qaynar xətt” də yaradılmışdır. Edilən müraciətlər həm vətəndaşların özləri tərəfindən şifahi şəkildə, həm də elektron qaydada, eyni zamanda daxil olan zəng və SMS-lərlə qəbul olunur. Cavablar isə həm də vətəndaşın istəyi ilə elektron poçt, vatsap mobil tətbiqi və SMS vasitəsilə göndərilir. Həmçinin “qaynar xətt” və elektron poçt vasitəsilə daxil olan müraciətlər də həmin formada cavablandırılır. Mərkəzdə yaradılan şərait vətəndaşların müraciətlərinin operativ cavablandırılmasında, yerində həll olunmasında, vətəndaş məmnunluğunun təmin edilməsində, vaxt itkisinin, süründürməçiliyin və bir sıra neqativ halların qarşısının alınmasında əhəmiyyətli rol oynayır.

Yaxşı haldır ki, ekstremal şəraitdə belə MOBM-in normal fəaliyyəti təmin edilmişdir. Pandemiya və 44 günlük Vətən savaşı dövründə bazar günləri də daxil olmaqla, MOBM fəaliyyətini dayandırmamışdır. Ümumiyyətlə, fəaliyyətə başladığı dövrdən MOB Mərkəzinə 7639 vətəndaş müraciəti daxil olmuşdur. Təhlillər göstərir ki, müraciətlərin həlli zamanı şəffaflıq 100 faiz təmin edilmişdir. Vətəndaş məmnunluğu isə ayrı-ayrı aylarda 76-81 faiz təşkil etmişdir.

Cari ilin yanvar-may aylarında MOBM-ə 778 vətəndaş müraciəti daxil olmuşdur. Bu  müraciətlərdə üstünlük təşkil edən  mövzular işsizlik, suvarma suyu,  içməli su təminatı, ünvanlı sosial  yardım, fərdi yaşayış evlərinin tikintisi, sahibkarlıqla məşğul olmaq istəyi, əkin üçün bələdiyyələrdən torpaq sahələrinin ayrılması, əlillik dərəcəsinin təyin edilməsi, birdəfəlik maddi yardım  tələbi və digər məsələlər olmuşdur.

Rayon icra hakimiyyəti başçısının  sərəncamı ilə  sosial məsələlərin həlli ilə bağlı yaradılmış  komissiyanın  fəaliyyəti köməyə, qayğıkeşliyə ehtiyacı olan vətəndaşlar  tərəfindən minnətdarlıqla qarşılanır. Bu qayğıkeşlikdən bəhrələnənlərdən biri də  Heyvagül  Kərimovadır:

– İki övlad anasıyam. Həyat  yoldaşım həbs edilib. Qayınanamın həyətində  yararsız tikilidə yaşayırıq. İşləmirdim, heç bir gəlirimiz yox idi. Çox çətinliklə dolanırdıq. Rayon icra hakimiyyətinə gedib  çətin vəziyyətdə olduğumuzu dedim. Dərhal gəlib vəziyyətimizlə yerində tanış oldular. Sağ olsunlar, dəfələrlə ərzaq  yardımı ediblər.  “Komxoz” deyilən idarədə işə götürdülər. Uşaqlara məktəbli forması aldılar. Çox razıyam, Allah köməkləri olsun. Ailəmizin  gününü, güzəranını yaxşılaşdıran hər kəsə minnətdaram.

MOBM-in tərkibində fəaliyyət  göstərən komissiya tərəfindən yerlərdə baxış keçirilən zaman real vəziyyət diqqətlə araşdırılır. Bəzən müraciət  edənlərin sosial imkanlarının yaxşı  vəziyyətdə olduğu da aşkarlanır. Belə halda  həmin şəxslərə yardım olunmasından imtina edilir.

Mərkəzin  fəaliyyətində şəhid  ailələrinə, qazilərə dəstək və diqqət əsas  istiqaməti təşkil edir. Bu qəbildən olan vətəndaşların müraciətlərinə son dərəcə həssaslıqla yanaşılır, onların məmnun qalmaları üçün bütün imkanlar səfərbər edilir. Mərkəzə bu ilin beş  ayı ərzində şəhid ailələri,  Qarabağ müharibəsi iştirakçıları  və ehtiyata  buraxılmış hərbi qulluqçular  tərəfindən 152 müraciət daxil olmuşdur.  Müraciətlərin çoxunu işlə təmin  olunma, özünüməşğulluq  proqramına cəlb edilmə, maddi kömək, mənzil növbəsinə götürülmə, kirayə haqqının  verilməsi, əlilliyin müəyyən edilməsi,  fərdi yaşayış evinin tikintisi üçün həyətyanı və sahibkarlıq fəaliyyətinə torpaq sahələrinin ayrılması  təşkil edir. Bu müraciətlərin böyük əksəriyyəti təmin olunmuşdur. Vətən müharibəsində  ağır yaralanmış 5 nəfərin əlil arabası ilə təmin olunmaları barədə müraciətləri əsasında aidiyyəti  təşkilatlarla  əlaqə yaradılmış və tələbləri ən qısa müddətdə öz müsbət həllini tapmışdır.

Vətən müharibəsi iştirakçıları Camal  Məmmədli və Xəyal Nəzərov fərdi yaşayış evlərinin dam örtüklərinin güclü  külək nəticəsində ciddi zərər gördüyü barədə mərkəzə müraciət etmişlər. Onların xahişləri rayonun  imkanları hesabına təmin edilmiş, evləri keyfiyyətli təmir olunmuşdur. Vətən müharibəsi şəhidi Taryel Atayevin həyat yoldaşı İlhamə Atayevanın  rayon icra hakimiyyətinin dəstəyi  ilə tikilmiş fərdi yaşayış evinin su təminatı  ilə bağlı müraciəti də operativ həll edilmişdir. Bundan əlavə, İlhamə xanımın  təqaüdlə bağlı yaranmış probleminə aydınlıq  gətirilmişdir. Qeyd edək ki, Ağcabədi rayonundan olan bütün şəhid  övladları kimi (onlar 24 nəfərdi), şəhid Taryel Atayevin də balalarına hər ay birdəfəlik maddi yardım ayrılır.

Ağcabədi Rayon İcra Hakimiyyətində yaradılmış Müraciətlərə Operativ  Baxılma Mərkəzinin səmərəli fəaliyyətinə aid misalların sayını artırmaq, bu yöndə  minnətdarlıq doğuran çoxlu  nümunələr  göstərmək  olar. Lakin biz tək onu deməklə kifayətlənirik ki, işin bu cür təşkili ölkə üzrə yerli idarəetmədə yenilikdir. Hələlik  ölkədə ilk olan bu yenilik heç şübhəsiz digər bölgələrdə özünə çox sayda ardıcıllar tapacaqdır. Təbii ki, dövlət və vətəndaş olaraq sonda qazanan biz olacağıq. Beləcə dövlətin sosial  siyasətinin reallaşmasına yeni imkanlar açılacaq, qayğıkeşliyə ehtiyacı olan vətəndaş isə razı qalacaq.

Lazım QULİYEV,

“Azərbaycan qəzeti”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər