Tam 90 ildir ki, Sözlə dolu, Sözlə yüklənmiş ağır bir karvan gəlir üzü bəri… Enişli-yoxuşlu bu Yolları yora-yora… Gələn Aran gözəlidir, “ARAN”dır gələn… bizim “ARAN”… Doğma “ARAN”!
Yarandığı gündən bu günə kimi öz səhifələrində operativ məlumatlara, ciddi Sözə, bədiiliyə ayrıca meydan ayıran, doğma rayonumuzun demək olar ki, bütün sahələrində baş verən ən son yeniliklərə işıq salan, yorulmadan, usanmadan, nə qədər çətinliklərlə rastlaşan, amma bir dəfə də büdrəməyən “Aran”… Qayğıkeş, səhifələrində hər birimizi sona qədər “dinləyən”, bizi cəmiyyətə təqdim edən, ədəbi mühitdə əlimizdən bərk-bərk yapışan, bir yeni şeirimiz, təzə yazımız olan kimi üstünə ürəklə, ərklə qaçdığımız “Aran”…
O vaxt qəzetin nəzdində fəaliyyət göstərən “Qaranquş” ədəbi dərnəyinə necə həyəcanla gəlməyimiz, qüsurlu, zəif, solğun “şeirlərimizi” oxumağımız, qəzetin o vaxtkı redaktoru və “Qaranquş”un rəhbəri Fazil Sarvan Cəfərlinin (Allah rəhmət eləsin) yarı məzəli, yarı ciddi tövsiyyələri, baməzə, duzlu söhbətləri… Bizi birləşdirən, beləcə formalaşdıran “Aran” adlı doğma ailəmiz idi. İlk şeirimin də məhz “Aran”da çap olunduğu həmin günü gözəl xatırlayıram. Son səhifədə Fazil müəllimin mənə yazdığı “Uğurlu yol” və təcrübəsiz, olduqca gənc bir oğlanın iki qəzəli… Ədəbi təxəllüsümü də mənə “Aran” verib. “Gündüz Sevindikoğlu” – bu mənim özümün etdiyim bir seçim idi. Amma ard-arda qəzetdə bu imza ilə çap olunmağım və Fazil müəllimin özünəməxsus şəkildə “Gündüz Sevindik imzası sənə də, mərhum atanın ruhuna da da çox yaraşır””- deməsi məni indiki təxəllüsümə daha da çox bağladı… “Qaranquş” – bu şeir dərnəyi əksər ağcabədili yazarın inkişafı üçün sözün əsl mənasında, yaxşı bir tramplin rolunu oynayıb. Hər həftənin bazar günləri keçirilən bu şeir dərnəyinə şairlər, yazıçılar böyük həvəslə gələrdilər. Dərnəkdə bəyənilən, təqdir olunan ədəbi nümunələr “Aran”ın səhifələrində yer alardı. Bu gün bu missiyanı “Ələk” ədəbi məclisi daha uğurla və daha geniş şəkildə həyata keçirir. Artıq 10 yaşının astanasında olan “Ələk” ədəbi məclisi nəinki rayonumuz üçün, hətta Aran-Qarabağ ədəbi mühiti üçün vacib rol oynayan ədəbi məclisdir. Hər iki şeir məclisinin əsas məqsədi isə buradakı ədəbi mühitin canlanması, xüsusən gənc yazarların üzə çıxarılması istiqamətində göstərdiyi təmənnasız xidmətdir. Bu gün “Ələk” ədəbi məclisinin demək olar ki, əksər toplantıları, görüşləri istər “Aran” qəzetinin səhifələrində, istərsə də “Aran tv”-nin efirində layiqincə işıqlandırılır. Budur doğma qəzetin, doğma telekanalın Ağcabədi ədəbi mühitinin inkişafı üçün danılmaz xidməti, danılmaz rolu! “Aran” qəzetinin nəzdində yaradılan “ARAN televiziyası, bu telekanalın efirə çıxması nəinki Ağcabədimiz üçün, bütöv region üçün, ümumilikdə Aran-Qarabağ üçün əsl mədəni inqilabdır!
O vaxt yeni müstəqillik qazanmış və müstəqillikdən sonra saysız-hesabsız tale yüklü çətinliklərlə üzləşən ölkə və ölkədə mövcud olan problemlər “Aran”dan da yan ötüşmədi. Ciddi maddi sıxıntıları ilə üzləşməsinə baxmayaraq, oxucularının görüşünə məhz bu səbəblərə görə hərdən “gecikən” qəzetimiz bütün hallarda ayaq üstə durmağı bacardı. Azərbaycanın o vaxtkı ən çətinliklərinin içindən alnıaçıq, üzüağ sırılıb çıxmağı bacardı “Aran”. Fazil Sarvan Cəfərli, Şünasif Məmmədov, daha sonra Şirxan Aranlı… Ən gərgin, ən çətin zamanlarda bu insanlardan həmişə doğmalıq, səmimilik, diqqət və qayğıkeşlik gördük. “Aran”ı yaşadan, “Aran”ı bizlərə sevdirən əsas səbəblərindən biri də məhz elə bu idi.
Ürəklə demək olar ki, bu gün doğma qəzetimiz özünün bəlkə də ən gözəl, ən çiçəklənən mərhələsini yaşayır. Rayonumuzun ziyalı simalarından biri, dəyərli şair, gözəl təşkilatçı Məhsəti Musanın rəhbərliyi və onun işgüzar kollektivinin gərgin zəhməti bahasına “Aran” qəzeti ölkədə və doğma rayonumuzda baş verən, bütün sahələri əhatə edən ən son yenilikləri, ədəbi nümunələri, eyni zamanda ən yüksək çap keyfiyyəti ilə artıq həftədə iki dəfə Ağcabədi ictimaiyyətinin görüşünə gəlir. Bu getdikcə müasirləşən doğma rayonumuz üçün ən gözəl informasiya töhvəsidir.
90 il tarix üçün, zaman üçün ola bilsin ki, adi, sıradan bir rəqəm göstəricisidir. Amma bir qəzetin etibarlı, güvənli əllərdə bu günümüzə qədər uğurla gəlib çatması və bu günlərdə qəzetin 90 illiyini təntənəli şəkildə qeyd ediməsi nəinki Ağcabədi üçün, eləcə də Azərbaycan mətbuatı üçün həqiqətən də böyük nailiyyətdir. Bu münasibətlə doğma qəzetimizi, onun zəhmətsevər kollektivini və hər bir “Aran” oxucusunu ürəkdən təbrik edir, SÖZ qədər, “Aran” qədər ömrünüz olsun – deyirəm!
Ağuşunda bizə yer verdi məhəbbətlə “Aran”,
Gur işıq saldı bizim yollara şəfqətlə “Aran”.
Doxsan illik Yolu addımladı mərdanə, mətin,
Keçdi hər səddi böyük əzmi-ləyaqətlə “Aran”…
…Ucalıb göylərə yüksəldi bu amalla başın,
Yaşa, var ol, bu müqəddəs, ulu niyyətlə, “Aran”!
Gündüz Sevindik
Şair, AYB-in üzvü