Bir qədər yaşlı azarkeşlər Azərbaycanda Bərdə futbolunun özünəməxsus yeri olduğunu bilir və bu bölgənin təmsilçilərinin oyunlarını yaxşı xatırlayır. Düzdür, Bərdə klubları, xüsusən də yüksək dəstədə oynayanlar daim iddialı olmayıb. Belə desək Premyer Liqada ən yaxşı göstəriciyə malik Bərdə klubu “Pambıqçı” olub. 1993-də A qrupunda 5-ci yeri tutub. Kubokda ən yaxşı nəticələri isə 1/8 finala qədər yüksəlmək olub. Bütün bunlara baxmayaraq, rəqibləri hesablaşmağa məcbur etməyi bacarıblar. Bölgənin peşəkar futboldakı son təmsilçisi isə “ABN-Bərdə” olub. Vaxtilə yüksək dəstədə oynayan komanda birinci diviziona düşəndən sonra sonuncu dəfə orada 2009/2010 mövsümündə fəaliyyət göstərib. Yəni belə desək, bir neçə il əvvəl Bərdədə futbola həvəsi olan uşaqların ümid yeri var idi. Onlar yetişib bölgənin əsas komandasında oynamağı, ordan da peşəkar futbolçu kimi formalaşmağı arzulayırdılar. Ancaq təəssüf ki, bu ümidlər puç oldu. Amma deyəsən, Bərdə bundan sonra böyük futbolsuz qalmayacaq. Ən azı mətbuatda dolaşan məlumatlar belə düşünməyə əsas verir. Hər halda Türkiyənin “Markafutbol.com” portalında Bərdədə yeni klubun yaradılacağı və həmin komandanı da türkiyəli iş adamlarının himayə edəcəyi haqda bilgilərin yer alması məsələni gündəmdə saxlamağımıza və bu istiqamətdə araşdırma aparmağımıza əsas verdi. “Markafutbol.com” saytında “Azəri klubu üçün türk sponsor” başlığı altında yer alan məlumatlara inansaq, Bərdədə yaradılacaq komandanın məşqçilər korpusunda eləcə də, klubun akademiyasında türkiyəli məşqçilər çalışacaq və həmin məşqçilərin böyük əksəriyyəti vaxtilə ölkəmizdə çalışmış mütəxəssislər olacaq.
Bu məsələnin nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək üçün apardığımız araşdırmadan sonra məlum oldu ki, klubun maliyyə dəstəkçisi olması gözlənilən şirkət Almaniyada türklər tərəfindən qurulan “Gol sportmenagement” şirkətidir. Sözügedən menecerlik şirkətinin təsisçilərindən olan Seleyman Mercan məsələyə münasibət bildirərkən bu haqda danışmağın tez olduğunu, amma belə bir əməkdaşlığın mümkünlüyünü bildirdi: “Düzü, bu haqda hansısa fikir bildirmək üçün tələsmirəm, çünki bu məsələdə heç də hər şey bizdən asılı deyil. AFFA ilə danışıqlardan sonra konkret nəsə demək olar, amma prinsipcə, bu variantın əleyhinə deyilik. Bu variant hələ keçən ildən var idi”
Kluba maliyyə dəstəyi göstərəcəkləri halda komandanın akademiyası və məşqçilər korpusunun türkiyəli mütəxəssislərə həvalə olunması məsələsinə də toxunan şirkət rəsmisi bunu istisna etmədi:”Əgər bu layihə baş tutsa, orda türkiyəli çalışdırıcıların olmasının tərəfdarıyıq. Demirəm ki, azərbaycanlı məşqçilərdən üz döndərəcəyik, ancaq türk çalışdırıcılara daha çox yer verməyi planlaşdırırıq. Ən əsası müxtəlif dövrlərdə Azərbaycanda fəaliyyət göstərən, ölkə futboluna yaxından bələd olan türkiyəli mütəxəssislərin iş başında olmasını istəyirik”
Apardığımız araşdırmalardan sonra yaradılması istisna edilməyən klubun baş məşqçisi postuna namizədlərin ayrı-ayrı vaxtlarda üç dəfə Tovuzun “Turan” komandasına rəhbərlik etmiş Naci Şensoy, artıq tarixin yaddaşına köçmüş “Xəzər Lənkəran”a rəhbərlik etmiş Cüneyt Biçer olduğu məlum oldu.
Saytımıza açıqlama verən Naci Şensoy mövzu ilə bağlı aşağıdakıları dedi: “İlk növbədə onu deyim ki, mən peşəkar məşqçiyəm və bu baxımdan mənə təkliflərin olması normaldır. Söhbət Azərbaycandan gedirsə, ikiqat təbii qarşılamaq lazımdır, çünki Azərbaycan futbolunun inkişafında pay sahibiyəm. Odur ki, adımın hallanmasına təəccüblənmirəm və yenidən ölkənizdə çalışmağın əleyhinə deyiləm.”
Digər türkiyəli mütəxəssis Cüneyt Biçər isə bizimlə söhbətində təklif alacağı təqdirdə dəyərləndirəcəyini dedi: “Hələlik ortada real bir şey yoxdur, amma əgər təklif gəlsə, dəyərləndirərəm. İnşallah, yenidən Azərbaycanda işləmək qismət olar. Niyə də yox?!”
Bərdə klubunun yeni yaradılacaq akademiyasında yerli mütəxəssilərin çoxluq təşkil etməsi planlaşdırılsa da, orda da rəhbər şəxsin türkiyəli olacağı deylir. Bu posta ən real namizəd isə vaxtilə Ağdamın “Qarabağ” klubunda akademiyanın rəhbəri olmuş Sebaheddin Tekindir.
Sabiq “Qarabağ”lı da saytımıza açıqlamasında Azərbaycana qayıtmaq istəyini gizlətmədi:”Azərbaycan qardaş ölkədir, öz evimiz kimidir. Heç bir türk orda özünü yad kimi hiss etmir. Vaxtilə Azərbaycanda yaşamış türklər üçün isə ikiqat yaxındır. Bu mənada Azərbaycana yenidən məmnuniyyətlə qayıdaram. Dediyiniz məsələ hələlik tam real olmasa da, bu yöndə işlərin getdiyini bilirəm, hələlik isə bizə gözləmək qalır. Xeyirlisi deyək.”
Bərdədə əsası qoyulması gözlənilən komandanın idman direktoru isə vaxtilə “Qarabağ”da məşqçi, “Qəbələ”də isə baş məşqçi olmuş Fatih Kavlakdır. Ölkəsində bir çox klublarda idman direktoru kimi çalışan Kavlakın son iş yeri olan “Giresunspor”dan ayrılması onun ölkəmizə gəlişini asanlaşdıra bilər. Təəssüf ki, bütün cəhdlərimizə baxmayaraq Kavlakla əlaqə saxlamaq və mövqeyini öyrənmək mümkün olmadı.
Tural MƏMMƏDOV