90 YAŞINIZ MÜBARƏK, DAHA NEÇƏ BELƏ 90 İLLƏR YAŞA, «ARAN»!

Əziz həmkarlarım, qonşu rayonumuz Ağcabədinin qiymətli mətbuat işçiləri, “Aran”nın əməkdaşları. Sizi qəzetinizin 90 illik fəaliyyəti, yəni yubileyiniz, həm də bölgə mətbuatının tarixdən silinməyə çalışıldığı bir zamanda bütün çətinliklərə rəğmən inadla nəşr olunmağa – yaşamağa davam etmə əzminiz münasibətilə ürəkdən təbrik edir, hələ uzun illər fəaliyyət göstərmənizi arzu edirəm. Heç şübhə etmirəm ki, qəzet rayonun ictimai-siyasi, sosial və mədəni həyatında mühüm rol oynayır. Bunu qəzetin yeni redaktoru Məhsəti xanımın peşəkarlığından və işinə sevgi ilə yanaşmasından, kollektivinizin çalışqanlığından aydın görmək olur.
Əziz həmkarlar, biz “Kür”çülər də gözümüzü açandan fəsildən, iqlimdən asılı olaraq, mavi, yaşıl, boz, lacivərd rənglərə çalan, əzəmətinə heyranlıqla tamaşa etdiyimiz, qəlbimizdə hər zaman onunla sevincimizi, kədərimizi bölüşdüyümüz ana Kürün mənəvi övladları olaraq, 87 il öncə nəşrinə başladığımız «Yeni Yevlax» qəzetimizin adını dəyişib “Kür” qoymuşduq. “Kür” uzun illərdir oxucuların mənəvi dostu, Yevlax rayonunun tarix saxlancı, az qala yüz illik yaddaşıdır. Hər bir yazıya ürəyimizin, düşüncəmizin zərrəsini, atəşini, yaşadığımız aləmin həqiqət yükünü qatıb oxucularımıza çatdırmağa cəhd göstərdik və buna nail olduq da. Böyük Həsən bəy Zərdabinin əyalət qəzetinə verdiyi dəyərin haqqını ödəyirdik. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, qəzetimiz hər zaman region mətbuatı arasında həm tirajına, dövriliyinə, həm də məzmununa görə fərqlənmişdir. Hər nömrəmizdə, hər səhifəmizdə Yevlaxın tarixi, mədəniyyəti, təhsili, sosial həyatı, həllini tapan problemləri yer alıb. Qəzet olmaqla bərabər, “Kür” həm də salnamədir. Təəssüf ki, bu sözləri “Kür”ün indiki vəziyyəti haqqında deyə bilmirəm. Çünki “Kür” də artıq maliyyə sıxıntısından əziyyət çəkir. Əməkdaşlarımızın sayı azalıb. Bizlər bu maddi sıxıntılara baxmayaraq bununla razılaşmır, çox böyük çətinliklə də olsa ayda bir dəfə işıq üzü görməsi üçün bütün maddi-və mənəvi imkanlardan istifadə edirik.
Dünyada qəzetçilik arxivləşməsə də, internetin kölgəsində yox olmaq üzrə olsa da biz bunu etdik. Bu sözləri yazarkən necə üzüldüyümü və təəssüfləndiyimi mən bilirəm. Bölgə mətbuatı anlayışı həm də gözəl ənənədir. Nə gözəl ki, sizlər bu ənənəni şərəflə dəvam etdirirsiniz.
Qəzetin redaktoru Məhsəti Musa bu əlahəzrət faktı dəfələrlə qeyd edir: “Aran” qəzetinin yaşaması üçün Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov hər cür yardım edir, hər zaman qayğılarımızla maraqlanır, qəzetimizin heç bir mənəvi və maddi sıxıntı çəkmədən yaşaması üçün əlindən gələni edir. Bir sözlə hər zaman yanımızdadır. O, qəzetin, qəzetçiliyin və bu peşəyə əmək verən insanların qiymətini bilir, mətbuata dəyər verir. Mən də elə buradan bütün bölgə mətbuatı adından Rafil bəyə təşəkkür edir, bundan sonra da “Aran” qəzetini yaşatmasını arzu edirəm.
Çox dəyərli Məhsəti xanım, qəzetinizin həftədə iki dəfə çıxmasına, saytının və televiziyasının fəaliyyət göstərməsinə sizin qəhrəmanlığınız kimi baxıram. Siz region mətbuatının qəhrəman və fədakar qızısınız. Uzun illər qəzet rəhbəri kimi bu işlərin necə zəhmətlə başa gəldiyini bilirəm. Zəhmət, araşdırmaq, yazmaq jurnalistikanın mayasında, kimyasında var – görür, duyur, araşdırır, çalışır, hər işin çətinliyini ağır yük kimi çiyinlərində daşıyır, ta ki, zəhməti nəticəsini verənəcən.
Digər bölgə qəzetlərinin də “Aran” kimi nəşrinə davam etməsini arzulayıram.
XXI əsr informasiya əsridir. İnternet isə bu mübarizəni daha da kəskinləşdirir və radikallaşdırır. Çox şadam ki, bu çətin mübarizədə “Aran” qəzeti hələ də meydandadır, həftədə 2 dəfə oxucuların görüşünə gəlir, evlərə gedir. Əziz həmkarlar, sizin hər birinizə yaradıcılıq uğurları, işinizdə, əməyinizdə başarılar diləyirəm. Sizin sağlam duruşunuz inşallah region mətbuatına yenidən güc toplayıb arenaya qayıtmaq üçün stimul verəcək.

Əminə YUSİFQIZI,
Yevlaxda çıxan «Kür» qəzetinin baş redaktoru,
Respublikanın əməkdar jurnalisti

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər