Son günlər “Ural”ın hücumçusu Mixail Ağayevin, ufa klubu ilə Rusiya premyer-liqasının bombardiri Həmid Ağalarovun, Belarusun “Qorodeya” klubunda çıxış edən Camal Dibirhacıyevin, Moskva “Veles”inin formasını geyinən dağıstanlı hücumçu Səid Əliyevin milliləşdirilərək futbol üzrə Azərbaycan milli komandasına cəlb olunacağı ilə bağlı məlumatlar dolaşır.
AFFA-nın siyahısında xeyli əcnəbi olsa da, biz sırf hücumçuların adlarını qeyd etdik ki, bu də təsadüfi deyil. Çünki forvard qıtlığı uzun illərdir Azərbaycan futbolunun ən önəmli problemlərindən biri hesab olunur. Əslində, kifayət qədər hücumçumuz var, sadəcə, onlar işinin öhdəsindən layiqincə gələ bilmir. Elə ötən ay yekunlaşan futbol üzrə ölkə çempionatında milliləşdirilmiş Əli Qurbani və Anatoli Nuriyevi də nəzərə alsaq, debüt imkanı qazanmış 17 hücumçunun cəmi 37 dəfə fərqlənməsi və onlardan 9-nun qol hesabını açmağa nail olması acı reallığı ortaya qoyur. Vaxtilə Vəli Qasımov, Nazim Süleymanov, Nazim Əliyev, Samir Ələkbərov kimi hücumçular yetişdirmiş Azərbaycan futbolu indi nə daxili birincilikdə, nə də ölkə hüdudlarından kənarda olan hücumçuları ilə öyünə bilir. Adını sadaladığımız ön xətt oyunçularının varisi hesab etdiyimiz və elə ötən ay Zaqreb “Dinamo”su ilə Xorvatiya çempionu olan Mahir Emrelinin hələ ki, ümidlərimizi doğrultmaması üzücü mənzərədir. Futbolumuzdakı hücumçu problemi yeni bir şey deyil. Bu çatışmazlığı aradan qaldırmaq üçün müxtəlif vaxtlarda İbrahim Həsənbəyov, Badri Kvaratsxelya, Leandro Qomeş, Daniel Axtyamov, Branimir Subaşiç, Murad Hüseynov, Cihan Özkara, Dəniz Yılmaz və bir çox oyunçuları milliləşdirsək də, onlar komandamıza lazımınca fayda verə bilmədi. Amma biz hələ də ümidimizi gəlmə ön xətt oyunçularına bağlamaqda davam edirik. Milli komandanın hücumçularının son seçmə mərhələdə rəqib qapılarından bir top belə keçirməməsi də vəziyyətin hansı həddə çatdığını göstərir.
Yuxarıda da qeyd etdiyimiz kimi, ölkə premyer-liqasının cari mövsümü də yerli hücumçular baxımından yaxşı keçmədi və bu durum nikbin düşünməyə əsas vermir. Cari milli çempionatın ən sərrast oyunçuları sırasına baxanda mövsümü 12 qolla tamamlayan Kadi Borgesin, ondan bir top geri qalan “Qarabağ”lılar Filip Ozobiç və İbrahima Vadjinin, “Sabah”dan Coy-Lens Mikels, “Zirə”dən Davit Volkovun və rəqib qapılarına 10 dəfə yol tapan “Neftçi”dən Tiaqo Bezerranın olması yerli hücumçuların kölgədə qalması deməkdir.
Gəlin yerli ön xətt oyunçularının sərgilədiyi oyuna nəzər yetirək.
Yerli futbolçular arasında ən sərrast hücumçu 15 oyunda 850 dəqiqə meydanda olan və 8 dəfə fərqlənən “Qarabağ”ın 20 yaşlı hücumçusu Musa Qurbanlıdır. Musanın “Qarabağ”dan komanda yoldaşı olan Ramil Şeydayevin hesabında isə 7 qol var. Yerli hücumçuların qol sıralamasında ilk üçlüyü isə 6 dəfə qol sevinci yaşamış “Qəbələ”li Ülvi İsgəndərov tutur. Son turda iki qol vuran “Sumqayıt”lı Əli Qurbaninin hesabında 5 qol var. Bundan əlavə, “Zirə”nin hücunçusu Ağabala Ramazanovun hesabında üç, “Şamaxı”dan Amil Yunanovla “Səbail”dən Rauf Əliyevin hesabında isə hərəyə iki qol var. Milli çempionatda qol hesabını açmış Mirabdulla və Mirsahib Abbasov qardaşları isə hərəyə bir dəfə fərqləniblər. Müqayisə üçün deyək ki, ötən mövsüm Azərbaycan premyer- liqasında qolvuran yerli ön xətt oyunçularının hesabında 27 top var idi. Ümumi qol sayı kimi ən sərrast yerli hücumçunun vurduğu topların sayında da cari mövsümün göstəricisi daha yaxşıdır. Belə ki, bu mövsüm “Qarabağ”dan Musa Qurbanlı 8 dəfə fərqlənibsə, ötən “futbol ili”nin ən yüksək göstəricisi 6 qol idi ki, buna da iki futbolçu nail olmuşdu. Fərq sadəcə ondaydı ki, “Zirə”nin “qol silahı” Ağabala Ramazanov bu göstəriciyə 22, “Neftçi”dən Mirabdulla Abbasov isə 23 matçda çatmışdı.
Heç şübhəsiz ki, hücumçuların xüsusən çətin duellər zamanı səhnəyə çıxması böyük əhəmiyyət daşıyır. Gəl ki, cari ölkə çempionatında top qovan yerli forvardlar bu baxımdan da istənilən səviyyədə bacarıq nümayiş etdirmir. Təsadüfi deyik ki, “yerli hücumçular kimə qol vurub” sualına cavab axtararkən xoşagəlməz mənzərənin şahidi oluruq. Yəni statistikaya nəzər salanda yerli ön xətt oyunçularının daha çox nisbətən zəif premyer- liqa təmsilçilərinə qol vurduğunu görürük. Məsələn, cari mövsümün yekunlarına əsasən ölkəmizi avrokuboklarda təmsil edəcək “Qarabağ”, “Neftçi”, “Zirə” və “Qəbələ”nin qapısına yerli forvardlar cəmi 11 top vura bilib, onlardan da “Zirə” ilə oyunda dubl edən Musa Qurbanlı istsna olmaqla heç biri bu dörd klubu 2 dəfə cəzalandıra bilməyib. Ən yaxşı halda sözügedən dörd kollektivdən ikisinin qapısına yol tapmış futbolçudan bəhs edə bilərik ki, burda da elə ən məhsuldar yerli “qol maşınları” Ramil Şeydayev və Ülvi İsgəndərovun adını çəkmək olar. Belə ki, ölkə çempionu “Qarabağ”ın hücumçusu Şeydayev “Zirə” və “Qəbələ”ni, Ramilin torunu silkələdiyi “Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov isə “Neftçi” və “Zirə”ni cəzalandırmaqla diqqət çəkib. Avrokubok təmsilçilərimizi məyus etmiş yerli futbolçulardan danışarkən, hərəyə bir dəfə olmaqla Ağabala Ramazonovun “Neftçi”ni, Rauf Əliyevin “Zirə”ni Amil Yunanovun “Qəbələ”ni, Mirsahib və Mirabdulla Abbasov qardaşlarının isə müvafiq olaraq “Qarabağ” və “Zirə”ni oyuna mərkəzdən başlamağa məcbur etdiyini vurğulayaq.
Yerli forvardların torunu silkələdiyi digər komandalar isə ölkə çempionatının medalları üçün oynamayan kollektivlər olub. Ən maraqlısı isə odur ki, ən çox qol vuran azərbaycanlı ön xətt oyunçuları da daha çox “ikinci eşelon” komandalarının qəniminə çevrilib. Siyahının ilk dörd sırasında qərarlaşan “Qarabağ”lılar Musa Qurbanlı və Ramil Şeydayev, həmçinin ilk üçlüyü qapayan “Qəbələ”nin forvardı Ülvi İsgəndərov və ondan sonra ən yüksək göstəriciyə malik olan yerli hücumçu olan Əli Qurbani turnir cədvəlinin son sırasında yer alan “Səbail”in qapısına toplamda 10 dəfə yol tapmaları bu baxımdan sıravi fakt deyil. Eləcə də yerli hücumçuların yarış cədvəlində ikinci olan “Şamaxı”nı 4, mövsümü 6-cı yerdə bitirən “Sumqayıt”ı isə 5 dəfə məyus etdiyini qeyd etmək yerinə düşər.
Göründüyü kimi, hazırda nisbətən yaxşı formada olan yerli hücumçularımız belə yüksək məhsuldarlıq nümayiş etdirmir. Onların Azərbaycan Premyer Liqasındakı əcnəbi forvardlardan geri qalması bir yana, heç bəzi yarımmüdafiəçilərdən də üstün ola bilmirlər. Məsələn, bombardirlər yarışını ən sərrast oyunçu kimi 12 qolla tamamlayan Kadi Borqes, eləcə də hesabında 11 top olan “Qarabağ”ın üzvü Filip Ozobiç, həmçinin “Sabah”ın almaniyalı futbolçusu Coy-Lens Mikels heç də hücumçu mövqeyində oynayan oyunçular deyillər. Heç ötən mövsümün ən sərrast oyunçusu olan Namiq Ələsgərov da ampulaca hücumçu deyildi. Ümid edək ki, bütün bu faktlar yerli forvardları öz üzərlərində daha çox işləməyə məcbur edəcəkdir.
Tural MƏMMƏDOV