İyun ayının 24-də YAP Ağcabədi rayon təşkilatının təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, “N” saylı hərbi hissənin bir qrup əsgər və zabit heyəti iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti qarşısındakı abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
YAP Ağcabədi rayon təşkilatının binasında davam etdirilən tədbirdə ulu öndərin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni Səsləndirilib.
Tədbiri giriş sözü ilə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq, silahlı qüvvələrin yaranması, ordu quruculuğu ilə bağlı görülən işlər, ümummilli lider Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat verib.
Sonra Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon Şöbəsinin rəisi Qabil Rzayev, “N” saylı hərbi briqadanın komandiri Ramil Səfərli, şəhid Anar Cəfərovun həyat yoldaşı Samirə Xudiyeva, qazi Cavid Allahverdiyev, şəhid bacısı Nüşabə İbrahimova çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun qazandığı parlaq qələbədən danışıblar.
Yekunda partiyanın işində səmərəli fəaliyyətinə görə bir qrup YAP fəalı Fəxri fərmanı ilə təltif olunub, YAP sıralarına daxil olan gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbirin sonunda Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin bədii qiraət dərnəyinin üzvləri tərəfindən hazırlanmış bədii kompozisiya nümayiş etdirilib.