İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Su zavodunun təməli qoyuldu. Vaxtilə məşhur olan İstisu suyu yenidən istehsal olunacaq və ixrac ediləcəkdir.
Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Hərbi xidmət nöqteyi-nəzərdən Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından ən çətin bölgədir. Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Təkcə keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur.
Kəlbəcər və Laçın rayonlarında davamlı olaraq yollar çəkilir, 10-dan çox tunel inşa edilir. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Bu tunel Murov dağının altından çəkilir. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən çox əhəmiyyətlidir. Qarabağ bölgəsində indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir.
Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya artıq hazırdır. Kəlbəcərin özünəməxsus füsunkar, əsrarəngiz təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa ediləcək.
Laçın rayonunda yeni hava limanı inşa edilir. Bu hava limanının tikintisinin ən çətin tərəfi Laçın rayonunda və Kəlbəcər rayonunda düz yerin olmamasıdır. Ona görə də dağlar yarılır və kəsilir ki, zolaq üçün uyğun şərait yaradılsın. Artıq 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaqdır.
Azərbaycanlı xalqı qurub-yaradan xalqdır. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə çox geniş inşaat işləri gedir. Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür – infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaqla qurtarmaz. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik.