24 iyun Azərbaycanda inkişafın təməl günüdür

                    

Azərbaycan  1991-ci ildə özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, Ulu öndərin 1993-cü ilin iyun ayının  24-də Prezident səlahiyyətlərini icra etməyə başlamasına qədər formal xarakter daşımışdır. Ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətımizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ölkəni və xalqı yaranmış bu böhrandan qurtarmaq üçün ümummilli lider Heydər Əliyev öz təcrübəsindən və bacarığından uğurla istifadə etməklə yanaşı, Azərbaycanın əlverişli geosiyasi mövqeyindən və zəngin təbii ehtiyatlarından istifadə olunmasını respublikanın və xalqın üzləşdiyi problemlərin həllinə yönəltməyi də  müvəffəqiyyətlə bacardı.

Hamıya məlum olduğu kimi ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın düşdüyü çətin və ağır vəziyyət ölkəmizi sözün əsl mənasında idarə edə biləcək ensiklopedik təfəkkürlü, müdrik rəhbərin olmamasından yaranmışdı. Lakin tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti  və digər  neqativ  hallarla  üz- üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan bir ölkəyə çevirə bildi.  Ümummilli  Lider Heydər  Əliyev  öz siyasi  dünyası  ilə Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoydu. Şərəfli və məhsuldar ömür yolu, mənəvi saflığı və vətəndaş böyüklüyü ilə seçilən müdrik dövlət xadiminin siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər bu gün göz qabağındadır.

Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndər  Heydər Əliyev siyasi kursunu  dönmədən, ardıcıl  və layiqli şəkildə  həyata  keçirir.  Bu siyasi

kurs Azərbaycanın siyasi və iqtisadi qüdrətinin artmasına və onun beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə gətirib çıxarmışdır. Məhz  bu siyasi kursun nəticəsidir ki, indi respublikamızda heç də bütün ölkələrdə mövcud olmayan  ictimai-siyasi sabitlik hökm sürür. Ölkəmizdə  siyasi sabitliyin mövcud olması və iqtisadi inkişafın Heydər Əliyev modelinin uğurla həyata keçirilməsi respublikamızın sosial-iqtisadi inkişafına gətirib çıxarmışdır ki, bu səbəbdən də müasir Azərbaycan Respublikası bu gün, sözün əsl mənasında, öz möhtəşəm  inkişaf dövrünü yaşayır. Bu inkişafın əsasını qoyan Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin parlaq siyasəti bu gün də uğurla davam etdirilir. Onun qoyduğu təməl üzərində qüdrətli dövlət qurulur və artıq Azərbaycan dünya miqyasında böyük nüfuza malik olan bir ölkə kimi tanınır.

Ulu Öndərin ən böyük arzularından biri də 30 il Erməni işğalında qalan torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi idi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın birliyi 2020-ci ilin sentyabr ayının 27-də başlayan və Qələbə ilə başa çatan 44-günlük müharibə ilə yenidən öz ərazi bütövlüyünə qovuşması ilə  Ulu Öndərin arzuları həyata keçdi.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər