90 yaşlı nəşr

Ağcabədi rayonunda nəşr edilən “Aran” qəzetinin 90 yaşı tamam olur. Bu yubiley ərəfəsində qəzetin təxminən 40-50 il əvvəlki dövrü yadıma gəlir. Ötən əsrin 70-ci illərinin axırı, 80-ci illərinin əvvəllərində “Aran” qəzeti “Sürət” adlanırdı və yeniyetmə vaxtlarımda mənim də ilk yazılarım məhz bu qəzetin səhifələrində çap olunmuşdu. Qəzetin o zamankı baş redaktoru Sərdar Mehdiyevi həmişə ehtiramla xatırlayıram. İndi “AZƏRtac”ın rəhbəri olan tanınmış jurnalist Aslan Aslanov o zaman bu qəzetdə çalışırdı və yadımdadır ki, mən öz şeirlərimi ona göndərmişdim. Aslan müəllim tanımaza-bilməzə 15-16 yaşlı gəncin şeirlərini həmin qəzetdə çap etdirmişdi. O şeirlərin içərisində böyük Üzeyir Hacıbəyovun xatirəsinə həsr etdiyim şeirim də vardı. O şeirim indiyə kimi yadımdadır. Şeir belə idi:

Bir çınqı alov

Böyük sənətiylə, istedadıyla,
O keçdi ən çətin, uca səddi də.
Yanaşı yazıldı “dahi” adıyla,
Dünyaya gəlibdir Ağcabədidə.

O, burda cahana açıb gözünü,
Günəşlə ilk dəfə burda görüşüb.
Böyük sənətinə Üzeyir bəyin,
Bir çınqı alov da bu yerdən düşüb.

Üzeyir bəyin xatirəsinə yazdığım bu şeir həm də mənim Ağcabədiyə ehtiramımın ifadəsi idi. Qəzetin həmin şeirin çap olunduğu nüsxələrini son illərdə gənc jurnalistlərdən biri arxivdən tapıb mənə göndərmişdi, oxuyarkən həmin günləri yenidən xatırlamışdım.
Yadımdadır, o illərdə Aslan Aslanovun, Sərdar Mehdiyevin və qəzetin digər əməkdaşlarının dəstəyi ilə tez-tez şeirlərim “Sürət” (indiki “Aran”) qəzetində çap olunurdu. Bu, gənc yazar üçün böyük stimul idi.
Əslən Ağcabədidən olan ziyalılarımızın da bir çoxu fəaliyyətə “Aran” qəzetində başlamışdılar. Tanınmış şair, əziz Ənvər Əhməd də ilk vaxtlar “Aran” qəzetində çalışmışdı və hər zaman bu qəzeti böyük minnətdarlıqla yada salırdı. Bu gün də Yəhya Paşazadə, Adil Misirli və yeni nəslin digər nümayəndələri “Aran” qəzetində çalışırlar və yeni nəsillə köhnə nəslin əməyinin vəhdətində bugünki “Aran” qəzeti uğurla fəaliyyət göstərir.
Bu gün qəzetin ətrafında istedadlı gənclər toplaşıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc yazıçı kimi Prezident təqaüdünə layiq görülmüş, “525-ci qəzet”in mütəmadi yazarlarından biri olan, istedadlı jurnalist Məhsəti Musa qəzetə rəhbərlik edir və çətin şəraitdə olan region mətbuatının inkişafı üçün uğurla çalışır. Çox şadam ki, “Aran” qəzeti bu gün regionlarda çıxan mətbu nəşrlər arasında önəmli yer tutur.
Son vaxtlarda “Aran” qəzetinin nəzdində “Aran Ağcabədi” TV-də fəaliyyətə başlayıb. Regionun problemlərinin işıqlandırılması, baş verən hadisələrin ictimailəşdirilməsi istiqamətində “Aran Ağcabədi” TV-nin də xüsusi rolu var. Bu mənada bu gün həm “Aran” qəzeti, həm də “Aran” televiziyası rayonda baş verən hadisələr, sosial-iqtisadi məsələlər, şəhidlərimizin xatirəsinin daim yadda saxlanılması, qazilərimizin problemləriylə bağlı mütəmadi məlumatlar yayırlar.
Mən “Aran” qəzetinin 90 illik yubileyi ərəfəsində bir vaxtlar bu qəzetdə çalışmış bütün fədakar jurnalistlərimizin xatirəsini hörmətlə anır, bu gün qəzeti yaşadan əməkdaşlarını təbrik edirəm. Xüsusilə də, qəzetin redaktoru Məhsəti xanıma bu çətin peşədə dözüm və şövq arzulayıram.

Rəşad Məcid

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini,
“525-ci qəzet”in baş redaktoru

 

Şərhlər