Məlum olduğu kimi, futbol üzrə Azərbaycan premyer-liqasının qalibi “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində son mövsümü Polşa çempinatında qızıl medalların sahibi kimi bitirən “Lex”lə qarşılaşacaq. Polşa çempionunun buna qədər 4-dəfə Azərbaycan klublarını avrokuboklardan kənarlaşdırması, Ağdam klubunun bu mövsüm ölkə daxilində rəqabətsiz çempion olması və heyətin tam formalaşmaması futbol ictimaiyyətini narahat edən məqamlardandır. Amma Qurban Qurbanovun komandasının xüsusən son illəri əhatə edən zəngin beynəlxalq təcrübəsi, ardıcıl 8 il qitəmiqyaslı yarşıların qrup mərhələsində çıxış etməsi “köhlən atlar”a inanların da az olmamasına zəmin yaradır. Bu baxımdan ölkənin tanınmış idman jurnalistlərinin də fikirləri az maraq doğurmur. Maraqlı olacağını nəzərə alıb, onların bəzilərinin “Qarabağ”ın “Lex”lə dueldəki şansları və avrokuboklardakı çıxışını proqnozlaşdırmalarını xahiş etdik.
Sənan Şəfizadə (ATV-nin idman şöbəsinin rəhbəri):
“Məncə, “Qarabağ” Polşa klublarına qarşı necə oynamaq lazım olduğunu yaxşı bilir. Ona görə Ağdam klubunun mərhələni adlayacağını düşünürəm. Səfər matçında heç-heçə olacağını fikirləşirəm. Bakıdakı matçda lazım olan nəticə qeydə alınacaq. “Qarabağ” son illər bizi qələbələrə öyrəşdirib. Bu il püşk bir qədər çətin rəqiblər qismət edib. Bununla belə inanıram ki qrupa qədər yol davam edəcək. Avrokuboklarda qrup mərhələsində yenidən “Qarabağ”ı görmək nəsib olacaq.”
Mehman Rəsulov (Real TV-nin şef redaktoru):
“Bu mərhələdə əlbəttə ki qələbə gözləyirik. Ən azı ona görə ki, “Qarabağ” qrup mərhələlərində oynamağa öyrəşmiş komandamızdır. Təbii ki, rəqib ciddidir. Püşk sarıdan bəxtimiz o qədər də gətirmədi. Bununla belə, əminəm ki, Ağdam klubu “Lex” səddini keçəcək.”
Sənan Abdullayev (Xəzər TV-nin idman redaktoru):
“Lex”lə oyunu “Qarabağ” üçün təhlükəli sayıram. Şəxsi fikrimə görə, bu il bütün klublarımıza ağır püşk qismət oldu. Haradan baxsaq Konfrans Liqasından Çempionlar Liqasına qayıdış artıq çətinlik deməkdir. Səviyyə fərqi gözlə görünəcək qədərdir. “Lex” Polşa çempionudur. Polşa ilə Azərbaycan çempionatları arasında fərq müzakirə edilmir. “Qarabağ”ın üstünlüyü davamlı avrokubok təcrübəsidir. Məncə, əsas təkan da bu olmalıdır. Gələk təhlükəli tərəflərə. Birincisi, “Qarabağ”ın heyətində həddindən çox milli üzvləri var idi və oyunlar gec bitdiyindən az istirahət ediblər. Bu isə psixoloji gərginlik deməkdir. Təəssüf ki, Patrik Andrade kimi çox önəmli oyunçu itirildi. Onun yerinə isə hələ də transfer yoxdur. Ümumilikdə isə “Qarabağ” üçün ilk mərhələ həmişə ağır olub. Bu isə ən ağırlardan biri olacaq. İlk oyunda hətta kiçik hesablı məğlubiyyət belə mənim üçün təəccüblü olmayacaq. Oyunun taleyinin cavab qarşılaşmasında həll olunacağını düşünürəm. Ümumilikdə ilk oyunda heç-heçə, cavabında qələbə gözləyirəm. Bütün avrokubok mərhələsinə gəldikdə isə “Qarabağ”ın bu il də qrup mərhələsində oynayacağını düşünürəm. Amma mütləq çempionlar liqasında ilk mərhələ keçilməlidir. Yoxsa çətin olacaq.”
Kənan Hakimov (İctimai Televiziyanın idman departamentinin rəhbəri):
Polşa çempionu ilə qarşılaşmada “Qarabağ”dan qələbə gözləyirəm. Həm komandanın səviyyəsi buna imkan verir, həm də “köhlən atlar” Polşa klublarına qarşı necə oynamaq lazım olduğunu bilir. Vaxtilə “Piast” və “Visla” komandalarını mübarizədən kənarlaşdırdığını unutmayaq. Məncə, bu dueldə 70 % Ağdam klubu favoritdir, amma bu heç də o demək deyil ki, “Lex”lə oyun asan olacaq. Fikirimcə, “Qarabağ” klubunun bu il püşkatmada bəxti gətirmədi. Ən azı ona görə ki, komanda hətta Polşa təmsilçisi “Lex”i üstələsə də, ikinci təsnifat mərhələsində “Sürix”lə oyun çətin olacaq. Ancaq yenə də Qurban Qurbanovun komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq şansının olduğunu düşünürəm. Sadəcə transfer məsələsində bir qədər tələsmək lazımdır. Yox, əgər Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq mümkün olmasa, “Qarabağ”ın ən azı Avroloqa və ya Konfrans Liqasının qrup mərhələsində çıxış edəcəyini düşünürəm.
Pərviz Musayev (CBC SPORT-un əməkdaşı):
Şübhəsiz, “Qarabağ”ın son illərdə müntəzəm olaraq avrokuboklarda qrup mərhələsində çıxış etməsi hər kəsdə inam yaradıb ki, Qurban Qurbanovun yetirmələri bu mövsümdə də avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanacaq. Sadəcə hamı üçün sual ondan ibarətdir ki, bu Çempionlar Liqasının, Avroliqanın, yoxsa Konfrans Liqasının qrup mərhələsi olacaq. Təbii ki, çox istərdik ki, “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsində oynasın. Düzü, komanda son illərdəki ən yaxşı dövrünü yaşadığından Ağdam klubunun ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqəni təmin etmək şansı heç də aşağı qiymətləndirilmir. Düzdü, bu məsələdə püşkün nəticəsi də az əhəmiyyət daşımır. Elə startdaca öncə Polşa “Lex”inin, ardınca isə bu cütün qalibinə İsveçrə “Sürix”inin rəqib olması bəxtimizin o qədər də gətirmədiyini göstərir. Digər tərəfdən, “Qarabağ”ın ilk mərhələlərlə müqayisədə sonrakı turlarda daha inamlı çıxış etməsi birinci təsnifat mərhələsində Qurban Qurbanovun komandasını birmənalı olaraq favorit saymağımızı əngəlləyir. Bu baxımdan futbolçular optimal formaya düşənə kimi daha zəif rəqiblə qarşılaşmaq münasib olardı. Üstəlik, “Qarabağ”ın əksər yerli oyunmuları həm əsas, həm də 21 yaşlılaradək nilli komandaya cəlb olunduğundan istirahət üçün vaxtları az oldu ki, bu da yorğunluq deməkdir. Amma buna rəğmən, Azərbaycan çempionunun “Lex” səddini adlayacağını düşünürəm. Bu həm də ona görə vacibdir ki, əgər “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırsa, yoluna Konfrans Liqasında davam etməli olacaq ki, bu da Ağdam təmsilçisinin hədəflərindən uzaqdır. Amma “Lex”ə qalib gəlsə, sonrakı mərhələdə uduzsa da, Konfrans Liqasına yox, Avroliqaya yollanacaq. Hər halda qitəmiqyaslı yarışlarda “Qarabağ”a uğurlar arzu edirəm.”
Tural Məmmədov