“Aran” qəzetinin keçmiş əməkdaşlarından söz düşəndə tanınmış jurnalist Yusif Əhmədovdan da söz açmaq lazımdır. İstedadlı qələm sahibi rayonun Salmanbəyli kəndində dünyaya göz açıb, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirib. Təyinatla Ağcabədiyə göndərilib. O, burada uzun illər “Sürət” (indiki “Aran”) qəzetində müxbir, ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Cəsarətli qələm sahibi az müddət ərzində kəskin, sanballı yazıları ilə rayon əhalisinin geniş rəğbətini qazanıb. Onun tənqidi yazıları rüşvətxorları, bürokratları, xalq malını talayanları hədəfə alırdı. Qətiyyətli yazarın qəzetdə hər çıxışı naqis adamları daim qorxuya salır, narahat edirdi.
Yusif müəllimin yazıları “Sürət” qəzeti ilə yanaşı, mərkəzi qəzetlərə də yol tapırdı. Onun maraqlı məqalələri Sovetlər dönəmində məhşur olan “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Kommunist” qəzetlərində işıq üzü görüb. Səriştəli yazar sonralar bir müddət qəzetdən uzaq düşüb. Respublika kitabsevərlər cəmiyyətinin Ağcabədi təşkilatında məsul katib vəzifəsində çalışan Y.Əhmədov bir müddət kitab təbliğatı ilə məşğul olub. Lakin o, Bakı şəhərinə köçdükdən sonra öz sevimli köhnə peşəsinə qayıdıb, “Ədalət” qəzetində çalışıb. Yusif Əhmədov burada yaradıcılıq uğurları ilə seçilib, böyük nüfuz qazanıb. Çox təəssüf ki, amansız ölüm yüksək istedadlı jurnalistin həyatına son qoyub. O, 50 yaşında ikən çox sevdiyi həyatdan, övladlarından ayrılmalı olur. Onun əziz xatirəsi bu gün də ağcabədililər arasında hörmətlə çəkilir, ehtiramla yad edilir.
Adil MİSİRLİ