Ənənələrin müasirliklə səsləşməsi həm sevindiricidir, həm də qürurverici. Sevindiricidir, ona görə ki, tariximiz yaşayır. Qürurvericidir o səbəbdən ki, gələcəyimizə doğru gedən yolun etibarlı təminatı var. Ağcabədinin “Aran” qəzeti də eyni missiyanı daşıyan kütləvi informasiya vasitələrimizdəndir.
Qəzet nə az, nə çox düz 90 yaşındadır. Bəli, həftədə iki dəfə üç min tirajla işıq üzü görən bu nəşr tarixi mətbu ənənələri qoruyaraq müasirliyi yaşam devizinə çevirməsi ilə fərqlənir. Özünün aktiv internet saytı, youtube kanalı var. Kifayət qədər oxucu və izləyici auditoriyasına malikdir. Hesab edirəm ki, 90 yaşın ən böyük mükafatı da elə budur.
“Aran” qəzetinin əməksevər kollektivini nəşrin 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, sevinclərinə qoşuluram. Həm də ona görə sevinirəm ki, “Aran” qəzetinin simasında bölgə mətbuatımız yaşayır və cəmiyyət üçün vacibliliyini sübuta yetirməyi bacarır. “Aran”dakı həmkarlarıma bu yolda yeni-yeni uğurlar arzulayıram.
Əflatun AMAŞOV
Azərbaycan Mətbuat Şurasının sədri