25.4 C
Aghjabadi

Bir gözümü çıxartsınlar… – Məhsəti Musa

Əslində, bu mövzunu illər öncə, necə deyərlər, qatlayıb keçmişə atdığım üçün özümə çox yad hiss edirəm. Yəni üstündən gülərək keçdiyim bir məsələ haqqında yazmaq o qədər də maraqlı deyil.

Bir neçə il öncə paxıllıqla bağlı bir yazım  çap olunmuşdu və əslində, o yazının yaranmasına səbəb var idi. Dünyaya başqa baxışlarla, nağıllar aləmindən boylanan  gənc bir  qız qəfil elə mühitə düşdü ki, olanlara mat qaldı, gördüklərinin, izlədiklərinin, təmiz insanların qarşısına çıxan maneələrin nə olduğunu anlamağa çalışdı. Və araşdırdıqca  bu çəkişmələrin, söz-söhbətlərin, kimisə yıxmaq üçün qurulan oyunların, atılan böhtanların kökündə duran o məlum hissin paxıllıq olduğunu öyrəndi. Hərdən öz yoluna tökülən daş-kəsəklərin, tikanların da bundan qaynaqlandığını anladı. Öz-özünə verdiyi suallar içində çaşıb qaldı.  Axı niyə? – dedi. Kim idi ki o? Heç kimin o qədər də fərqli şəkildə tanımadığı, qeyri-adi istedadı, xüsusi görünüşü, şöhrəti, vəzifəsi, var-dövləti olmayan, sadəcə, işləmək enerjisi aşıb-daşan adi bir tələbəyə niyə mane olurdular? Ondan nə istəyirdilər? Niyə atdığı hər addımda üstünə qıcanmış dişlər, kinli baxışlar görürdü? Amma araşdırıb, oxuyub bunları yaradan səbəbin  bir xəstəlik olduğunu öyrənincə daha “Niyə?” sualını vermədi özünə. Müqavimət də göstərmədi artıq. Ürəyi ağrıdı, kömək etmək istədi bu insanlara. Və illər keçdikcə  paxıllıq mövzusu lap adiləşdi, xırdalaşdı, cılızlaşdı gözlərində. Hər şey insanın özündən asılıdır, ağlını işlətsin, ürəyini təmiz saxlasın deyib qapatdı bu mövzunu. Lakin illər sonra dost-tanışların təkidi, xahişi ilə yenidən bu mövzuya qayıtmalı oldu. Sevmədiyin bir mövzuda yazı hazırlamaq o qədər çətindir ki… Həm də internet səhifələrində bu mövzuda materiallar bol ikən, istər dini, istər elmi yanaşmalarda kifayət qədər məlumat verilərkən hardan başlayasan, harda bitirəsən ki sözügedən mövzunu? Amma artıq yazmağa başladımsa, lap ilkə qayıtmaq lazım.

Paxıllıq nədir? Təbii ki, hər kəs axtarış saytlarından, lüğətlərdən  rahatca bu sözün  izahını tapa bilər: “Paxıllıq: başqasının rifahına, üstünlüyünə, müvəffəqiyyətinə, xoşbəxtliyinə, qabağa getməyinə dözməmək, bundan dilxor olma, acıqlanma, gözügötürməzlik, dargözlükdür”. Bəzən paxllığı ağ paxıllıq, qara paxıllıq kimi növə bölürlər. Amma məncə, bunun heç bir fərqi yoxdur. Paxıllıq elə paxıllıqdır. Ağ olsun, qara olsun, qırmızı olsun, az olsun, çox olsun yenə də onun zərəri qaçılmazdır. Bəzən paxıllığı  qibtə ilə qarışdırırlar ki, bu da yanlışdır. Yenə də izahlı lüğətə nəzər salaq:  Qibtə – başqasının üstünlüyünü, müvəffəqiyyətini, xoşbəxtliyini və başqa yaxşı cəhətlərini görüb, bunların özündə də olmasını arzulamadır. Göründüyü kimi, qibtə ilə paxıllıq bənzər görünsə də, birində sadəcə oxşamaq istəyi var, digərində məhv etmək. Qibtənin nəticəsində yaxşı, işgüzar, xoşbəxt insanların sayı arta bilərsə, paxıllığın nəticəsi o yaxşıların azalması, əziyyət çəkməsi, məhv olmasıdır.

Paxıllıq xəstəlikdirmi? Bəli, paxıllığı qəlb xəstəliyi adlandırırlar. Paxıllıq hər şeydən öncə insanın öz sağlamlığına mənfi təsirlər göstərir. Bu xəstəliyə tutulmuş insanlar çox vaxt başqa xəstəliklərə də yol açan əsəb xəstələri olurlar. Bu, onların zahiri görünüşünə də çox pis təsir göstərir. Etdiyi pisliyin nəticəsində qalib olacağını düşündüyü halda qarşı tərəfin daha da irəli getdiyini gördükcə çəkdiyi “əziyyətin”, hətta bəzən bunun üçün xərclədiyi pulların boşa çıxması onun daha da əsəbi, gərgin olmasına gətirib çıxarır, mənfiliklərlə yüklənir, iş qabiliyyəti aşağı düşür. Fikrini yalnız paxıllıq etdiyi insanın məhv olmasına yönəldir. Az-çox yaxşı olan cəhətləri də bu çirkabın içində məhv olub gedir.

Paxıllıq bəzən qarşı tərəfin istedadından, bacarığından  və onu üstələməsi qorxusundan, uşaqlıqda böyüklərdən gördüyü ayrı-seçkilik  sarsıntısından və digər səbəblər üzündən sonradan yaranırsa, bəzən də sadəcə insanın xislətindən irəli gəlir. Yəni onun paxıllıq etdiyi adam hətta adi işlərlə məşğul olan, bəzən çox əzablı həyat yaşayan, uğursuz biri də ola bilir. Belə desək, o yazığın aldığı quru nəfəsə, tapdığı bir tikə çörəyə də paxıllıqla yanaşır ki, bu, artıq paxıllığın ən pis halıdır. Əsl sevinc belə insanlara yad olar. Paxıl insan paxıllıq etdiyi birinin haqqında yaxşı sözlər eşitdikdə içindəki kin-küdurət, nifrət yandırar, parçalayar daxilini, yox edər təbəssümünü, viran qoyar dünyasını. O, itib-batar, boğular bu dəhşətli pisliyin içində. Belə bir misal var, “əziyyət çəkmək istəmirsənsə, paxıllıq etmə.”

Paxıl insan məqsədinə çatmaq, paxıllığını çəkdiyi insanı sındırmaq, əymək, əzmək  üçün yalan və böhtanlara əl atmaqdan da çəkinmir. Hətta öz canını da iyrənc xislətinə “fəda” etməkdən vaz keçmir. Belə bir rəvayət var, bir gün şah bir nəfərə deyir:

– Məndən nə istəsən yerinə yetirəcəm. Amma bir şərtlə ki, sənin qonşun onun iki qatını alacaq. Həmin adam bir az düşünəndən sonra  dərindən ah çəkir və deyir:

– Onda əmr edin, mənim bir gözümü çıxartsınlar…

Bir daha nəticə çıxarmaq olar ki, paxıllıq həqiqətən pis əməllərin törədilməsinə, böhtanlara, ən yüksək həddə çatdıqda isə böyük cinayətkarlığa səbəb olur. İstər bugünümüzü müşahidə etsək, istər  dini mənbələrə nəzər salsaq, istər lap qədim rəvayətlərə diqqət yetirsək, klassik ədəbiyyat nümunələrini xatırlasaq,  bir çox qətlin, cinayətin törədilməsinə səbəb kimi paxıllığın göstərildiyini  aydın görərik.

Paxıl insan dünyanın ən yazıq məxluqudur. Paxılın etdiyi pisliklər də özünün acizliyini, qarşı tərəfin isə üstünlüyünü sözsüz etiraf etməkdir. Və  hərdən hansısa işimlə bağlı mən özüm bu hisslərin hədəfi  olanda bəzən həyati əhəmiyyəti böyük olmayan məsələlərdə  maneələri görməzdən gəlir, geri çəkilir, mübarizə aparmıram. Əgər həmin işimin alınmamasından kimsə özünü xoşbəxt hiss edirsə, qoy belə olsun deyə qarşıdakı planımdan vaz keçirəm. Deyim ki, o insanın məni məğlub etdiyini düşünərkən yaşadığı  xoşbəxtliyi izləmək də mənim üçün bir əyləncə olur.

Bəs paxıllıqdan yaxa qurtarmaq, bu xəstəlikdən sağalmaq mümkündürmü?

Əlbəttə ki, mümkündür. Paxıllıq zərərli vərdiş kimidir. Mübarizə aparmazsan, müqavimət göstərməzsən, bütün varlığını sarar, zərrə-zərrə yeyər, məhv edər səni. Yox, əgər güclü iradən varsa, onu canından çıxararsan, qovarsan, azadlığına, sağlam həyatına qovuşarsan. Yəni bu xəstəliyin çarəsi həkim müalicəsi, yaxın qohumların, dostların səyi  yox, sənin iradəndir. Yetər ki, bunu istə. Yetər ki, “mən bacaracam” de. Səni pisliyə çağıran o səsi boğmağa çalış. O səs səni şər işlərə səslədikcə öz səsinlə onu  rədd et. O, sənə bağıranda sən də ona bağır. O, özünə haqq qazandırdıqca, sən də özünə haqq qazandırmağa çalış. Onun təhrik etdiklərinin əksinə get. Sıxışdır, qov, çıxart o səsi içindən. Möhkəmdən silkələ ruhunu. Gözünü, qulaqlarını, qəlbini bürümüş qara dumanı dağıt. Dərindən nəfəs al, başını qaldır, Günəşə bax. Diqqətlə bax! Təbiəti seyr et. Aldığın nəfəs, tapdığın su, gördüyün səmanın nə boyda xoşbəxtlik olduğunu dərk et. Eşidən qulağın, görən gözün, yeriyən ayağın, bir meyvə dərmək üçün uzanan əlin nə demək olduğunu anla. Anla ki, sənə qismət olanlar digərində, onlarda olanlar səndə olmaya bilər. Bunu qəbul etmək, bununla razılaşmaq lazımdır.

Nə bədbəxtdir başqasının şan-şöhrətini, mal-dövlətini özünə dərd edib onları məhv etməyə çalışan, dörd bir yanında çiçəkləri yolub tikan bitirən, gecə boyu yuxusunda ilanlarla, əqrəblərlə güləşən, yatağını dırnaqları ilə didik-didik edən zavallılar.

Nə xoşbəxdir ətrafındakı gül-çiçəyi bəsləyib də dünyanı gözəlləşdirən, başını balışa qoyan kimi elə qızılgül ətirli yuxuya gedən insanlar.

Xəbər lenti

Ağcabədi gəncləri Şahmat turnirində

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi gənclərin şahmata olan sevgi, maraq və həvəsini nəzərə alaraq “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə “Şahmat turniri” təşkil edilmişdir. 

Ağcabədi rayon prokurorluğunun təşəbbüsü ilə səhiyyə işçiləri arasında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir

Ağcabədi rayon prokurorluğu tərəfindən 12 avqust 2022-ci il tarixdə “Ağcabədi rayon Mərkəzi Xəstəxanası”  Publik hüquqi şəxsinkollektivinin iştirakı ilə hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

Ağcabədidə 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir

12 avqust 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş könüllü gənclərlə görüş keçirilmişdir. Ağcabədi...

Yaxın zamanlarda problem həll olunacaq

Son günlər bir neçə rayon sakininin işıq problemi iləbağlı iradlarının tez-tez şahidi  oluruq. Sakinlər elektrik enerjisinin verilməsində problemlər yaşandığını, işıqların zəifləməsini və bu...

Daha bir pambıqtəmizləmə zavodu istifadəyə veriləcək

Türkiyənin Kahramanmaraş şəhərində yerləşən “Do Cotton Group” şirkəti Azərbaycanda daha bir pambıqtəmizləmə zavodunu yaxın zamanlarda istifadəyə verməyə hazırlaşır.  ​Azərbaycanın...

Gənclərimizin təsərrüfata meyl etməsi sevindiricidir

Köyük kənd sakini Şahmalı Hacıyev gənc olmasına baxmayaraq sözügedən inzibati ərazi vahidində səriştəli təsərrüfatçılardan sayılır. Onun valideynləri, yaxın qohumları uzun illər vaxtı...

“Rayonumuzun tarixini öyrənmək başlıca vəzifədir” -Müsahibə

Şəfa Mövsümov 1982-ci ildə rayonun Salmanbəyli kəndində anadan olub. O, 2000-2004-cü illədə Gəncə Dövlət Universitetinin tarix fakültəsində bakalavr pilləsində təhsil alıb, 2005-2007-ci...

Sizinlə fəxr edirik!

I ixtisas qrupu üzrə ən yüksək nəticə  Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 21 iyul...

Şənlik kəndində səyyar qəbul

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Ağcabədi Rayon İcra...

Gümüş medal

Ağcabədili taekvondoçu Əkbərova Minayə Tapdıq qızı V İslam Həmrəyliyi Oyunlarında -46 kq çəki dərəcəsində gümüş medal qazanıb.İdmançımızı təbrik edir, ona yeni-yeni uğurlar...

Şərhlər