Ağcabədi rayonu respublikamızın qədim yaşayış məskənlərindəndir. Burada zəngin tarixi mənbələr vardır. Bölgə ərazisində mövcud olan saysız-hesabsız təpələr, kurqanlar, tarixi abidələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Rayonun Taynaq kəndi ərazisində də təpə-kurqanlar önəmli əhəmiyyətə malikdir.
Son vaxtlar respublikamızda tarixi-mədəni abidələrin aşkarlanması, arxeoloji qazıntıların aparılması milli kimliyimizin, tariximizin öyrənilməsi istiqamətində təqdirəlayiq addımlar atılır. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu bu sahədə mühüm işlər həyata keçirir. Adıçəkilən institutun Qarabağ neolit-eniolit ekspedisiyası və Almaniya Arxeologiya İnstitutu ilə birgə Taynaq kəndi ərazisində Qarabağın Leylatəpə layihəsi çərçivəsində Canavartəpə adlanan kurqanda bu ilin iyun ayının əvəllərindən aparılan arxeoloji qazıntılar buna əyani misaldır.
Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, Qarabağ neolit-eniolit ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovun sözlərinə görə, Canavartəpə ərazisində aparılan arxeoloji qazıntılar alman arxeoloq doktor Mark İserlis ilə birgə aparılır.
Ekspedisiya heyəti 30 nəfərdən ibarətdir. Aparılan qazıntılar zamanı ekspedisiya eramızdan əvvəl IV minilliyə aid erkən yaşayış məskəninin qalıqlarını aşkar edib. Leylatəpə mədəniyyətinə aid 4 tsikli qalığı olan xalkolit, erkən və son tunc dövrünə aid qəbirlər, ocaq qurğuları, küp, müxtəlif təyinatlı maddi-mədəniyyət abidələri aşkar olunub. Alimin dediyinə görə, eramızdan əvvəl IV-I minilliklərə aid tapılan skeletlər də böyük maraq doğurur. Bütövlükdə, aparılan qazıntılar sübut edir ki, bu ərazi Qarabağın, eləcə də, Qafqazın sıx əhali yaşayan lokal mədəniyyət mərkəzlərindən biri olub. Hələ qədim dövrlərdən Ağcabədi və Ağdam ərazilərində çoxsaylı əhali məskunlaşıb.
X.Alməmmədov söhbət zamanı bunu da əlavə edib ki, qazıntı işləri geniş surətdə davam etdiriləcək, yaxınlıqda yerləşən digər təpələrdə də analoji qazıntı və tədqiqat işləri aparılacaq. Qazıntı layihəsi 5 il üçün nəzərdə tutulub.
Adil MİSİRLİ