“Aran”la nəfəs alan jurnalist

Şünasif Məmmədovun adını çoxları yaxşı xatırlayır. O, uzun illər rayonda nəşr olunan “Sürət” qəzetində çalışıb. Həmin illərdə qəzetin fəaliyyətinin canlandırılmasında, nüfuzunun artırılmasında böyük xidmətləri olub. Təsadüfi deyildir ki, müstəqilliyin ilk illərindən “Sürət” qəzetinin (indiki “Aran”) fasiləsiz nəşr olunmasında fəaliyyətini dayandırmamasında, qəzetin redaktoru Fazil Sarvan, məsul katib Dilsuz Kazımov, çapçılar İsmayıl İsmayılov və Məhəmməd İsmayılovla birlikdə onun əməyi çox olub.

Şünasif Əli oğlu Məmmədov maraqlı bir həyat yolu keçib. O, 1952-ci ildə Ağcabədi rayonunun Təzəkənd kəndində zəhmətkeş bir ailədə böyüyüb. Məktəb yaşlarından onda jurnalistika sənətinə böyük maraq yaranıb. Əvvəlcə qəbul imtahanında uğur qazanmasa da,  bacarıqlı gənc ruhdan düşməyib. 1973-cü ildə  Azərbayacan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olub. Öz arzusuna qovuşan Ş.Məmmədov 1978-ci ildə həmin fakültəni müvəffəqiyyətlə başa vurub.

Təyinatla doğma Ağcabədiyə göndərilən gənc jurnalist burada “Sürət” qəzetində korrektor vəzifəsində əmək fəaliyyətinə başlayıb. Onun yazıları müntəzəm olaraq çalışdığı qəzetin səhifələrində işıqlandırılıb. “Sürət” qəzeti keçid dövrünün çətinlikləri ilə əlaqədar bağlanmaq təhlükəsilə üzləşib. Şünasif müəllim aldığı cüzi əmməkhaqqı hesabına qəzetin bağlanmasına imkan verməyib, gecə-gündüz yorulmadan çalışıb. O, 2006-cı ildə “Aran” qəzetinin redaktoru vəzifəsinə irəli çəkilib, 12 il bu vəzifədə layiqincə işləyib, onun yeniləşməsi üçün əlindən gələni əsirgəməyib. O, müstəqillik illərində rayonda həyata keçirilən sosial-iqtisadi, ictimai-siyasi, mədəni tədbirlərinin işıqlandırılmasında var qüvvəsini sərf edib. Şünasif Məmmədov gənclərin, xüsusilə gənc yazarların dostu kimi onların qəzetə cəlb olunmasına xüsusi diqqət yetirib.

Şünasif müəllim hazırda təqaüddədir. Lakin o, doğma “Aran” qəzetilə daim əlaqə saxlayır, onu unutmur. Qocaman jurnalist 90 illik yubiley münasibətilə “Aran” qəzetinin kollektivini səmimi qəlbdən təbrik edir, yaradıcı heyətin bütün üzvlərinə uğurlar diləyir.

Hüseyn QULUZADƏ

“Aran”ın müxbiri

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər