Azərbaycanın ən qocaman mətbuat orqanlarından biri, doğma rayonum Ağcabədidə nəşr olunan “Aran” qəzeti 90 illik yubileyini qeyd edir. Ağcabədi rayonunun yaradılmasından cəmi iki il sonra yayımlanmağa başlayan qəzet ötən dövrdə rayonumuzun ictimai-siyasi, sosial-mədəni həyatını, torpağına, yurduna ürəkdən bağlı olan zəhmətkeş insanların fəaliyyətini dolğun əks etdirməklə oxucuların ən sevimli və etibarlı xəbər mənbəyinə çevrilib.
Hərfləri yeni tanımağa başladığım vaxtlardan bu qəzetdə (o vaxt “Sürət” adlanırdı) yayımlanan xəbərləri böyük həvəslə hecalaya-hecalaya oxumağım “Aran”ın qəlbimdəki dəyərini və yerini daha da artırır. Taleyin hökmü ilə jurnalistika sahəsində çalışmağım isə mənə bu gün “Aran” qəzetinin kollektivini həmkar kimi təbrik etməyin sevincini yaşadır.
Son dərəcə çətin, məsuliyyətli, lakin şərəfli bir peşədə – jurnalistikada vicdanlarının təmizliyindən güc alaraq yorulmadan çalışan redaksiyanın kollektivi qısa müddətdə böyük bir işin öhdəsindən bacarıqla gəlib. Rayonumuzun fəxri, şairə Məhsəti Musanın başçılıq etdiyi kollektiv qəzeti bu gün bölgədə ən çox oxunan nəşr kimi tanıtdıra bilib. Hazırda Aran zonasında yaşayan əhali bölgəmizin, o cümlədən Ağcabədi rayonunun həyatını əks etdirən yeniliklərlə “Aran” qəzeti ilə yanaşı, “Aran Ağcabədi” televiziyasının efiri vasitəsilə də tanış olmaq imkanı qazanıb. Onlara bu imkanı şeirləri ilə oxucuların qəlbini fəth edən Məhsəti Musa, xalqımıza görkəmli şair və yazıçılar bəxş etmiş bir nəslin nümayəndəsi Adil Misirli, tanınmış şair-publisist Yəhya Paşazadə və digər istedadlı qələm sahiblərinin çalışdıqları əzmkar kollektiv yaradır. Belə istedadlı kollektiv 90 illik şərəfli yolu, o cümlədən tanınmış şair Ənvər Əhmədin, hazırda işlədiyim Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanovun, Milli Məclisin deputatı, şair-publisist Tahir Rzayevin də bir vaxtlar “Aran” qəzetində çalışdıqları illərdə formalaşdırdıqları gözəl ənənəni layiqincə davam etdirmək missiyasının öhdəsindən uğurla gəlir.
Jurnalistikada vur-tut 15 illik təcrübəsi olan bir şəxsin 90 illiyini qeyd edən qocaman nəşr haqqında təbrik yazması çətin olduğu qədər də, qürurvericidir. “Aran” qəzetinin kollektivini həm əlamətdar yubiley, həm də qazandıqları böyük uğur münasibətilə səmimi qəlbdən təbrik edir, həmkarlarıma cansağlığı, nailiyyətlər və neçə belə yubileylər arzulayıram.
Elvin Mövsümov
Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) baş redaktoru