“Aran”dan görünən zirvə


“Aran” qəzetinin tarixindən, fəaliyyətindən, burada çalışan fədakar, qabiliyyətli, peşəkarlığı ilə seçilən, nüfuzlu insanlardan söz açanda görkəmli jurnalist, mətbuat işçisi Aslan Aslanovdan danışmamaq olmaz. Azərbaycanda, onun hüdudlarından kənarda yaxşı tanınan, böyük hörmət və nüfuz sahibinə çevrilən məşhur jurnalistin zirvələrə getdiyi yol “Aran”dan başlanır desək, yanılmarıq.
Aslan Əhməd oğlu Aslanov 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub. Hələ orta məktəb illərindən onda jurnalistikaya sonsuz maraq və həvəs yaranıb. Bu istəklə də Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsinə daxil olub. O, 1975-ci ildə müvəffəqiyyətlə ali təhsilini başa vuraraq, təyinatla Ağcabədiyə göndərilib. Bacarıqlı gənc mətbuat işçisi o vaxtlar “Sürət” adı ilə nəşr edilən rayon qəzeti redaksiyasında əmək fəaliyyətinə başlayıb.
Sərdar Mehdiyev, Fazil Sarvan, Dilsuz Kazımov, Abbas Kazımov, Sədaqət Rəcəbova və sair kimi tanınmış qəzet işçiləri ilə çiyin-çiyinə çalışan gənc mütəxəssis öz yüksək bacarığı və yaradıcılıq məharəti sayəsində çox keçmədən məşhurlaşıb, qəzetin sayılıb-seçilən simalarından birinə çevrilib, xətir-hörmət qazanıb. A.Aslanovun yüksək həvəslə, peşəkarlıqla qələmə aldığı oçerk, müsahibə, reportaj, xəbər və digər publisistik yazılar rayonda oxucularının geniş marağına səbəb olub, rəhbərlik tərəfindən lazımınca dəyərləndirilib. Təsadüfi deyildir ki, Aslan müəllim bu gün də ağcabədililər tərəfindən hörmət və ehtiramla xatırlanır.
A.Aslanov sonralar müxtəlif vəzifələrdə çalışıb. Lakin mətbuatdan heç vaxt uzaqlaşmayıb, qəlbi həmişə onunla bir vurub. O, bir müddət keçdikdən sonra yenidən media fəaliyyətini davam etdirib.
Tanınmış jurnalist, media mütəxəssisi 2002-ci ildən AZƏRTACın baş direktoru, 2018-ci ildən isə Azərbaycan Dövlət İnformasiya Agentliyi idarə heyətinin sədri kimi çoxşaxəli fəaliyyət göstərir. Respublikanın əməkdar mədəniyyət işçisi, “Şöhrət” ordenli jurnalist hazırda dünyanın bir sıra mötəbər mətbuat qurumlarının rəhbərlərindən biridir. Onun ölkə mətbuatının inkişafında yüksək xidmətləri vardır. Aslan müəllim aradan uzun illər keçməsinə baxmayaraq, “Aran” qəzetini heç vaxt unutmur, onun fəaliyyəti ilə daim yaxından maraqlanır. O, həmişə qazandığı uğurlara görə, doğma qəzetə borclu olduğunu vurğulayır.
Yəhya PAŞAZADƏ

Şərhlər